RU

İqlim böhranının həllində təhsilin rolu

Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edir. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. İqlim tədqiqatçılarının da iştirak etdiyi tədbirin əsas məqsədi dünya ölkələrində karbon emissiyalarını azaltmaq, ekoloji tarazlığı qorumaq və təmiz texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafı təmin etməkdir.

İqlim böhranının həllində təhsilin rolu misilsizdir. Son illər ölkə təhsilində iqlim dəyişikliklərinə və ekoloji biliklərə diqqət artıb. Ümumtəhsil məktəblərdə ekologiya, ətraf mühitin qorunması, iqlim böhranı kimi məlumatlar tədris proqramlarına daxil edilib. COP29-un təsiri ilə şagirdlərin bu istiqamətdə ixtisaslaşmalarına həvəs artacaq. Bu yaxınlardan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Real TV”yə müsahibəsində bildirmişdi ki, növbəti tədris ilində COP29-a görə bu yöndə olan ixtisaslara maraq çoxaldığından keçid balları arta bilər: “İxtisas seçiminin balları hər ilin trendlərinə görə dəyişə bilər. Məsələn, bu il COP29 seçim edən abituriyentlərin marağına səbəb ola biləcəyi üçün ekologiya ilə bağlı ixtisasların balı arta bilər”.

Nəzərə alsaq ki, təhsil geniş spektrli sahədir və iqlim problemlərini bu sistemlə gündəmə gətirmək daha faydalı olardı. Bakıda keçirilən COP29 tədbirinin iştirakçısı – Cibuti Qeyri-Kommersiya Təşkilatının nümayəndəsi Amina Idan Paul da bu qənaətdədir. O bildirdi ki, iqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik: “Məhz bu səbəblərdən COP29-da iştirak etdiyim üçün çox həyəcanlıyam. Çünki iqlim dəyişikliyindən, xüsusilə, Afrikada zərər görən insanların sayı artır. Buna görə də danışıqların nəticəsi məni olduqca həyəcanlandırır”.

Dünən COP29 tədbirləri çərçivəsində Türkiyənin Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu “İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü” panel müzakirəsində bildirdi ki, universitetlər gələcək nəslin iqlim fəaliyyətinə münasibətini, yanaşmasını dəyişdirməkdə və təhsil müəssisələrini ruhlandırmaqda həlledici rol oynayır: “Biz təkcə gənc nəsli öyrətmək üçün deyil, həm də onları ruhlandırmaq, iqlim dəyişikliyi, ekoloji problemlərin fəal tərəfdarları, müdafiəçiləri olmaq, onlara güc vermək üçün buradayıq. Çox vacib olan ilk şey anlayış yaratmaqdır. Biz davamlılıq savadlılığına, həqiqətən, böyük əhəmiyyət veririk. Bu, təkcə tələbələrimiz üçün deyil. Biz kampusdan kənara da çıxırıq, ictimaiyyəti maarifləndirməyə çalışırıq”.

Qeyd etmək yerinə düşər ki, COP-29-un ölkəmizdə keçirilməsinin vacibliyinə toxunmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova jurnalistlərə açıqlamasında demişdi ki, rəhbərlik etdiyi universitetin tələbələri də bu hərəkata qoşularaq, kurs layihələri vasitəsilə COP ideyalarını əks etdirir, yayır, ekoloji və iqlim dəyişikliklərinə qarşı mübarizəni başa düşür və öz ideyalarında ifadə edirlər.

Azərbaycanda COP29-un təhsil sahəsində tətbiqini dəstəkləyən əsas məqamlar arasında iqlim təhsilinin tədris proqramlarında geniş yer tutması və şagirdlərin ətraf mühitlə bağlı daha dərindən məlumatlandırılması ilə yanaşı, yenilənə bilən enerji mənbələri, tullantıların idarə olunması, su və hava keyfiyyəti kimi mövzuların tədris edilməsidir. Təhsil eksperti Kamran Əsədov hesab edir ki, təhsildə belə yanaşma gələcək nəsillərin iqlim böhranına qarşı həssas, məlumatlı və məsuliyyətli fərdlər kimi yetişdirilməsinə şərait yaradacaq.

COP29-un uğurları Azərbaycan təhsilində rəqəmsal texnologiyaların tətbiqinin artırılması üçün də təkan ola bilər. Rəqəmsal texnologiyalar vasitəsilə iqlim dəyişiklikləri və ətraf mühit problemləri barədə interaktiv və əhatəli dərslər vasitəsilə şagirdlər təkcə nəzəri bilikləri deyil, həm də virtual laboratoriyalar, interaktiv xəritələr və simulyasiyalar vasitəsilə real iqlim dəyişikliklərinin təsirlərini öyrənə bilərlər. Kamran Əsədov qeyd etdi ki, COP29 ölkəmizdə həm də STEAM təhsilinə böyük töhfə verəcək. Azərbaycan məktəblərində bu sahənin inkişaf etdirilməsi ilə şagirdlər təkcə təbiət elmləri sahəsində biliklər əldə etmir, həm də iqlim dəyişikliklərinə dair problemləri həll etməklə innovativ yanaşmaları inkişaf etdirirlər.

Təhsil eksperti Ramin Nurəliyev isə bildirdi ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi xarici tələbələrin yerli universitetlərimizdə təhsil almasına müsbət təsir göstərəcək. Belə ki, tədbirə gələn xarici ölkələrin rəsmi nümayəndələri Azərbaycanla, həmçinin təhsil sahəsində əməkdaşlıq etmək istəyəcəklər. Təhlükəsiz bir dövlətdə təhsil almaq istəyən xarici tələbələr üçün Azərbaycan universitetləri əlverişli bir seçim olacaq.

Göründüyü kimi, iqlim məsələləri təhsil vasitəsilə geniş imkanlar yaradır, həm də elmə əlavə impulslar gətirir.

Rizvan FİKRƏTOĞLU
XQ

Избранный
39
xalqqazeti.az

1Источники