RU

“Köhnə çamadanlar”ın Ankara premyerası oldu » AzadMedia.az



Xəbər verdiyimiz kimi, 8 noyabr – Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olundu.
Belə ki, noyabrın 6-da “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutdu.
Nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Port Baku”, “Kraton clinik” və digər təşkilatların dəstəyi ilə reallaşdı.
“Qadın, sülh, zəfər” adı altında keçirilən və ölkəmizin Qarabağ zəfərini ehtiva edən zəngin proqramlı tədbirdə türkiyəli fırça ustalarının rəsm əsərləri də sərgilənirdi.
Tədbirin rəsmi hissəsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnlərinin səsləndirilməsi ilə başladı.
Türkiyənin dövlət və parlament təmsilçiləri, sənət, mədəniyyyət xadimləri, eləcə də orada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri iştirak etdiyi mərasimdə “Köhnə çamadanlar” filmi haqqında geniş məlumat verildi.
Bildirildi ki, Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirən film müharibədən, Zəfərdən sonra qısa zamanda (2021) istehsal olunub və geniş tamaşaçı auditoriyasının ixtiyarına verilib.
Ekran əsəri Azərbaycanda 4 dəfə premyera edərək paytaxt Bakıda, Naxçıvanda və Şamaxıda izləyicisi ilə görüşüb.
Vurğulandı ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.
"RS Production"un istehsalı olan filmdə Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar.
Mərasimdə çıxış edən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının sədri Gürsel Baran, MHP sədr müavini, professor Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, “Qazi” Universitetinin prorektoru, professor Hasan Tezer və Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman Türkiyə Azərbaycan qardaşlığı, iki dövlər arasındakı tarixi əlaqələrə toxundular.
Azərbaycanın haqq savaşındakı mübarizəsi və tarixi zəfərindən danışdılar, qələbənin növbəti ildönümü münasibətilə xalqımızı təbrik etdilər.
Dövlət başçısı İlham Əliyevin, güclü və müasir Azərbaycan ordusunun, mübarizə ruhunu, qələbəyə inamını bir an belə itirməyən Azərbaycan xalqının sayəsində qazanılan bu qaləbənin bütün türk dünyasını sonsuz sevincə qərq etdiyini dedilər.
Çıxışçılar bu filmin Qarabağ mübarizəsinin zəfər rəmzinə çevrildiyini, müharibəyə məcburən cəlb edilmiş sülhsevər Azərbaycan xalqının, onun qadın və uşaqlarının, əslində, dinc insanlarının savaşın ağır sınaqları qarşısındakı mətanətlə mübarizəsinin kinematoqrafik fadəsi olduğunu dedilər, filmin rejissoru S. Haqverdiyevaya, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.
Anşlaqla keçən nümayişin ardınca çıxış edən filmin rejissoru S. Haqverdiyeva qəlbində Azərbaycan sevgisi ilə gecəyə qatılan Aygün Attar, Sanem Arıkan, Gürsel Baran, Mevlüt Karakaya, Serkan Bayram, Hasan Tezer və Hilmi Yaman başda olmaqla hər kəsə təşəkkürünü bildirdi, filmin hazırlanma prosesindən söz açdı.
Gecənin sonunda ekran işinin yaradıcı heyətinin bir qrupuna təşkilatçılar tərəfindən plaketlər təqdim olundu.

Həmidə Rüstəmova,
"RS Production"un mətbuat katibi


Избранный
4
7
azadmedia.az

8Источники