RU

Azərbaycan dünyanı təmiz gələcəyə səsləyir

Bir neçə gündür on minlərlə əcnəbi qonaq COP29-da iştirak etmək üçün Azərbaycandadır. XQ-nin əməkdaşları şəhərimizdə qonaqların BMT tədbiri barədə və Azərbaycan haqqında fikirlərini öyrəniblər.

Albaniyalı Alteo Hysi vurğuladı ki, Bakıya dünyanın hər yerindən çoxlu qonaqlar gəlib:

– Biz də 4 gündür buradayıq. Şəhərdə çox gözəl ab-hava var. Xalqınızın qonaqpərvərliyi, mehribanlığı sayəsində özümüzü yad hiss etmirik. Küçələrdə, parklar və xiyabanlarda təmizliyi xüsusi qeyd etmək istəyirəm. Şəhərdə yeni tikilən binaların arxitekturası da ürəkaçandır. Bakıda qədimliklə müasirliyin unikal vəhdəti heyranedicidir. İnsanların qayğıkeş olması xüsusilə diqqəti cəlb edir.

Tədbirlə bağlı deməliyəm ki, yüksək səviyyədə davam edir. COP29-a qatılan qonaqlar çox mühüm məsələləri müzakirə edirlər. Su qıtlığı ilə bağlı müzakirələr maraqlıdır. Ətraf mühitin qorunmasında fərd olaraq hamımız məsuliyyət daşıyırıq. Azərbaycandan dünyaya mühüm mesajlar verilir. Bu gün yer kürəsi çox narahatdır. Ümid edirik ki, COP29 bütün ölkələrin gələcəyinə böyük töhfə verəcək.

Pakistanlı Shahidullah Kaiserslautern Duke ölkəmizdə keçirilən COP29-un böyük önəmini qeyd etdi:

– Dünyada iqlimlə bağlı görülən işləri nəzərdən keçirmək böyük əhəmiyyət daşıyır. Mən biznesmenəm. Bina tikintisi üçün materialların satışı ilə məşğul oluram. Bu gün peşəmizdən asılı olmayaraq, hər birimiz planetimizin sağlam gələcəyi üçün çox narahatıq. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır.

Ümumiyyətlə, insanlar erkən yaşlardan iqlim dəyişikliyi ilə bağlı məlumatlandırılmalıdırlar. Şübhəsiz, bu işdə ailələr də mühüm rol oynayır. Bir qədər Azərbaycanın təbiəti ilə bağlı da danışmaq istəyirəm. Hava hazırda soyuq olsa da, çox təmizdir. Gözəl parklar, xiyabanlar salınıb. Xəzər dənizi ölkəniz üçün mühüm təbii sərvət hesab edilir. İnsanların təbiətə verdiyi yüksək dəyəri görmək xoşdur.

Nhung Pham Vyetnamdan 2 qızı ilə Bakıya gəlib. Paytaxt əsrarəngiz gözəlliyi ilə onları ovsunlayıb. Dedi ki, dənizkənarı bulvarda vaxt keçirməyi xoşlayırlar:

– İlk dəfədir ki, Bakıdayıq. Belə mötəbər tədbir zamanı burada olmaqdan məmnunuq. Şəhərdə çoxlu qonaq var. Cəmi 1 gündür ki, buradayıq. Sanki illərdir, Bakını tanıyırıq. Şəhər, insanları istiqanlıdır. Burada olduğumuz müddətdə insanların təbiətə, heyvanlara sevgisini hiss etdik. Yaşıllıqlar, gül-çiçək diqqətimizi cəlb etdi. Təbiətə sevgi dünyanı xilas edəcək. Elə COP29-un əsas məqsədi də budur. İnsanların təbiətə ziyan vurmasının qarşısı alınmalıdır. Azərbaycana belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün minnətdarıq.

Banqladeşli Hasan Zaman da ilk dəfə Bakıya gəldiyini dedi:

– COP29-a görə buradayıq. COP29 gələcək nəsil üçün yaxşı başlanğıcdır. Bizim üçün də yaxşı addımdır. “Yaşıl dünya”nın qorunması hər birimizin ümdə vəzifəsi olmalıdır. Bəzən insanlar təkcə ağac əkməklə işlərini bitmiş hesab edirlər. Ümumilikdə, təbiəti qorumalıyıq. Azərbaycanın iqlimi çox gözəldir. Bu günlərdə hava çox xoşumuza gəlir. Hərdən buludlu olsa da, çox zaman günəşlidir.

Darya Artamonova rəfiqələri ilə Novosibirskdən gəlib. Jurnalist olduğunu və səyahət etməyi xoşladığını bildirdi:

– Azərbaycanın son illər yüksək səviyyədə inkişafı ilə bağlı məlumatlı idik. Belə bir nüfuzlu tədbir zamanı Bakıda olmaq bizə çox xoşdur. Doğrudan da, ölkəniz bir çox sahələrdə böyük inkişaf yolu keçib. Müasir infrastruktur, hündür mərtəbəli binalar, idman arenaları və digər məkanlar diqqətimizi cəlb etdi. Buraya 10 günlüyə gəlmişik. Son illər Azərbaycana çoxlu turistlər gəlir. Məsələn, bizdə hava çox soyuqdur. Amma Bakının ilıq havası bizi isindirir. Şəhərinizdə olduğumuz müddətdə teatrlar, muzeylər, parklar, xiyabanlar və digər görməli yerlərdə olmuşuq.

Darya Artamonova bizi rəfiqəsi və onun balaca qızı ilə tanış edir. 7 yaşlı Sofiya fikirlərini bizimlə bölüşdü:

– 7 yaşım var. Bakı o qədər xoşuma gəldi ki... Burada pişiklər üçün çoxlu evciklər düzəldiblər ki, onlara soyuq olmasın. Onları yedizdirirlər. Mən də anamla onlara yemək alırıq. Onlar çox mehribandırlar. Çağıranda yanıma gəlirlər. Eyni zamanda, göyərçinləri yedizdiririk. Bakıda parklar, xiyabanlar gözəldir. Əyləncə mərkəzlərində vaxt keçirməyi xoşlayıram.

Leyla QURBANOVA,
Vüsalə ƏLİYEVA,
Cavid QAÇAYEV (foto)
XQ

Избранный
57
xalqqazeti.az

1Источники