RU

İsrail hökumətində MÜHÜM DƏYİŞİKLİK: Müdafiə naziri niyə istefaya göndərildi? - AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib. Baş nazir buna səbəb kimi aralarında yaranan fikir ayrılığını göstərib. Vəzifədən ayrılandan sonra açıqlama verən keçmiş nazir isə fikir ayrılığının səbəbinin girovların azad edilməsi ilə bağlı olduğunu bildirib. Qalantın fikrincə, əsrlər azad edilə bilər, ancaq bunun üçün İsrail ağır bədəl ödəməlidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Qalant keçmiş hərbçi və kifayət qədər radikal siyasətçidir:

 

“O, 2008-2009-cu illərdə Qəzza zolağında HƏMAS-a qarşı “Çuqun” əməliyyatının rəhbəri olub. Məhz bu əməliyyat nəticəsində İsrail ordusu təşkilata çox zərbə vurub, hərbi komandanlığın əksər üzvlərini sıradan çıxarıb. Qalant fələstinlilərə qarşı nifrət bəsləyir və onlarla bütün növ danışıqlara mənfi baxır. Keçmiş nazir İordan çayının qərb sahillərində yəhudi yaşayış məskənlərinin salınmasının qızğın tərəfdarı idi və 2015-ci ildə 475 min fələstinlinin qaçqın vəziyyətinə salınmasına səbəb olmuşdu. ABŞ-də prezident seçkiləri ərəfəsində Netenyahunun Müdafiə nazirini istefaya göndərməsi bəzi sualların meydana çıxmasına səbəb olmuşdu. Qalant radikal siyasətin tərəfdarı idi, sülh danışıqlarına qarşı çıxırdı. Onu danışıqlara meyilli olan xarici işlər naziri İsrael Katzın əvəz etməsi isə onu göstərir ki, Netenyahu hökuməti HƏMAS-la danışıqları bərpa edə bilər”.

 

Ekspert qeyd edib ki, İsrail Qəzza zolağında mühüm uğurlar əldə edib, HƏMAS-a ciddi zərbələr endirib, rəhbərliyini demək olar, sıradan çıxarıb:

 

“İndi əsas məsələ həmin ərazilərdə möhkəmlənməkdir. Qalant İrandan daha çox HƏMAS və “Hizbullah”la mübarizənin tərəfdarıdır. Ancaq Netenyahu proksi- qüvvələrlə məsələni həll edib əsas diqqəti İrana yönəltməyi hədəfləyir. Netenyahu üçün Qalant müharibə dövrünün kadrıdır. Ancaq sülh müqaviləsi və daha uzun hədəfli müharibə üçün görünür, onunla əməkdaşlıq mümkün deyil. İsrailin əsas məqsədi ABŞ-ni İrana qarşı mübarizəyə cəlb etmək və Körfezdə yerləşən ABŞ bazalarından İran əleyhinə istifadə etməkdir. Xarici işlər nazirinin Müdafiə nazirliyinə gətirilməsinin məhz Pentaqonla münasibətlər, həmçinin “Hizbullah” və HƏMAS-la aparılacaq danışıqlara görə olduğu aşkardır”.

 

Siyasi şərhçi bildirib ki, Qalantın istefaya göndərilməsi İsraildə keçiriləcək parlament seçkilərində hazırkı Baş nazir Benyamin Netanyahunun şansını azalda bilər:

 

“Hazırkı hökumət məhz fələstinli qruplara qarşı radikal siyasət səbəbi ilə İsrail əhalisindən dəstək görür. Netanyahunun yumşalma siyasəti bu qrupların qəzəbini çəkə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, Qalantın dini-millətçi dairələrlə yaxın münasibəti var. Onun vəzifədən azad edilməsi bu millətçi qrupları məyus edib. Görünür, ABŞ-dəki seçkilər İsrail siyasətinə də təsir edib və Netanyahu artıq sərt xətti bir qədər yumşaltmağı hədəfləyir”.

 

Türkan

 

Избранный
12
1
sfera.az

4Источники