RU

COP-29-dan sonra ictimai şüurda ətraf mühitə münasibətdə müsbət yöndə dəyişikliklərin şahidi olacağıq

Bu gün dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal aln bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulanlar sırasındadır. Və bu gün ölkəmiz mühüm tədbir olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin növbəti Konfransına – COP29-a ev sahibliyi edir. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli ilə müsahibəmizi də bu mövzuda apardıq:

-Ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin növbəti Konfransına – COP29-a ciddi hazırlıq görüldüyünün şahidi olduq. Bu beynəlxalq iqlim tədbiri ölkəmiz üçün hansı perspektivləri verə bilər?

-Öncə qeyd edim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər konfransının Azərbaycanda keçirilməsi bizim üçün olduqca əhəmiyyətlidir. Azərbaycan 2015-ci ildə imzalanmış Paris sazişinin 195 tərəfdaş dövlətlərindən biridir. Ölkəmiz Paris razılaşmasına uyğun olaraq, karbon emissiyasını 2050-ci ilə qədər 40 faizə qədər azaltmağı qarşısına məqsəd qoyub. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°Chədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

Son illər Azərbaycanda, xüsusilə Bakı və Abşeronda, iri şəhərlərdə iri miqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilib. Meşələr salınıb, yaşıllıqlar bərpa edilib. Paytaxt Bakıda karbonsuz nəqliyyata keçid istiqamətində mühüm layihələr həyata keirilib. Bu işlər hazırda yüksək sürətlə davam etdirilir. Şəhərdə velosiped zolaqları yaradılıb, skuterlərin  hərəkəti üçün infrastruktur formalaşdırılıb. Ölkəyə yüzdən çox elektriklə işləyən avtobuslar gətirilib. Yaxın günlərdə onlar xəttə buraxılacaq. Bakının baş planına uyğun olaraq, paytaxtda tramvay və elektrik qatarları şəbəkəsinin yaradılacağı nəzərdə tutulur. Hökumət elektriklə işləyən avtomobillərin ölkəyə gətirilməsini təşviq edir. Bu istiqamətdə mühüm addımlar atılıb, hibrid avtomobillərin idxalına olan gömrük rüsumları azaldılıb. Neft Bakısının torpaqları, atmosferi son 150 ildə kifayət qədər çirklənib. Son illər Bakının ayrı-ayrı ərazilərində torpaqlar neft çirkabından təmizlənir, böyük parklar salınır. Qala, Zirə və digər bölgələrdə neftlə çirklənmiş ərazilərdə indi göz oxşayan parklar var. Bir zamanlar “qara şəhər” adlanan ərazidə-Ağ şəhərdə indi göydələnlər, biznes mərkəzləri, ofislər, müasir idarə və müəssisələr, otellər, konfrans zalları fəaliyyət göstərir.

Son 30 ildə əhali ilə yüklənmiş Bakıda bu cür tədbirlərin böyük əhəmiyyəti var. Əhalinin artması 1 milyonliuq Sovet Bakısını əhəmiyyətli dərəcədə dəyişmişdi. Böyük sənaye müəssisələri, xidmət sahələri bu şəhərdə yaradıldı. İri göydələnlər tikildi, böyük yaşayış massivlər yaradıldı. Bu isə atmosferin çirklənməsini şərtləndirən amillərdən idi.  Bu problemləri aradan qaldırmaq üçün yaşıl enerjiyə keçid günün tələbidir. Azərbaycan təkcə Bakı və Abşeronda deyil, ölkənin 3 böyük regionunda yaşıl enerji layihələrini davam etdirir. Ölkəmiz bu sahədə dünyanın qabaqcıl, nüfuzlu şirkətləri ilə əməkdaşlığını artırıb. Artıq Qaradağda Cənubi Qafqazın ən böyük günəş enerjisi stansiyası fəaliyyətə başlayıb. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaşıl enerji zonaları elan edilib. İşğaldan azad olunmuş bölgələrdə aparılan tikinti-quruculuq, bərpa və yenidənqurma işləri yaşıl texnologiyalara əsaslanır.

COP-29 Azərbaycanda turizmin, xidmət sektorunun inkişafına səbəb olacaq. Beynəlxalq münasibətlərdə ölkəmizin nüfuzunu artıracaq. COP-29 qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə zəif inkişaf etmiş ölkələrin mitiqasiya və adaptasiya prosesinə dəstək qərarları ilə yadda qalacaq.

-Beynəlxalq iqlim tədbirləri qlobal iqlim siyasətində yeni dönüş nöqtəsi yarada bilərmi? Ümumiyyətlə bu tədbirlərdən hansı nəticələri gözləmək olar?

