RU

Yadullayev Macarıstana biabırçı məğlubiyyəti şərh etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) baş məşqçisi İlham Yadullayev Macarıstana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, U-17 millimiz bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

6-cı qrupun 1-ci turu çərçivəsində Rumıniyada keçirilmiş oyun yığmamızın 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan yığmasının baş məşqçisi İlham Yadullayev oyundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Rəqib güclü komanda idi. Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq. Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu. Bu, matçın gedişatına da təsir göstərdi. Oyunu çevirməyə, hücumlarda çox iştirak etməyə çalışdıq. Ancaq həmin anlarda üçüncü qolu buraxdıq. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol imkanları da yaradırdıq. Təəssüf ki, rəqib əks-hücumdan dördüncü qolu vurdu. Ümumilikdə uşaqlar yaxşı oyun nümayiş etdirməyə çalışdılar. Macarıstanla görüşü yaddan çıxarıb, qarşıdakı iki matça hazırlaşacağıq. Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Həmin qarşılaşmada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 millimizin Yunanıstanla oyunu noyabrın 16-da Rumıniyanın “Tunari” stadionunda keçiriləcək. Bu matça Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Избранный
36
5
arena.az

10Источники