RU

Daha heç kimin şübhəsi olmasın, Qurban Qurbanov bu işi yaxşı bacarır!

“Qarabağ” Avropa Liqasının əsas mərhələsində ilk qələbəsini Norveçdə qazandı.

Təmsilçimiz “Bodo Glimt”i 2:1 məğlub edərək 3 xalı aktivinə yazdırdı.

Zəfəri daha dəyərli edən isə Zəfər Günün daxil olmasına saniyələr qalmış tarixə keçməsi oldu.

Ümumiyyətlə, Qurban Qurbanovun komandası Azərbaycan üçün önəmi böyük olan tarixlərdə xalqımızı sevindirməyi yaxşı bacarır.

Avropa arenasındakı uğurlu eranın başlanğıcı hesab edilən “Rusenborq”la matç Ağdamın işğal olunduğu günə təsadüf etmişdi. 23 iyul tarixində keçirilən görüşdə Rəşad Sadıqovun qolu o dövrün güclü kollektivlərindən birinin Bakıda məğlub edilməsinə bəs etmişdi. Doğma yurdun həsrəti ilə yaşayan ağdamlılar üçün belə tarixi qələbə mənəvi baxımdan çox lazım idi.

4 il əvvəl Polşanın fəth olunması da yerinə düşmüşdü. Söhbət Vətən Müharibəsinin 5-ci gününə təsadüf edən “Legiya” “Qarabağ” oyunundan gedir. Bütün ölkə cəbhədən gələn xəbərlərə səfərbər olunmuşdu. Torpaqlarımızın düşmən işğalından azad olunması xəbərlərini böyük fərəh hissi ilə alırdıq.

Ordumuz döyüş meydanında Qarabağın zəfər tarixini yazdığı günlər hər kəs qələbə ruhiyyəsinə bürünmüşdü.

Belə ortamda futbol meydanında məğlub olmaq “Köhlən atlar”a yaraşmazdı. Və “Qarabağ” da öz adına yaraşanı etdi. Bu dəfə “Legiya” kimi böyük klub Avropanın gözü önündə, özü də doğma meydanında darmadağın edildi – 3:0.

Təbii ki, bu qədər təsadüf ola bilməz. İşin sirri Qurban Qurbanovda gizlənir. Axı futbol təkcə taktika yox, həm də psixologiya mübarizəsidir.

O, hər fürsətdə Qarabağ adının onlardakı məsuliyyəti birə beş artırdığını boşuna səsləndirmir. Həm də belə günlərdə futbolçularına xüsusi motivasiya verir. Qələbənin iki qat əhəmiyyətli olmasını onlara çatdırır. Yetirmələri də hər dəfə onun tələbini meydanda maksimum icra etməklə reaksiya verir. Artıq proses ənənə halını alıb.

Arzu edə ki, Norveçdə əldə edilən uğur bu baxımdan axarıncı olacaq. Axı qələbələr bu xalqa, bu ada çox yaraşır!

XANOĞLAN İMANOV

Избранный
25
sportinfo.az

1Источники