RU

"Xankəndidə açılan tikiş fabrikində 800 iş yeri yaradılacaq" - AÇIQLAMA

“Azərbaycan etibarlı tərəfdaş, sözü ilə əməli bir olan ölkə kimi regionda yeni reallıqlar yaradıb. Dünyada nüfuzu durmadan artan Azərbaycan bölgədə sülhün bərpasına çalışır. Eyni zamanda bütün dünya dövlətləri ilə dostluq və tərəfdaşlıq şəraitində yaşamağa üstünlük verir. Bu təklif və təşəbbüslər bütün ölkələr tərəfindən qəbul edilməkdədir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri önəmli rol oynayır, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Özbəkistanla Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəni şərh edərkən dedi. Deputat qeyd etdi ki, diplomatik münasibətlərin qurulmasından sonra Azərbaycan - Özbəkistan əlaqələri durmadan genişlənməyə davam edir.

“Azərbaycanla Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətlərini daha da inkişaf etdirib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. COP29 tədbirlərinin keçirildiyi günlərdə Xankəndi şəhərində tikiş fabrikinin istifadəyə verilməsi iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Azərbaycan Prezidentinin dediyi kimi, bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır".

 

Millət vəkilinin sözlərinə görə, burada ümumilikdə 800 iş yeri yaradılacaq:

"Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Bu fabrik birliyimizin daha bir rəmzidir. Özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı tikiş fabrikinin yaradılmasına kömək göstərməklə yanaşı, Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular. Əlbəttə, belə qardaşlıq münasibətinə görə özbək xalqına, onun rəhbərinə minnətdarlıq düşür. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki ölkələrimiz arasında əməkdaşlığı genişləndirir və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir”, A.Hüseynov yekunlaşdırdı.

Türkan İSGƏNDƏRLİ

Избранный
51
1
redaktor.az

2Источники