RU

Yaşıl dünya naminə yeni düşüncə formalaşmalıdır -  Çingiz İsmayılov 

Yazını böyüt
Yazını kiçilt

Paytaxt Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər konfransı davam edir. Dünyanın 190 ölkəsindən 75 min nümayəndənin qatıldığı beynəlxalq tədbirdə dünyanın gələcəyini təhdid edən məsələlər və onların həll yolları müzakirə edilir. Sağlam gələcək naminə dünyanın ürəyi Azərbaycanda döyünür. COP29 konfransının məsuliyyətini üzərinə götürən dövlətlər yaşıl dünyanı təmin etmək, harmonik inkişafını, tarazlığını qorumaq, təhlükəsizliyini təmin etmək üçün mümkün imkanlar, şərtlər əsasında bəşəriyyətə, dünya güclərinə bir daha səslənir. İqlim dəyişikliyi ilə bağlı Azərbaycanda toplaşan dünya dövlətlərinin apardığı müzakirələr hansı nəticələri vəd edir? Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən ekoloq, professor Çingiz İsmayılov bir sıra məqamlara diqqət çəkib.

- İqlim dəyişikliyi ilə bağlı BMT-nin keçirdiyi COP konfranslarını zəruri edən nədir?

- Qlobal iqlim dəyişikliyi bəşəriyyətin, canlıların, ətraf mühitin dəyişməsində vacib rol oynayır. İqlim dəyişikliyi təbii proses olaraq, tarix boyu daim müəyyən dəyişikliklərə səbəb olub, soyuqlaşma, istiləşmə dövrü ilə əvəzlənir. Bu, qaçılmaz bir prosesdir və bir çox amillərin təsiri altında baş verir. Buna insan amili əlavə olunduqca biomüxtəlifliyin dəyişməsi, dövlət tərəfindən aparılan iqtisadi siyasətin və nəticədə, siyasi münasibətlərin dəyişməsində çox böyük təsiredici rol oynayır. Onun xaricində bu məsələnin dövlət başçıları səviyyəsində müzakirəyə verilməsi qaçılmazdır.

- COP29 üçün Azərbaycanın ev sahibi seçilməsini şərtləndirən amillər hansılardır?

- Bundan öncə COP27, COP28 konfransları Misirdə, Birləşmiş Ərəb Əmirliklərində keçirilmişdi. 30-cu sammit isə Braziliyada olacaq. Bu ölkələr neft hasil edir və ilk növbədə, neft hasil edərək iqlim dəyişilməsində də təsiredici rol oynayır. Doğrudur, Azərbaycanda neft hasilatı Misirlə, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya ilə müqayisədə kifayət qədər azdır. Buna baxmayaraq, Azərbaycan eyni zamanda təkcə neft hasilatı ilə bağlı deyil, iqtisadiyyatın digər sahələrinin inkişafı ilə də fərqlənir. Bu qərar Azərbaycanın beynəlxalq müstəvidəki rolu ilə bağlıdır. Bundan öncə də ölkəmizdə Eurovision, Avropa Oyunları uğurla keçirilmişdi. Bütün bunlar göstərdi ki, respublikamızın böyük, beynəlxalq miqyaslı tədbirlərin keçirilməsində təcrübəsi vardır. Burada Azərbaycanın beynəlxalq nüfuzu, BMT ölkələri, öncə Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən dəstəklənməsi vacib rol oynamışdır. Qeyd edək ki, Azərbaycanda yaxın iki ildə də belə nüfuzlu tədbirlər keçiriləcək. Gələn il COP-dan sonra BMT-nin daha iki əhəmiyyətli tədbiri - Habitat, yaxud Dünya Urban Forumu keçiriləcək. 2026-cı ildə keçiriləcək MDB ölkələrinin oyunları mühüm tədbirlər sırasında dayanır. Bütün bunlar onu göstərir ki, ölkəmiz kifayət qədər nüfuz qazanmışdır. Belə tədbirlərin keçirilməsində maraqlıyıq və bu, digər ölkələr tərəfindən də dəstəklənir. Bu onu göstərir ki, Azərbaycana inam çox böyükdür.

