RU

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Aznews.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.

1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident, həmçinin, Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Избранный
89
1
aznews.az

10Источники