RU

Nazir: "Torpaq deqradasiyayası ekosistem, ərzaq təhlükəsizliyi və su resurslarına təhlükə yaradır"

Dünyada torpaq ehtiyatlarının təxminən 40%-nin deqradasiyaya uğraması qlobal böhran olaraq ekosistem, ərzaq təhlükəsizliyi və su resurslarına təhlükə yaradır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Torpaqların deqradasiyası və iqlim dəyişikliyi: Mərkəzi Asiya, Qafqaz ölkələri və quraq iqlim regionları arasında itkilər, zərərlər və əməkdaşlığın gücləndirilməsi imkanları” mövzusunda dəyirmi masada bildirib.

"Son onilliklərdə dünyada qeyri-davamlı kənd təsərrüfatı təcrübələri, meşələrin qırılması, şəhərlərin genişlənməsi və iqlim dəyişikliyinin artan təsirləri torpaqların deqradasiyası prosesini sürətləndirib. BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına (UNCCD) əsasən, hər il 12 milyon hektar ərazinin deqradasiya nəticəsində itirildiyi təxmin edilir" - deyə o qeyd edib.

Nazir müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir, iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verilir. Müasir suvarma sistemlərinin tətbiqi, torpaq deqradasiyasının qarşısının alınması və torpaq münbitliyinin artırılması ilə bağlı fəaliyyətlərdə fermerlərə güzəşt və kreditlər şəklində dövlət dəstəyi göstərilir.

Избранный
25
ekologiya.az

1Источники