RU

Xarici qonaqlar COP29-dakı yemək qiymətləri haqda nə dedilər? – SORĞU

  COP29 başlayan ilk gündən müzakirə olunan məsələlərdən biri də orada satılan qida məhsulları ilə bağlıdır. Belə ki, “BBC Azərbaycan” bir neçə gün öncə yeməklərin baha olduğuna dair reportaj hazırlamışdı.

Referans.az xəbər verirki, Globalinfo.az məsələ ilə bağlı iştirakçılar arasında sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

İngiltərənin “The Guardian” nəşrinin müxbiri Damian Carrinqton bundan öncə Misir və Dubayda keçirilən COP tədbirində olduğunu bildirib:

“Hər ölkənin təyin etdiyi müəyyən bir qiymət var. Ümumiyyətlə, COP tədbirlərində əsasən, kofe baha olur. Ötən il Dubayda da məhz kofe baha idi. Yetərincə bahalı ölkədən gəldiyim üçün Bakıda olan qiymətlər mənə çox təsir etmir. Mənim üçün əsas konfransdır. Qeyd edim ki, kofe istisna olmaqla digər aldığımız məhsulun pulunu şirkət qarşılayır”.

Yəməndən olan Alam aima abdulalem Albanna adlı qonaq COP28 zamanı Dubayda olduğunu qeyd edib:



Alam aima abdulalem Albanna

“Dubayda qiymət daha baha idi. Ümumiyyətlə, bir ölkə ilə digərində olan qiyməti müqayisə etmək yersiz olar. Amma Dubayla müqayisədə Azərbaycanda qiymət çox yaxşıdır. Bundan başqa Azərbaycan xalqı yardımsevər olduğuna görə ən azından nəsə əldə etməkdə çətinlik də çəkmirəm”.

Hindistandan olan jurnalist Dinakar Sethuraman Iyer deyib ki, yalnız Azərbaycanda yox, beynəlxalq tədbirlər zamanı digər ölkələrdə də qiymətlər yüksək olur:



Dinakar Sethuraman Iyer

“Bundan öncə COP28-də Dubayda oldum. Orada qiymətlər buradan da baha idi”.

Niderlanddan olan Sebastian Sacedo adlı qonaq daha öncə COP26 və COP28-də olduğunu qeyd edib:

“Fikrimcə, qiymətlər demək olar ki, oxşardır. Hər birində eyni məbləğdə pul xərcləmişəm. Lakin Dubayda daha baha idi”.

İsveçdən olan Johan Axel Ebbe Eriksson adlı qonaq isə xərci çalışdığı şirkətin qarşıladığını deyib:



 
Johan Axel Ebbe Eriksson

“Ümumiyyətlə, COP tədbirlərində qiymət baha olur. Məsələn, Dubayda keçirilən COP-da baha olduğu üçün yeməyin pulunu dövlət qarşılamışdı”.

Mikroneziyadan gələn Ann Albert xərci özünün qarşıladığını bildirib:

“Mənim ölkəm balaca olduğuna görə, dövlət bu tip böyük tədbirlərin xərclərini qarşılaya bilmir. Qiymətlərə gəlincə, daha əvvəlki COP tədbirləri ilə eyni olduğunu düşünürəm”.

Hindistandan gələn Veena Balakrişnan qiymətləri digər ölkələrlə müqayisə edib:





Veena Balakrişnan

“Məsələn, Dubayda buradan daha baha idi. Burada bizə baha gələn yalnız kofedir. Qalan şeylər yaxşıdır”.

İtaliyadan gələn İnkar Qədirjanova maraqlı fikir səsləndirib:

“Qiymətlərin baha olduğunu deyənləri anlamıram. Baxın, kofe İtaliyada heç 2 avro da etmir, amma burada bir az bahadır. Kabab və digər Azərbaycanın milli yeməkləri isə burada ucuz, başqa ölkələrdə bahadır. Bu isə normal haldır”.

Almaniyadan gələn Cecilie Sorhus adlı qonaq da qiymətlərin digər ölkələrə nisbətən ucuz olduğunu bildirib.

Qida qiymətləri ilə bağlı yerli qonaqlardan da fikir aldıq. Politoloq Tural İsmayılov beynəlxalq tədbirlərdə qiymətlərin adətən baha olduğunu xatırladıb:



Tural İsmayılov

“Bundan öncə də dəfələrlə beynəlxalq tədbirlərdə iştirak etmişəm. Bilirik ki, normalda beynəlxalq tədbir zamanı yemək-içmək işinə baxan şirkətlərin daşınma və iştirak xərcləri olur. COP29-da tətbiq edilən qiymətlər, bundan öncə qarşılaşdığım digər ölkədə olan qiymətlərdən dəfələrlə aşağıdır. Hesab edirəm ki, bu gün müzakirə edilən məsələləri kənara qoyub, qəsdli şəkildə hansısa “qiymət artımı” haqqında süni propaqanda aparmaq ictimai rəyi əsas hədəfdən yayındırmağa xidmət edir. Bütün bunlar COP29-un uğurlarına kölgə salmaq cəhdləridir. Ötən il Dubayda keçirilən COP28-də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarda iştirak edən hər kəs bilir ki, orada olan qiymətlər burada təqdim olunan qiymətlərdən dəfələrlə baha olub”.  

Избранный
68
1
referans.az

2Источники