RU

SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat imzalanıb - FOTOLAR

COP29 çərçivəsində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşündə SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat imzalanıb, SPECA Çoxtərəfli Etimad Fondunun açılışı elan edilib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, COP29 çərçivəsində SPECA İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşü keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA-nın regionumuz üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, SPECA iştirakçı ölkələrdə iqtisadi inkişafı, ekoloji dayanıqlığı və innovasiyaları təşviq edən regional əməkdaşlıq üçün mühüm platforma yaradıb. Ölkələrimiz SPECA-nın dəstəyi ilə iqtisadiyyatlarını gücləndirir, həmçinin iqlim dəyişikliyi çağırışlarına hazır olan gələcək qurur. SPECA İqlim və İnnovasiya Dialoqu isə bir çox ölkələr üçün önəmli və vahid platforma rolunu oynayır. Dialoq vasitəsilə ölkələrimiz Paris Sazişi və 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyi ilə müəyyən edilmiş hədəflərə töhfə verəcək. Dialoq iqlim dəyişikliyinin ətraf mühitə, sosial və iqtisadi təsirlərinə dair birgə strategiyaların formalaşması baxımından da faydalıdır.

Diqqətə çatdırılıb ki, SPECA İqlim və İnnovasiya Dialoqu aşağı karbonlu, dayanıqlı iqtisadiyyatlara keçidə stimul yaradacaq. Dialoq vasitəsilə müxtəlif sektorlardan maraqlı tərəflər cəlb edilməklə, bilik mübadiləsi, yaşıl inkişaf üçün konkret həllər hazırlanacaq. Dialoq regionda innovativ, davamlı təcrübələri həyata keçirmək imkanlarının artırılmasında mühüm rol oynayacaq. Qeyd edilənlərlə yanaşı, enerji kompleksində bərpa olunan enerjinin payının, enerji səmərəliliyinin artırılması və dairəvi iqtisadiyyata keçid kimi təşəbbüslər dəstəklənəcək.

SPECA Çoxtərəfli Etimad Fondunun isə iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və davamlı inkişaf kimi ortaq problemləri həll etmək üçün çevik mexanizm olacağı diqqətə çatdırılıb.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana və BMNT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan iqlim dəyişmələrindən qaynaqlanan çağırışların öhdəsindən gəlmək üçün dünyada dialoq və birgə təşəbbüslərin vacibliyini önə çəkiblər. Diqqətə çatdırılıb ki, dialoq davamlı inkişaf üçün innovasiya ekosistemləri və texnologiyalarının gücləndirilməsi kimi sahələrdə sinerjiyə nail olmağa təkan verə bilər. Nəticəyönümlü iqlim fəaliyyəti, dayanıqlıq və rifah üçün innovasiyalardan səmərəli istifadənin mühümlüyü qeyd olunub.

Həmçinin, Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Şoxrux Qulamov çıxışlarında iqlim məsələləri ilə bağlı regional və beynəlxalq əməkdaşlığın önəmini qeyd ediblər, İqlim və İnnovasiya Dialoqu və Çoxtərəfli Etimad Fondunun gözlənilən faydaları barədə fikirlərini bildiriblər.

Tədbirin yekununda SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair Bakı Birgə Nazirlər Bəyanatı imzalanıb.

Избранный
19
8
sia.az

10Источники