RU

“Qarabağ”ın “qol maşını”na nə olub?

Avropa Liqasında mübarizə aparan “Qarabağ” Liqa mərhələsində ilk qələbəsini “Bodo Qlimt” üzərində qazanıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu bu mərhələdəki ilk xallarına sevinsə də, komandanın ən yaxşı bombardiri Olavio Juninyonun qol həsrəti davam edib.

Braziliyalı hücumçu Norveçdəki görüşdə bir neçə qol imkanı əldə etsə də, yenə fürsətləri sağa-sola xərcləyib. Hərçənd Juninyo “Qarabağ”a daha asan qələbə və matçı rahat məcrada bitirməyi təmin edə bilərdi.

Amma forvard ardıcıl 5-ci oyunda meydanı qolsuz tərk edib. Olavio sonuncu dəfə oktyabrın 3-də “Malmö” ilə evdəki matçda (1:2) rəqib qapısına yol tapıb.

Sonrakı 36 gündə Avropa Liqasında “Ayaks” (0:3), “Bodo Qlimt” (2:1), Premyer Liqada “Sumqayıt” (1:0), “Kəpəz” (5:0) və “Turan Tovuz”la (0:0) görüşlərdə cənubi amerikalı qol vura bilməyib.

Əslində, ortabab hücumçu üçün 5 oyunluq susqunluq sayılar. Amma Juninyo daha yüksək bombardirlik keyfiyyətlərinə malikdir. O, ölkəmizə gəldiyi gündən “qol maşını”nı xatırladır. Bu üzdən bu “maşın”ın ani fasilə verməsi belə diqqət çəkir.

5 oyun qol vurmamaq Juninyonun “Qarabağ” karyerasında antirekordun təkrarıdır. O, bunadək ən pis halda və yalnız bir dəfə ardıcıl 5 matçda fərqlənməyib.

“Qarabağ”a gəldiyi gündən rəqibləri top atəşinə tutan sambaçı elə bir müddət əvvəl – “Lüdoqorets”lə Bolqarıstandakı matçdan (7:2) sonrakı beş görüşdə azarkeşləri sevindirməmişdi. Ümumiyyətlə braziliyalı hücumçu həmin səfərdən sonrakı 14 matçda iki beşoyunluq seriya yaşayıb və cəmi 2 qol vurub.

Maraqlıdır ki, o, Bolqarıstan səfəri də daxil olmaqla həmin vaxtadək ardıcıl 10 oyunun 9-da qol vurub. Hədəfi həmin qarşılaşmadan sonra itirməyə başlayan forvard “Qarabağ”da keçirdiyi 75 görüşün 34-də qol sevinci yaşayıb. O, bu oyunlarda 40 dəfə fərqlənib.

Qeyd edək ki, Olavio Ağdam klubundakı ilk qolunu artıq 3-cü oyununda vurmağı bacarıb.

Vüqar Xeyrullayev
İdman.biz

Избранный
13
idman.biz

1Источники