RU

İqlimlə bağlı problemlərin artan intensivliyi dayanıqlı tədbirlərin görülməsini zəruri edir

Asiya İnkişaf Bankının (ABD) inkişaf etməkdə olan üzv ölkələri iqlim dəyişikliyinin təsirləri ilə bağlı yüksək risk altındadır və iqlimlə bağlı problemlərin artan intensivliyi lazımi və dayanıqlı tədbirlərin görülməsini zəruri edir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov COP29 çərçivəsində ADB tərəfindən Asiya və Sakit Okean üzrə İqlim üçün İnnovativ Maliyyə Mexanizmi (IF-CAP) təşəbbüsünün başlanğıc tədbirində çıxışı zamanı bildirib.

Nazir, xüsusilə inkişaf edən kiçik ada ölkələrinə yardım etməyin vacibliyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycanın COP29 prezidentliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərdən birinin də beynəlxalq inkişaf banklarının resurs zərfinin genişləndirilməsi yolu ilə iqlim maliyyəsi imkanlarının genişləndirilməsi olduğu vurğulanıb.

S.Şərifov beynəlxalq inkişaf banklarının əlavə kapitalizasiyasının özəl sektoru daha da hərəkətə keçirməsinə səbəb olacağına və bunun, iqlim tədbirlərini dəstəkləyən daha geniş özəl sektor sərmayələri ilə tamamlanacağına əmin olduğunu ifadə edib. S. Şərifov COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycanın bu təşəbbüsünün daha geniş dəstəklə əhatə olunacağına ümidvar olduğunu bildirib.

IF-CAP-ın təşəbbüsünün başlanğıc tədbirində Bank tərəfdaşları ilə birgə özünün yeni iqlim maliyyələşdirmə mexanizmini təqdim edib.

Tədbirdə çıxış edən AİB prezidenti Masatsugu Asakava IF-CAP-ın dünyadakı ən innovativ iqlim maliyyələşdirmə proqramlarından biri kimi Asiya və Sakit Okean hövzəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün vacib vasitə olacağını bildirib. “Biz bilirik ki, iqlim dəyişikliyinə qarşı mübarizə dövrümüzün əsas çağırışıdır. Bu, transformativ, qəti və innovativ addımlar tələb edən bir çağırışdır – və IF-CAP bunu təmin edəcək. Bu təşəbbüs AİB-i bütün çoxtərəfli inkişaf bankları arasında iqlim maliyyəsi innovasiyasında ön sıraya çıxarır. 4,5 qat təsir gücü ilə bu, Asiya və Sakit Okeanda iqlim dəyişikliyinə qarşı mübarizə üçün çox ehtiyac duyulan milyardlarla dollar sərmayə yaradacaq.”

M. Asakava COP29-u mənalı və davamlı dəyişikliklər yaratmaq üçün yeni, iddialı bir iqlim maliyyəsi hədəfi müəyyən etməyə çağırıb.

Tədbirdə çıxış edən IF-CAP tərəfdaşlarının nümayəndələri – Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lamy, Avstraliyanın iqlim dəyişikliyi və energetika nazirinin köməkçisi Coş Uilson, Danimarkanın inkişaf siyasəti üzrə dövlət katibinin müavini Ole Tonke, Yaponiyanın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazuki Vatanabe, ABŞ-nin Xəzinədarlıq katibinin köməkçisi Aleksiya Latortu və digərləri öz ölkələri adından AİB-in inkişaf etməkdə olan üzv ölkələrə iqlim fəaliyyəti üçün lazım olan maliyyəni təmin edəcək bu strateji təşəbbüsə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, AİB tərəfdaşlarından - ABŞ-dan 1 milyard ABŞ dolları, Yaponiyadan 600 milyon ABŞ dolları (əlavə 25 milyon ABŞ dolları qrant ilə), Böyük Britaniyadan 280 milyon ABŞ dolları, Avstraliyadan 200 milyon ABŞ dolları və Danimarkadan İnkişaf Ölkələri üçün İnvestisiya Fondu (IFU) vasitəsilə 100 milyon ABŞ dolları olmaqla cəlb etdiyi təxminən 2,5 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi təminatı sayəsində regionda iqlim dəyişikliyi ilə mübarizə üçün portfelini 11,25 milyard ABŞ dollarınaa çatdıracaq.

COP29-un ilk günündə maliyyə naziri Samir Şərifov həmçinin “İqlim maliyyəsinin təmin edilməsi üzrə dəyirmi masa - Davamlı gələcək üçün həlledici an” müzakirələrində iştirak edib.

Bundan başqa, nazir COP29 çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Avropa İnvestisiya Bankının (EDB) vitse-prezidenti Tereza Çervinska ilə görüşdə ölkəmizlə bank arasında enerji və nəqliyyat layihələri üzrə əməkdaşlıq, bu təşəbbüslərə maliyyə dəstəyinin və texniki yardımların göstərilməsinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Avrasiya Stabilizasiya və İnkişaf Fondunun Baş direktoru Andrey Şirokov və “Ernst & Young” şirkətinin EMEIA maliyyə xidmətləri, iqlim dəyişikliyi və davamlılıq lideri Şaun Karazzo ilə görüşlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Избранный
48
ikisahil.az

1Источники