- Bakı konfransı qlobal iqlim dəyişikliyinin təsirini azaltmaq üçün beynəlxalq əməkdaşlıqla bağlı mühüm platformaya çevriləcək. COP29-da inkişaf etməkdə olan dövlətlərə yardım məqsədilə “Yaşıl fondun” yaradılacağı gözlənilir. Böyük ehtimalla bu təşəbbüslə ölkəmiz çıxış edəcək. Azərbaycan beynəlxalq birliyinin məsuliyyətli üzvü kimi hər zaman qlobal miqyaslı problemlərin həllində səmərəli təşəbbüslərlə çıxış edib. Koronovirus pandemiyası dövründə ölkəmiz zəif iknişaf etmiş dövlətlərə humanitar yardımlar göstərdi, vaksin göndərdi. Ekoloji problem, qlobal istiləşmə bir ölkənin həll edəcəyi məsələ deyil. Qlobal istiləşmənin nəticələrinin yumşaldılması ilə bağlı layihələri ən azı region dövlətləri dəstək verməli, birgə işlər görülməlidir. Çünki antropogen təsirlərdən qaynaqlanan qlobal istiləşmə bu sürətlə davam edərsə, yaxın gələcəkdə təbii fəlakətlər: sürüşmələr, zəlzələlər, daşqınlar, buzlaqların əriməsi artacaq. Meşələrin yoxa çıxmasının, torpaqların şoranlaşmasının şahidi olacağıq. Nə qədər gec deyil, biz bu problemləri birlikdə həll etməliyik. Karbon emossiyasının azaldılması ilə bağlı dövlətlər qarşısına konkret öhdəliklər qoyulub. Bakı konfransında daha ciddi qərarların qəbulu gözlənilir. Çünki qlobal istiləşmənin nəticələrinin yumşaldılması ilə bağlı mübarizədə öz modelini yaratmış Azərbaycan kimi dövlətlərlə yanaşı, Paris sazişinə önəm verməyən ölkələr də var.

-Vətəndaş cəmiyyəti bu istiqamətdə hansı töhfələri verə bilər?

- Son 20 ildə Azərbaycanda vətəndaş cəmiyyəti özünəməxsus inkişaf yolu keçib. Bəzən çox mühüm qərarların qəbulunda, proseslərin başlanmasında üçüncü sektor aktiv rol oynayıb. Elə son 4 ildə Qarabağda baş verən hadisələr zamanı yaşananları misal göstərə bilərik. Qlobal iqlim dəyişikliyi ilə mübarizə tədbirləri tək dövlətin, rəsmi qurumların aparacağı iş deyil. Təbii ki, yaşıl enerji sektorunun, karbonsuz nəqliyyatın yaradılması rəsmi qurumların, iri şirkətlərin görə biləcəyi işdir. Bu layihələri bir QHT, ya bir sahibkar həyata keçirə bilməz. Lakin görüləsi əsas işlərdən biri ictimai şüurda dəyişikliyin yaradılmasıdır ki, QHT-lər, vətəndaş cəmiyyəti bu işdə aktiv ola bilər. Ölkəboyu, bütün sosial qrupları hədəfləyən təşviqat, maarifləndirmə işləri görülməlidir. Bu işdə medianın, vətəndaş cəmiyyətinin böyük rolu ola bilər. Vətəndaş cəmiyyəti məktəblilər, sahibkarlar, fermerlə arasında maarifləndirmə işləri aparmalıdır. Yaşıl Azərbaycanın qurulması hamımızdan, xüsusilə gənc nəsildən asılıdır. Bunun üçün gənc nəsildə hələ erkən yaşlarından ekoloji şüurun formalaşdırılmasına ehtiyac var. Ekoloi tərbiyə ailədən başlanmalı, məktəbdə davam etməlidir.

İyun-iyul aylarında həyata keçirdiyimiz layihələr çərçivəsində ölkənin qərb bölgəsində olduq. Ətraf mühitin mühafizəsi, sahibsiz heyvanlara qayğı göstərilməsi ilə bağlı seminarlar, ictimai müzakirələr keçirdik. Təbliğatın təsiri çox güclüdür. Artıq hətta ən ucqar kəndlərimizdə belə ictimai şüurda dəyişikliyin sahidi oldum. İnsanlar artıq ətraf mühitə, canlı aləmə duyarsız deyillər. Hacıkənddə, Daşkəsəndə belə insanlar sahibsiz heyvanlar üçün sığınacaqların yaradılmasını, yaşıllıqların qorunmasını vacib hesab edirdilər.

Hesab edirəm ki, bütün bunlar, yəni ictimai şüurun dəyişməsi medianın, televiziyaların, QHT-lərin apardığı təbliğatın nəticəsidir.

Heç şübhəsiz ki, COP-29-dan sonra ictimai şüurda ətraf mühitə münasibətdə müsbət yöndə dəyişikliklərin şahidi olacağıq. Xüsusilə yaşıl nəqliyyatın yayğınlaşacağını gözləyirəm.Ölkəmizdə, xüsusilə paytaxtda velosiped, skuter nəqliyyatının geniş yayılacağını müşahidə edəcəyik.

Mikayıl HƏSƏNLİ

 

Избранный
39
herbiand.az

1Источники