RU

Taleyə qarşı peyvənd

Pedro Kalderonun “Həyat yuxudur”  dini-fəlsəfi pyesi haqqında

Biz yuxularımızı əmələ gətirən cövhərdən yaranmışıq,

bu miskin ömrümüz də yuxu haləsində keçir.

Vilyam Şekspirin “Fırtına” tragikomediyasından

Kalderon ispan ədəbiyyatının Servantesdən sonra dünya miqyaslı ən böyük fiqurudur. Hələ yeniyetməykən qoşulduğu bir poeziya yarışmasında İspaniya intibahının zirvəsi, dövrün canlı əfsanəsi, diri klassiki Lope de Veqanın tərifini qazanması onun sənət gələcəyinə işıq dəhlizi açmış, bir kahinin, münəccimin peyğəmbəranə öncəgörməsi kimi gənc şairin ilhamına qanad vermişdi. Əsərlərinin fəlsəfi dərinliyinə, bədii gücünə görə Pedro Kalderonu özündən əvvəlki dramaturqlardan yalnız Vilyam Şekspirlə yanaşı qoymaq olar. Əbəs yerə onu “katoliklərin Şekspiri” adlandırmırlar. Başqa ədəbi formalarda yazdığı əsərlərdən savayı Kalderonun həm dram, həm də komediya janrında qələmə aldığı 120 pyesi dünya ədəbiyyatının qızıl fondunda yer almış qiymətli əsərlər kimi bu gün də qorunmaqdadır, onlardan bir qismi populyarlığını indiyəcən saxlayır, səhnələrdən düşmür, dərc olunur, dərsliklərə salınır.

Kalderonun uzun ömrü, məhsuldar yaradıcılığı Avropada intibahın böhrana girdiyi, qitənin bir hissəsində klassisizm cərəyanının, o biri hissəsində barokko məktəbinin təşəkkül tapdığı dövrə düşür. On yeddinci əsrlə bərabər doğulan dahi dramaturq səksən bir illik ömründə yeni dünyaya keçidin bir çox əlamətini yaxından izləmişdisə də, yaradıcılığı, düşüncəsi, həyat tərziylə qədim həqiqətlərə, minillik sınaqdan keçmiş laxlamaz-tərpənməz mənəvi imperativlərə həmişə sadiq qalmışdı. Əgər Kalderonla bir dövrdə yaşamış, klassisizm məktəbinə mənsub fransız dramaturqları (Kornel, Rasin, Molyer) antik yunan teatrının, Esxil, Sofokl, Evripid, Aristofan dramaturgiyasının ənənələrini, qədim dövrün ictimai ideallarını, sənət ehkamlarını, başqa sözlə, Aristotel məktəbini dirçəltməyi qarşıya məqsəd qoymuşdularsa, Kalderonun timsalında barokko cərəyanı özündən əvvəlki renessans epoxasının milli-demokratik, humanist, şən, optimist ruhundan yavaş-yavaş uzaqlaşıb başqa bir antik düşüncə məktəbinin - stoisizmin ideallarına qayıtmışdı.

On yeddinci əsrdə hakim mövqe qazanmış bədii-fəlsəfi platformaların timsalında belə bir bəlli gerçəyə bir daha şahid oluruq ki, bütün böyük ideyalar, parlaq fikir cərəyanları qədim dövrdə yaranıb, sonrakılar ondakıların hər dövrə, hər zamana uyğun yenidən şəkilləndirilməsidir. Bu məqamda müəllifini unutduğum bir şişirdilmiş mülahizəni də xatırlayıram: “Bütün dünya fəlsəfəsi Platonun dialoqlarına yazılmış şərhlərdən ibarətdir”. Ancaq buna qohumluğu çatan başqa bir mülahizəni qətiyyən şişirtmə saymaq olmaz ki, Platondan sonra yer üzünə ondan daha yüksək, daha üstün, daha möhtəşəm ideya hələ də gəlməyib.

***

Mütəxəssislərin ümumi rəyinə görə, “Həyat yuxudur” pyesi Pedro Kalderonun şah əsəridir. Barokkonun ortaya çıxmasından sonra da ləğvinə sərəncam verilməyən intibah dramaturgiyasından, o cümlədən komediya ustası Lope de Veqanın yaradıcılığından fərqli olaraq Kalderon teatr səhnəsinə fəlsəfi problematika gətirmişdi. Ona qədər dini-fəlsəfi mövzular esselərdə, traktatlarda, irili-xırdalı poetik əsərlərdə çözülərdi (əlbəttə, Şekspir yenə istisnadır), Kalderonun sayəsində teatr əyləncə mərkəzindən, katarsis çildağından, ictimai-tərbiyəvi institutdan fəlsəfi düşüncə mərkəzinə, asketizm məbədinə, stoisizm monastırına çevrildi. Ancaq Kalderon əqidə etibarıyla təkcə stoik deyildi, həm də dini təhsil almış katolik rahibiydi, bu baxımdan onun yaradıcılığını da antik yunan-Roma fəlsəfəsiylə xristian sxolastikasının calağı, sintezi saya bilərik.

