RU

Dərs zamanı canlı yayım açan tələbə cəzalandırılır?

Sosial şəbəkələrdə bəzi tələbələrin dərs zamanı sosial şəbəkə hesablarında canlı yayım açmaları ilə bağlı görüntülər yayılıb. Bununla bağlı hansısa tədbir görülməlidirmi?

Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, universitet mühitinin tələbələrə yalnız elmi biliklər qazandırmaq üçün deyil, həm də onlara etik və davranış qaydalarını aşılamaq məqsədilə yaradıldığı göz önündə saxlanmalıdır:

“Bu mühitdə hər bir tələbənin davranışları yalnız öz fərdi məsuliyyəti olmaqla bitmir, eyni zamanda universitetin nizam-intizamını və təhsil keyfiyyətini də təsir altına alır. Təəssüf ki, bəzi tələbələrin dərs zamanı sosial şəbəkə üzərindən canlı yayım açaraq dərs prosesini pozmaları, tələbə adının daşıdığı məsuliyyəti dərk etmədiklərini göstərir. Bu cür hərəkətlər, universitetlərdə nəzarətin, tələbə davranışları ilə bağlı qaydaların və ümumi idarəetmənin müəyyən problemlərlə üzləşdiyini göstərir”.

Ekspertin sözlərinə görə, bir çox universitetlərdə nizam-intizamın düzgün təmin edilməməsi, tələbələrin dərs mühitinə laqeyd yanaşmasına, həmçinin müəllimlərin dərs zamanı üzləşdikləri çətinliklərə səbəb olur:

“Bu, universitetin tələbələr üzərindəki nəzarət mexanizminin yetərsizliyini üzə çıxarır və tələbələrin özlərini məsuliyyətsiz hərəkətlərdən çəkindirməmələrinə şərait yaradır. Belə hallar isə dərs prosesinin axarını pozur, təhsil keyfiyyətinə mənfi təsir edir və eyni zamanda digər tələbələrin də təhsil mühitindən gözlədikləri sükunəti, ciddiliyi zədələyir”.

K.Əsədov qeyd edib ki, universitetlərin əsas funksiyası yalnız akademik bilik vermək deyil, həm də tələbələrə intizamlı və məsuliyyətli şəxsiyyət formalaşdırmaqdır:

“Təəssüf ki, bəzi universitetlərdə bu amil zəif yerinə yetirilir. Tələbələrin sərbəstlik adı altında davranış qaydalarını pozması və dərsləri laqeydliklə yola verməsi təhsilin idarə olunması baxımından ciddi boşluqların mövcud olduğunu göstərir. Dərs prosesində yaşanan bu cür intizamsızlıqlar həm tələbələrin öz təhsilinə münasibətini, həm də müəllimlərin onlara yönəlik səylərinin nəticəsini əks etdirir”.

Müsahibimiz sonda qeyd edib ki, universitetlərdə bu cür hallar yalnız intizam qaydalarının möhkəmləndirilməsi ilə həll oluna bilər:

“Dərs zamanı tələbələrin sosial şəbəkə üzərindən dərsi yayması, müəllimlərə və digər tələbələrə hörmətsizlik etməsi kimi hallar tələbələrə dəqiq sərhədlər və qaydalar qoyulmadığı zaman daha da genişlənir. Universitet rəhbərliyi, bu cür hallar qarşısında ciddi tədbirlər görməli, tələbələrə dərs prosesinə hörmətin əhəmiyyətini anlatmalı və onların təhsil mühitinə uyğun davranış qaydalarını dərk etməsini təmin etməlidir. Yalnız belə yanaşma ilə universitet mühiti təhsil və intizamlılıq baxımından gücləndirilə bilər”.

Избранный
55
modern.az

1Источники