RU

Şeyxin dini liderlərlə Bakıda çəkilən fotosu gündəm oldu

 

Dünyaya tolerant Azərbaycan mesajı...

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. Qeyd edək ki, tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, onlar arasında 80 prezident, vitse-prezident, baş nazir iştirak edib. 

COP29-da dünyanın müxtəlif ölkələrinin dini liderləri də iştirak edir. Jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir.

“Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir. Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir”, - o qeyd edib.

Allahşükür Paşazadənin sözlərinə görə, Azərbaycanın dini liderləri atəşkəs çağırışını dəstəkləyir: “Mən elə bilirəm ki, atəşkəsin elan olunması mühüm məsələdir. Bu bir daha göstərir ki, Azərbaycan sülh istəyir. Sülhməramlıdır. Ona görə də dünyada sülhün bərqərar olmağını istəyir”.

Qeyd etmək yerinə düşər ki, günlərdir ki, sosial şəbəkələrdə dini liderlərin birgə fotoları paylaşılır və tolerantlıq nümunəsi kimi təqdim edilir. 

Bəs dini liderlərin tədbirdə iştirak etməsi dünyaya hansı mesajı verir?

Azər

Azər Hüseynov 

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Dini liderlərin beynəlxalq tədbirdə iştirakı əslində lazımlıdır. Çünki XX əsrin 50-60-cı illərindən başlayaraq Qərbi Avropanın iqtisadi yüksəlişi, sənayesinin inkişafı, elmi tutumlu sahələrin inkişafı dünyada bir sıra müsbət dəyişikliklərə səbəb olsa da, ciddi problemlər də gətirdi. Müsbət olan nə idi? Sənayenin, iqtisadiyyatın və eləcə də elmin inkişafı dünyanın digər dövlətlərini də Qərbin üstünlüyü qarşısında bir hərəkətliliyə sövq etdi. Buna misal olaraq Yaponiyanı deyə bilərik. Daha sonra Cənubi Koreya, eləcə də Asiya əjdahaları və digər məsələlər. Hər nə qədər bu ölkələrin də inkişafında Qərb yardımı oldusa, yenə də müəyyən yerli məqamlar var idi. Qərbin dünyanın mərkəzi halına gəlməsi getdikcə iqtisadi güclənməsi digər tərəfdən SSRİ-nin də süqutuna gətirib çıxarırdı. Bu, ilk növbədə Macarıstanda, Çexoslovakiyada, Rumıniyada özünü göstərməyə başladı. Lakin Qərbin önə keçməsi özü ilə digər problemlər də gətirdi. Nə idi bu problem? Dünya kəskin şəkildə sekulyarlaşdı. XIX əsrin sonu XX əsrin əvvəllərində hüquqi sistemlər tamamilə sekulyarlaşsa da, mənəvi və mədəni həyata hələ də dinin təsiri böyük idi. Dünyanın sekulyarlaşmasının mədəniyyət və mənəviyyata yönəlməsi insanlıq böhranında özünü göstərdi. 1950-60-cı illərdə müstəqilləşməyə çalışan Afrika, Asiya ölkələrinin bəzilərinə qarşı şiddətli güc tətbiq edildi. Fransa Əlcəzairdə bunu etdi, digərləri də bu və ya digər şəkildə başqa yerlərdə. Əgər Avropa və Amerikanın özündə insan haqları və digər məsələlərə riayət edilməyə çalışılırdısa, həmin dövlətlər bunu Asiya və Afrikada etmirdilər. Nə üçün? Çünki onların hərəkəti imperativlər kapitalist maraqları idi. Daxilində ədalət, xaricində səfalət. Daha sonra 1990-cı illər dövrü gəldi. SSRİ-nin dağılması, Ermənistanın Azərbaycana təcavüzü, Gürcüstanın separatçılıqla üzləşməsi, Tacikistanda vətəndaş müharibəsi, Özbəkistan və Qırğızıstan arasında problemlər postsovet məkanında insanlıq faciələrinə səbəb oldu. Balkanlarda Bosniya müsəlmanlarının məruz qaldıqları zülmlər, işgəncələr, İraqın birinci qismən işğal və blokadası, daha sonra Əfqanıstanda vətəndaş müharibəsi, humanitar fəlakətlər. Yaxın Şərqdə Fələstin xalqının faciəsi, İsrail-ərəb qarşıdurmaları, Avropanın özündə İRA və Bask problemi, Fransanın Korsika məsələsi və ətrafında cərəyan edənlər. Bütün bunlar dünyanın ruhaniyyətə ehtiyacını hiss etdirirdi. Dünyanın dinə ehtiyacı vardı. Təbii ki, hansı dinə sualı da doğurdu. İnsanlar və cəmiyyət arasında münasibətlərdə mənəvi rahatlıq verəcək, insanları silah işlətmədən danışıqlar masasına oturda biləcək dinə”.

Azər Hüseynov əlavə edib ki, əslində bəşəriyyət mədəniləşməyə doğru ciddi inkişaf yolu keçib: “İnsanlar silah işlətmədən sivil bir şəkildə problemlərini həll edə bilərlər. Bəlkə də bu əsrlər çəkər, amma heç olmazsa insanlar ölməz, ailələr dağılmaz, qaçqınlar ordusu yaranmaz. Bu gün dünyanın gözü qarşısında Qəzzada, Sudanda, dünyanın digər bölgələrində insanlıq dramları yaşanır. Belə bir ortamda dini liderlərin COP29-da iştirakı çox önəmli hadisədir. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinin bu çağırışı da önəmlidir. Silahların durması, atəşkəs. İnsanlara sülh lazımdır. Azərbaycanda həmin dini liderlərin bir araya gəlməsi olduqca önəmlidir. Bu Azərbaycanın beynəlxalq nüfuzunun önəmini ortaya qoymaqdadır. O ki qaldı dini liderlər hansı mesajlar verə bilər? Bir çox mesajlar verə bilər. Dünyanın bəzi aqressiv hökümətlərinə, təşkilatlara səslənə bilər ki, bu qədər aqressiya sonunda dünyanı böyük xaosa aparır. İnsanlıq masa arxasına oturmalıdır. Dincəlməldir. Nəfəs almalıdır. Uşaqlar aviabombalar altında parçalanmamalıdır. Cəmiyyətlərdə dinin mənəvi təsiri artmalıdır. Yoxsa sekulyar ifrat post modern əxlaq insanlığı məhvə aparır. Təbii ki, bunun üçün dini liderlər və onların tabeliyində olanlar da çalışmalıdır. Dünya bir dinə etiqad edəcək deyə bir məsələ yoxdur. Amma dünya dini və siyasi, insani məsələlərini danışaraq həll etməlidir. Bunu da edə bilmirsə, heç olmazsa zamansız atəşkəsə getməlidir. Bütün "cəbhələrdə". Əks halda, dünya yenə xaosun, dünya müharibəsinin astanasına gələ bilər. O zaman dünyanın səfilləri, alçaldılmışları mədəni dünyadan intiqam almağa qalxar. Heç kim düşünməsin ki, bu mümkün deyil. 476-cı ildə Qədim Romadan intiqam almadımı dünya? Aldı..."

Yazını hazırladı: Afaq MİRAYİQ

Избранный
22
50
musavat.com

10Источники