Vüqar Bayramov: “COP29-a qarşı olan Qərb dairələri, eyni zamanda bu konfransı boykota çağıran marjinal daxili siyasi qüvvələr tam iflasa uğrayıb”
COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. O qeyd edib ki, bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar:
“Qərb dairələri COP29-u boykotu təşviq etdilər. Amma COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu, onlara ən yaxşı cavabdır".
Qeyd edək ki, COP 29 iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səylərin müzakirə olunduğu mühüm tədbirdir.
“COP29-un Bakıda uğurla təşkil edilməsi sübut edir ki, bu istiqamətdə görülən işlər Azərbaycanın haqq işinin…”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhinə bildirdi ki, COP29-a olan yüksək maraq, iştirakçıların və əhatə etdiyi ölkələrin sayı bir sıra məqamları nümayiş etdirir: “COP29-a qarşı olan Qərb dairələri, eyni zamanda bu konfransı boykota çağıran marjinal daxili siyasi qüvvələr tam iflasa uğrayıb. Məlumdur ki, COP29-un Azərbaycanda keçirilməməsinə qarşı xüsusi bir tədbir aparılırdı. Bu kampaniyaya bir sıra Qərb dairələrindən dəstək verilirdi. Ancaq COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı, aktivlik, beynəlxalq ictimaiyyətin və medianın marağı bir daha təsdiq edir ki, həmin dairələrin bütün cəhdləri iflasa uğrayıb. Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bəyan etdiyi kimi, COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, göründüyü kimi, dünya Bakıya toplaşıb. Azərbaycan bir daha gücünü, regional mövqeyini nümayiş etdirir. Danılmaz faktdır ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. COP29-un Bakıda uğurla təşkil edilməsi sübut edir ki, bu istiqamətdə görülən işlər, Azərbaycanın haqq işi daha çox ölkələr tərəfindən təsdiqlənir. Ölkəmiz regional və bir sıra qlobal məsələlərə töhfə verir”.
Günel CƏLİLOVA