RU

Əmək bazarında leqallaşma - 5 ildə 34 faiz artım

Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət istiqamətdə təsir göstərməkdə davam edir.

Modern.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469802 vahid artıb və 2024-cü il noyabr ayının 1-nə 1 milyon 871 min 717 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 445682 vahid artaraq 985604 təşkil edib. Beləliklə, son 5 ildə bağlanmış əmək müqavilələrinin sayı 33 faiz artıb.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub.

Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz və ya 395,7 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 2,7 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb və 148,7 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,5 faiz artaraq 112,4 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-ci ilin müvfiq dövrünə nisbətən 8,1 faiz artıb və 738,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,1 faiz artaraq 524,9 milyon manat təşkil edib.

Qeyd edək ki,  əmək müqaviləsinin bağlanması işçinin hüquqlarının əsas təminatçısıdır.  İşlə təmin olunmaq, əmək bazarında təmsil edilmək və iş təcrübəsi toplamaq hər kəs üçün əhəmiyyətlidir. İşlə təmin olunarkən işəgötürənlə əmək müqaviləsi bağlayan şəxslər əməkhaqqı alır, məzuniyyətə çıxa bilir, müavinətlər əldə edir, iş yerindən aldıqları məvacibi təminat mənbəyi kimi göstərərək müxtəlif kreditlərdən yararlanır və digər hüquqlardan istifadə edə bilirlər. Əmək müqaviləsi bağlanan zaman sadalananlardan əlavə, iş prosesində hər hansı bir zədəalma halında işçiyə müalicə üçün müəyyən vəsaitlərin ayrılması təmin olunur.

Gələcəkdə işəgötürənlər əmək müqaviləsi bağladığı şəxslərin icbari tibbi sığorta üzrə öhdəliklərini də yerinə yetirəcək ki, bu da tibbi xidmətlərdən yararlanmaq üçün olduqca vacibdir. Ən əsas məsələlərdən biri - pensiya təminatı üçün resurslar yaradılır və işçinin stajı hesablanır. İşəgötürən işçinin əməyini, həyat və sağlamlığını sığortalayır. Əmək müqaviləsinin bağlandığı halda, işçinin əldə etdiyi hüquqlar müvafiq qanunlarla qorunur. Əks halda isə onun taleyi işəgötürənin “insafına” qalır, yəni işçi ilə müqavilə bağlamayan sahibkar onu sahib olduğu hüquqlardan məhrum edir. Nəticə etibarilə işçinin gələcəyi təminatsız qalır və belə çıxır ki, o, uzun illər ərzində boşuna işləyib.

Əmək münasibətlərinin leqallaşması cəmiyyətin sosial rifahına əhəmiyyətli təsir edir. Ölkə iqtisadiyyatı şəffaflaşma, leqallaşma və ağarma çağırışları istiqamətində mühüm irəliləyişlər əldə edir ki, bu da maddi resursların artmasına və sosialyönümlü tədbirlərin əhatəsinin genişlənməsinə imkan verir.

 

 

 

 

Избранный
40
modern.az

1Источники