RU

Paçu Lira: "Layiq olduğumuz yerdə deyilik"

“Kəpəz”in hücumçusu Paçu Lira apasport.az saytına müsahibə verib.

- “Sabah”a qarşı matç haqda fikrin necədir? Rəqibiniz güclü komanda olsa da, məğlub olmadınız. Matçı necə şərh edərdin?

- Çox çətin və fiziki cəhətdən güc tələb edən matç oldu. Lakin biz güclü komandaya qarşı mübarizə aparıb evimizə bir xal götürə bildik. Bu da sevindirici haldır. Çünki “Sabah” həqiqətən güclü komandadır və onların necə oynadığını bilirdik. Yaxşı hazırlaşıb, yaxşı mübarizə aparıb xal qazandıq. 

- “Neftçi”ni məğlub etdiniz, "Sabah"la bərabərə qaldınız. Bu, demək olar ki, "Kəpəz"in gücünü göstərir. Sadəcə turnir cədvəlində son pilləsindəsiz. Layiqli yerdə deyilsiz?

- Bəli, mütləq belədir. Biz layiq olduğumuz yerdə deyilik. “Kəpəz” bu günkü gündə qələbə qazanmaq və bu vəziyyətdən çıxmaq üçün alışıb-yanır. Bilirik ki, hər oyunda komanda olaraq daha da güclənirik və doğru yoldayıq. İnanıram ki, hər şey daha da yaxşı olacaq.

- Necə düşünürsən, “Kəpəz” Premyer Liqada qala biləcək? Bunun üçün hər cür şərait və gücünüz var?

- Əminəm ki, Premyer Liqada qalacağıq. Çünki bunu çox istəyirik. Üstəlik, biz bunun üçün çox çalışırıq. Zəhmətimizin qarşılığını alacağıq. Mütləq ki, belədir. Zəhmət qarşılıqsız qalmır.

- Azər Bağırovun gəlişindən sonra "Kəpəz"də nə dəyişib? 

- Baş məşqçimiz bizə tam olaraq güvən verir. Çətin günlərdə mühiti işıqlandırmağı bacardı və bu, kollektiv üçün çox vacibdir. Şadam ki, komandamız yaxşı nəticələr əldə edə bilir. 

- “Turan Tovuz”da qalmadın, oradan ayrıldın. Demək olar ki, “Kəpəz”də özünü tapmısan? Özünü bu klubda xoşbəxt hiss edirsən? Səncə, qollarını vura biləcəksən, yoxsa çox çətindir?

- Bəli, mən “Kəpəz”də xoşbəxtəm. Qollar təbii ki, gələcək. Bu, mənim üçün başlanğıcdır. Mən komanda yoldaşlarımı daha yaxından tanıyıram. Onlar məni tanımağa başlayırlar və hər oyunda münasibət yaranmağa başlayır. Hansısa formada komandaya kömək etməyi bacarmışam. Buna görə xoşbəxtəm.

- “Kəpəz” sonuncu pillədədir, "Səbail"dən bir xal geridəsiniz. Səncə, "Səbail"i qabaqlaya biləcəksiz?

- Premyer Liqada hər şey ola bilər. Hər oyun çətindir. İşimizi böyük təvazökarlıqla davam etdirəcəyik. Yaxşı yoldayıq.

- Fasilədən sonra "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Onlar bu mövsüm çox yaxşı irəliləyir. Səncə, "Araz-Naxçıvan"ı məğlub etmək mümkün olacaq?

- Bəli, “Araz-Naxçıvan” yaxşı formadadır. Özlərinə inamları var. Amma biz oyundan-oyuna artırırıq. Belə davam etmək istəyirik. Ona görə də gözəl oyun gözləyirəm. Həmin oyuna hazırlaşacağıq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq.

Qurban Qurbanov: “Oyundan məmnun deyildim”

Millimizin heyətində dəyişiklik edilib

Rəşad Sadıqov: “Bununla bağlı toplantılar keçiririk”

“Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB

Coşqun oynadı, komandası zirvəyə yüksəldi

Избранный
23
apasport.az

1Источники