RU

Goranboyda 8 Noyabr - Zəfər Günü qeyd edildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının və Milli Məclisin deputatı Bədəl Bədəlovun təşəbbüsü, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Bədəl Bədəlov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinə inşa edilmiş xatirə-abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, Vətən müharibəsi zamanı qazandığımız tarixi Zəfər xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini nümayiş etdirir. O, xalqın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyini vurğulayıb.

Milli Məclisin deputatı Bədəl Bədəlov bildirib ki, Zəfər Günü Azərbaycanın müasir tarixində mühüm bir yer tutan və 2020-ci ildə 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasını qeyd edən xüsusi bir tarixdir. Bədəl Bədəlov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra bölgədə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb, bu da ölkənin iqtisadi inkişafı və yeni layihələrin həyata keçirilməsi baxımından mühüm rol oynayır.

Milli Qəhrəman Saleh Həsənovun atası Valeh Həsənov 2020-ci ilin sentyabrın 27-dən başlanan, işğal altında olan ərazilərimizin qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu bildirib. O, ötən ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatları ilə dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızın dalğalandırılmasının qürurverici bir an olduğunu bildirib.

Daha sonra 8 Noyabr - Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Goranboy Rayon Mədəniyyət Mərkəzinin konsert proqramı ilə davam etdirilən tədbirdə vətənpərvərlik mövzusunda mahnılar və zəfər nəğmələri səsləndirilib.

Избранный
4
1
unikal.az

10Источники