RU

İsveçin kosmetik klinikalarında ciddi pozuntular aşkar edilib

İsveç Səhiyyə və sosial təminat müfəttişliyi (IVO) ölkədə cərrahiyyə və inyeksiya prosedurları xidməti göstərən 86 kosmetoloji klinikada nəzarət reydləri həyata keçirib.

IVO-nun hesabatına əsasən, yoxlama nəticəsində xəstələrin həyatını təhdid edən çoxsaylı pozuntular aşkar edib. Bəzi hallarda sağlamlığa ciddi ziyan vurma, hətta ölüm halları qeydə alınıb.

Yoxlamalar zamanı məlum olub ki, bəzi həkimlər xüsusi hazırlıq keçmədən anesteziyadan istifadə ediblər və bu da faciəvi nəticələrə gətirib çıxarıb. Klinikalarda gigiyena normalarının ciddi şəkildə pozulması halları da aşkarlanıb: sertifikatı olmayan mütəxəssislər tərəfindən prosedurlar aparılıb, tibbi preparatlar qida məhsulları ilə birlikdə soyuducuda saxlanılıb. Bir sıra hallarda ixtisassız mütəxəssislər yetkinlik yaşına çatmayan xəstələrdə prosedurlar aparıblar və hesabatda qeyd edildiyi kimi, hətta bir klinika 15 yaşlı xəstəyə dostlarını cəlb etmək üçün endirim təklif edib.

Yoxlama nəticəsində 12 klinikanın fəaliyyətinə qadağa qoyulub, 40 əməkdaş barəsində prokurorluğa təqdimat verilib.

Müfəttişlik belə qənaətə gəlib ki, bir çox klinikalarda təhlükəsizlik tələbləri pozulur. Bu da xəstələrin sağlamlığı üçün yüksək risk yaradır.

“Ümumiyyətlə, bu cür fəaliyyəti təhlükəsiz şəkildə həyata keçirmək üçün biliyin son dərəcə aşağı səviyyədə olması müşahidə olunur. Bundan əlavə, biz qaydalara riayət etməyə səy belə göstərməyən və yalnız gəlir əldə etməyə yönəlmiş bir çox vicdansız bazar iştirakçısı görürük”, - deyə müfəttişliyin şöbə müdiri Yoran Olsson qeyd edib.

Избранный
46
xalqqazeti.az

1Источники