RU

"Qarabağ"ın açılan BƏXTİ

Nəhayət, "Qarabağ" Avropa Liqasının əsas mərhələsində ilk qələbə sevincini yaşadı.

Son aylar klubun düşdüyü uğursuz gedişatı sonlandırmaq üçün çox əhəmiyyətli qalibiyyət oldu.

Ağdam klubu süni meydan, soyuq hava, uzaq səfər, 5 oyunluq məğlubiyyət seriyasına rəğmən ortaya iradə qoya bildi.

Ağır səfərdə böyük cəsarət göstərdi. 90 dəqiqə hər top uğurunda mübarizədə futbolçular təkcə ayağını yox, hətta başını belə meydanda qoymağa hazır olduğunu göstərdi. Buna görə Qurbanov başda olmaqla bütün kollektivə alqış düşür.

Amma komandamızın qələbəsində bir amil xüsusi rol oynadı. Şans!

Məhz şansımız gətirdi ki, "Bodo Qlimt" çoxsaylı qol fürsətlərini sağa-sola xərclədi. Xüsusilə ikinci yarının startında hamımızın ürəyi ağzına gəldi. Başımızı az tutmadıq.

Toralın, Zubirin belə zərbələri bəlkə 10 cəhddən biri qapıdan keçərdi ki, o da bu matça təsadüf etdi.

"Qarabağ" məğlub olduğu 5 oyunda Norveçdəkindən daha yaxşı oynadığı qarşılaşmalar az olmayıb. Sadəcə həmin matçlarda şans "Qarabağ"dan üz döndərmişdi. Yəqin ki, son cümləni oxuyanda mənim kimi hər kəsin ağlından Zaqrebdə, Londonda qaçırdığımız çoxsaylı qol fürsətləri lent kimi keçdi.

Bəli, futbolda taktika-texniki hazırlıq, psixoloji durum vacibdir.

Amma bir o qədər vacib olanı şansın da sənin yanında olmasıdır.

"Qarabağ"ın son avrokubok görüşlərində ən çox sıxıntı çəkdiyi məqam məhz bu idi.

Yaxşı oynayırdı, fürsətləri sıraya düzürdü, amma keyfiyyətə çevirə bilmirdi.

Norveçdə bu sarıdan "köhlən atlar"ın bəxti açıldı.

İnanaq ki, bu zəfər növbəti qarşılaşmalardakı uğurun açarı olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Избранный
25
sportinfo.az

1Источники