RU

Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib.

Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı, dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir.

“The Lancet” elmi jurnalında dərc edilən məqaləyə əsasən, son vaxtlar dünyada şəkərli diabet xəstələrinin sayı 800 milyonu keçib ki, bu da 1990-cı illə müqayisədə 4 dəfə çoxdur.

London İmperial Kollecinin (Böyük Britaniya) professoru Məcid Ezzatiki bildirib ki, aşağı və orta gəlirli ölkələrdə şəkərli diabetin müalicəsində irəliləyiş faktiki olaraq dayanıb, diabetlə yaşayan insanların sayı isə sürətlə artır: “Bu ölkələrdə şəkərli diabetdən əziyyət çəkən insanların çoxu gəncdir. Odur ki, diabet uzun müddət müalicə olunmazsa insan ürək xəstəliyi, amputasiya, böyrək zədələnməsi, görmə itkisi və ölüm riski ilə üzləşir”.

“NCD-RisC” layihəsi çərçivəsində bir qrup alim 1990-2022-ci illər arasında 140 milyon kişi və qadının iştirakı ilə 131 ölkədə aparılan 1100-dən çox elmi araşdırmanın nəticələrini birləşdirib. Məlum olub ki, son otuz ildə şəkərli diabetdən əziyyət çəkənlərin sayı iki dəfə artıb (6,8%-dən 14,3%-ə). Nəticədə xəstəliyin 1 və ya 2 tipinin ümumi sayı 1990-cı ildəki 198 milyondan 2022-ci ildə 828 milyon nəfərə yüksəlib.

Bu artımın böyük hissəsi Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiya və Latın Amerikasının payına düşüb. Mütləq ifadə ilə ən çox şəkərli diabet xəstəsi, təxminən 212 milyon insan Hindistanda, daha 148 milyon diabet xəstəsi isə Çində yaşayır. Liderlər arasında ABŞ (42 milyon), Pakistan (36 milyon), İndoneziya (25 milyon) və Braziliya (22 milyon) da var.

Qərbi Avropanın inkişaf etmiş ölkələrində, Yaponiyada, Kanadada, eləcə də Saharadan cənubda yerləşən bəzi Afrika ölkələrində (Malavi, Keniya, Uqanda və Ruanda) diabetin ən az yayıldığı müşahidə edilib. Diabetli insanların 59%-i, təxminən 450 milyon insan lazımi müalicə almır.

Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Hazırda ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 300 mindən çoxdur. Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir.//Report

Избранный
37
13
musavat.com

10Источники