Əsər oxucu-tamaşaçı kütləsinə 1635-ci ildə təqdim olunmuşdu. Məsələnin simvolik tərəfi budur ki, ispan intibahının, renessans dramaturgiyasının atası Lope de Veqa məhz həmin il dünyadan köçmüşdü. Fəqət bu gediş yalnız bir dahinin köçü deyildi, onunla birgə intibah estetikası da misli görünməmiş bir təntənəylə dəfn olunmuş, “Həyat yuxudur” pyesinin ortaya çıxmasının ardınca sənət meydanında barokko üslubunun hegemon cərəyana çevriləcəyi yeni fəlsəfi-estetik epoxaya girilmişdi.

Yeni məzmun, yeni mahiyyət yeni də forma istəyirdi. Klassik dramdan fərqli olaraq Kalderonun pyesi üç pərdədən, yaxud üç şəkildən (əslində, bu istilahların heç biri o bölgü vahidlərinə uyğun gəlmir, orijinalda buna “xornada” deyilir ki, bu söz də insanın bir gün ərzində keçdiyi ömür yolu anlamında işlənir) ibarətdir. Pyesdəki bədii zaman da məhz üç günü əhatə eləyir: birinci gün biz qəhrəmanların yeri-yurdu, keçmişi, əhvalı, düşüncəsi, məqamıyla tanış oluruq, bu hissədə əsası çoxdan qoyulmuş konfliktə təkan verilir; ikinci gün gərginlik kulminasiya həddinə çatır, əsəblər gərilir, xarakterlər açılır, obrazlar, prinsiplər toqquşur; üçüncü gün hadisələr də, xarakterlər də çözülür, hər fiqur şahmat taxtasının üstündə öz yerini tapır, hər kəs öz təyinatı üzrə hədəfinə yetişib gerçək taleyinə, dilədiyi qismətə qovuşur.

***

Rosaura adlı kişi qiyafəli kübar qadın Poloniya (Polşa) kralının sarayına yaxın yerdə nökəriylə birgə azır. Artıq toran qovuşsa da, ətrafda bir işartı, bir közərti görünmür. Birdən yolçular yaxınlıqda bir qalaça görürlər, qalanın divarları arasından göyə gileyli ah-nalə ucalır. Məlum olur ki, bu, zindanda zəncirə vurulmuş Sexizmundonun səsidir, o, gecə-gündüz kor taleyinə lənət oxuyur. Dünyaya göz açdığı gündən bu gənc həyatın sevincini dadmayıb, gün üzünə çıxarılmayıb. O, üzünü göylərə tutub fəryad qoparır, hansı günahın yiyəsi olduğunu, nəyə görə belə ağır cəza çəkdiyini soruşur. Ona elə gəlir ki, dünyaya gəlməyiylə Tanrını qəzəbləndirib, amma axı bu günahdan cəmi məxluqat pay götürüb, ona qalsa, bu cəzadan da hamıya pay düşür. Di gəl, göylərin sahibi təkcə ona qənim kəsilib. Sexizmundo özünü heyvanlarla, quşlarla, balıqlarla, çaylarla müqayisə eləyir, onların hər birinə hərəkət azadlığı verilib, Yaradan bircə ondan bu azadlığı əsirgəyib.

Qalaçanın qapısı açıq olduğundan Rosaurayla nökəri içəri keçirlər, Sexizmundo onları görəndə heyrətə gəlir, çünki bu yaşına qədər onu nəzarətdə saxlayan Klotaldodan özgə bir bəni-adəm görməyib. Odur ki, əvvəlcə onları öldürmək istəyir, sonra fikrindən daşınır, öz qəddarlığını vəhşi kimi qəfəsdə saxlanmasıyla izah eləyir. Zəncirə vurulduğu bu qala onun həm beşiyi, həm də məzarıdır. Qadın dustağı söhbətə tutur, ona təskinlik verib deyir ki, özünün də həyatı fəlakətlə, qəzavü-qədərlə doludur. Səsə gələn Klotaldo qala keşikçilərini haraylayır, onların hamısının üzüniqablı olması Rosauranı təəccübləndirir. Klotaldo çağırılmamış qonaqları ölümlə hədələyir, Sexizmundo bunun müqabilində deyir ki, onların başından bir tük əskik olsa, canına qəsd eləyəcək.

Keşikçilər dustağı aparırlar. Rosaura şpaqasını Klotaldoya göstərir, türmə nəzarətçisi bir zaman gözəl Violantaya bağışladığı yadigarı tanıyır. Klotaldo kişi qiyafəsinə bürünmüş Rosauranı öz oğlu sanır, buna görə də iki od arasında qalır: doğmaca övladını bəladan qurtarmaq qayğısınamı qalsın, yoxsa namuslu bir təbəə kimi borcunu yerinə yetirsin, qalaya icazəsiz dürtülmüş caniləri ədalət divanına təhvil verib kralın qəzəbinə gətirsin?..