- COP29 beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı problemlərə yanaşmasında, dünyanın ekoloji mühitinin sağlamlaşması yönündə hansı irəliləyişləri vəd edir?

- Problemlər kifayət qədər böyükdür. İlk növbədə, Maliyyə Fondunun yaradılması və o fondun maliyyə resurslarının gələcəkdə ədalətli bölünməsi məsələsi gəlir. İnkişaf etməkdə olan ölkələrə iqtisadi siyasətin yeridilməsi də ekoloji amillərin önə çəkilməsi baxımından dəstəklərin verilməsi, müasir texnologiyaların tətbiqi ümid yaradır ki, bu ölkələrdə yeni irəliləyişlər əldə olunacaq və ətraf mühitə insan fəaliyyəti ilə bağlı mənfi təsiri azalacaqdır.

- Dünya gücləri yaşıl dünya, sağlam ekoloji mühit naminə nə etməlidir?

- İnkişaf etmiş ölkələr geridə qalmış ölkələrə müasir, ekoloji baxımdan daha mükəmməl texnologiyaların ötürülməsinə yol açmalıdır. İkinci vacib məsələ – insan düşüncəsinin dəyişdirilməsi baxımından maarifləndirmə işləri gücləndirilməlidir. Müasir texnologiyaları tətbiq etmək və buna vəsait də ayırmaq olar. Ən vacib məsələ odur ki, insanların düşüncələri dəyişilməlidir. İnsanların düşüncəsi dəyişmədikcə bu, məişətdə, ailədə və digər sahələr üzrə insan fəaliyyətində özünü büruzə verməlidir. Düşüncə dəyişmədikdə, nəticə istənilən olmayacaq. Bunun üçün də ilk növbədə əsas məsələ müasir texnologiyanın ötürülməsidir və geridə qalmış ölkələrdə yaşıl dünya naminə yeni düşüncənin formalaşmasıdır.

- Məlum faktdır ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində fauna, floramız, torpaqlarımız məhv edilib. BMT təbii tarazlığı pozan belə halların qarşısını almaq üçün nə vəd edə bilər?

- Müasir dünyada bəzi regionlarda müharibələr gedir və bununla da ətraf mühitə çox böyük ziyan dəyir. Bunun qarşısını alacaq belə bir yanaşma formalaşmamışdır. Bəzi dövlətlər öz gücünə güvənərək iqtisadi, siyasi, geosiyasi vəziyyəti bütövlükdə dəyişmək cəhdlərindən əl çəkməyib. BMT-nin yalnız Baş Assambleyasında müəyyən qərarların qəbul edilməsi ilə hansısa cəhdləri mövcuddur. Biz Ermənistanın işğalı zamanında qəbul edilmiş məlum 4 qətnamənin 25 ildən çox müddətdə realizə olunmamasının şahidiyik. Ona görə də etiraf etməliyik ki, hələ ki, belə bir mexanizm yoxdur. Yalnız güc mərkəzləri daha məsuliyyətli yanaşaraq geosiyasi mənzərənin güc vasitəsi ilə dəyişməsi cəhdlərində baxışlarını dəyişməlidir. Əks halda, müharibələr davam edəcək, bu da regional müharibələrin qlobal miqyasa çevrilməsi ilə bağlı təhlükələri artıracaq. Biz dəyişən dünyada yaşayırıq. Ola bilər ki, bu müharibələrin sönməsi nəticəsində hansısa bir yeni qərarlar qəbul olsun və bu da dəyişən dünyada yeni inkişaf istiqamətlərinin formalaşmasına yol açsın.

 

Избранный
45
hafta.az

1Источники