RU

Qazaxıstan COP29-un keçirilməsində Azərbaycanı fəal dəstəkləyir - Zülfiyyə Süleymenova

Qazaxıstan COP29-un keçirilməsində Azərbaycanı fəal dəstəkləyir.

Olaylar.az xəbər verir ki,bunu Trend-ə Qazaxıstan Respublikasının prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova Bakıda keçirilən COP29 konfransı çərçivəsində bildirib.

"COP29 region üçün iqlim dəyişikliyi ilə mübarizədə öz fəallığını nümayiş etdirmək üçün bənzərsiz bir fürsətdir. Ümid edirik ki, bu tədbir ekoloji problemlərin həllində fəal iştirak edən bölgələr üçün iqlim riskləri və imkanları barədə məlumatlılığın artırılması istiqamətində mühüm addım olacaq", - deyə o qeyd edib.

Zülfiyyə Süleymənova Qazaxıstan və Azərbaycanın iqlim təşəbbüsləri çərçivəsində birgə fəaliyyətinin inkişaf edəcəyinə və hər iki ölkə üçün müsbət nəticələr verəcəyinə əminliyini bildirib.

"Qazaxıstan və Azərbaycan artıq yüksək əməkdaşlıq səviyyəsinə çatıb, lakin hər iki tərəf əməkdaşlığın genişlənməsi üçün yeni yollar axtarır. Bu kontekstdə mövcud təşəbbüsləri dəstəkləməkdən əlavə, qarşılıqlı layihələr üçün yeni istiqamətləri müəyyənləşdirmək də vacibdir", - deyə o əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
2
olaylar.az

4Источники