Yaponiyada enerji, maliyyə, investisiya və kommunikasiya sektorlarında xidmətlər göstərən SoftBank Group (SBG) maliyyə ilinin birinci yarısı üçün balans hesabatlarını dərc edib.
Marja xəbər verir ki, şirkət cari maliyyə ilinin aprel-sentyabr dövründə 1 trilyon yen (6,5 milyard dollar) xalis mənfəət əldə edib.
Sözügedən ən son balans hesabatına əsasən, SoftBank Group son üç ildə ilk dəfə mənfəət əldə edib.
2023-cü maliyyə ilin aprel-sentyabr dövründə SoftBank 1,41 trilyon yen (9,15 milyard dollar) məbləğində xalis zərər açıqlamışdı.
Şirkətin 2024-cü maliyyə ilinin birinci yarısında xalis mənfəətə keçməsinə investisiya portfelindəki səhmlərin qiymət artımı və yapon yeninin dövri olaraq bahalaşması təsir edib.
2024-cü ilin aprel-sentyabr dövründə şirkətin satış gəlirləri keçən illə müqayisədə 7,5 faiz artaraq 3,47 trilyon yen (22,5 milyard dollar) təşkil edib.
SoftBank, 2025-ci ilin martında başa çatacaq 2024-cü maliyyə ili üçün proqnozlarını açıqlamayıb.