***

Sarayda isə taxt-tacı təhvil-təslim eləməyə hazırlıq gedir, qocalıb əldən düşmüş kral Basilio özünə varis axtarır. Basilionun böyük bacısının qızı Estrelya öz xalası oğlu, kralın kiçik bacısının övladı, Moskovio (Moskva) hersoqu Astolfo ilə Polşa tacı uğrunda rəqabət aparır. Hersoq xalası qızını kompliment yağışına tutur, Estrelya onun təmtəraqlı sözlərinin səmimiyyətinə inanmasa da, Astolfonu sevir. Kral öz varislərinə qalada zəncirə vurdurduğu tək oğlundan danışır. Sexizmundonun dünyaya gəlməsi ərəfəsində münəccim ona bədbin proqnozlar verib, oğlunun qəddar bir tiran olacağını, valideynlərinə də, xalqa da bəlalar gətirəcəyini söyləyib. Həqiqətən də, Sexizmundo dünyaya gələr-gəlməz anasını o dünyaya göndərib; bunun ardınca günəşin üzü tutulub, yer üzünə zülmət qaranlıq çöküb. Bütün bunları nəhs əlamətlər kimi yozan kral ulduzların sözündən çıxmamağı qərara alıb, oğlunu zindana atdırandan sonra xalqa şahzadənin öldüyünü car çəkdirib.

İyirmi ildən bəri Sexizmundonu qəfəsdə saxladan kral ata indi əməlindən peşmandır, ulduzların hökmünü bir də sınaqdan keçirmək istəyir. Basilio qanunu pozmuş Rosaura ilə nökərinin günahını bağışlayır, ardınca da oğlunu zəncirdən açdırıb onu saraya gətirdir. Sexizmundoya yuxu dərmanı verirlər, şahzadə gözünü açanda özünü atasının sarayında, cah-cəlal, dəbdəbə içində görür. Şahzadənin ilk niyyəti Klotaldonun başını əkmək olur, çünki bu namərd qoca gün kimi aydın həqiqəti illər boyu ondan gizləyib, Sexizmundonun padşah oğlu olduğunu bəxtsiz, ümidsiz, kimsəsiz cavandan danıb. Qoca Klotaldo qəzəbli şahzadənin əlindən güclə qurtulur. Bibisi oğlu, Moskoviya şahzadəsi hersoq Astolfo ilə də Sexizmundo saymazyana davranır, onu özünə tay tutmur. Şahzadənin haqsız əmrinə boyun əymək istəməyən nökəri isə Sexizmundo eyvandan dənizə atır.

Onu heç bir səbəbsiz əsil-nəslindən, haqqından, azadlığından məhrum eləyib zəncirə vurdurmuş, şirin həyatı ondan ötrü zəhərə döndərmiş atasına da şahzadə nifrət bəsləyir, üstəlik, bunu kraldan gizlətmir də. Rosaurayla ikinci dəfə qarşılaşanda Sexizmundo onun namusuna əl uzadır, Klotaldo qızını ondan qorumağa çalışanda hersoq Astolfo qocanın üstündən gəlir. Qəzəbdən ağlını itirmiş şahzadə Moskva prinsiylə döyüşə atılır. Bu arada məlum olur ki, Rosaura buralara Astolfonun sorağıyla gəlib çıxıb. Onlar bir-birini seviblər, Astolfo qızın şəklini hələ də sinəsində gəzdirir. Estrelyaya hersoqun marağı isə sırf hakimiyyət hərisliyindən irəli gəlir, özü Polşa taxtına çıxa bilməsə belə kraliçanın əri olmaq da işə yarayar - Estrelya böyük bacının övladı olduğuna görə taxt-tacın ona keçmə ehtimalı az deyil.

***

Sexizmundo yaşadığı bütün acılara, əzablara, alçalmalara görə atasından qisas almaq istədiyini kralın üzünə söyləyir. Bundan sonra Basilionun səbri daşır, oğlunu yenidən həbsə göndərir. Sexizmundoya yenə yuxu dərmanı verirlər, şahzadə gözünü açanda özünü zindanda tapır. Klotaldo onu inandırmağa çalışır ki, sarayda olduğunu yuxuda görüb, ümumiyyətlə, hər cür həyat başdan-başa yuxudur. Şahzadəyə əyan olur ki, gördüyü şirin yuxu salındığı əbədi zindanın küncündə, gömüldüyü sonsuz qaranlığın dibində bir anlıq yanıb-sönən ötəri bir işıqmış. Bundan sonra onun beyni nurlanmağa, zülmətdən, həbsdən, nəhs taledən qurtuluşun gerçək yolunu aramağa başlayır.

F.Uğurlu

Davamı növbəti sayımızda...

Избранный
36
yeniazerbaycan.com

1Источники