RU

Braziliya bu gün NDC-nin tam versiyasını Saymon Stilə təhvil verəcək

Braziliya bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilə ölkənin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) tam versiyasını təqdim edəcək.

Olaylar xəbər verir ki, bu barədə Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva COP29 çərçivəsində keçirilən "COP sədrlikləri "Troyka"nın yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbir zamanı bildirilib.

"Braziliya Paris Sazişinə sadiqliyini təsdiqləyir. Bu gün biz UNFCCC-nin İcraçı katibi Saymon Stilə Braziliyanın milli səviyyədə müəyyən edilmiş töhfələrin tam versiyasını təqdim edəcəyik. Bu sənəd Braziliyanın 2035-ci ilə dair baxışlarını, habelə məqsədlərimizə çatmaq üçün zəruri hesab etdiyimiz siyasət və tədbirləri əks etdirir", - deyə M.Silva qeyd edib.

Qeyd edək ki, "Troyka" ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
1
olaylar.az

2Источники