RU

"Kişilər üzük taxaraq öz rahatlıqlarını pozmaq istəmirlər" -Psixoloq DANIŞDI

Adətən, nişanlı və evli cütlüklər arasında yaranan problemlərdən biri də üzük taxmaqla bağlı olur. Çünki qadınlar gündəlik həyatlarında üzükdən istifadə edirlər, lakin bu, kişilər üçün nadir hallarda keçərli olur. Yəni qadınlar nişanlı və ya evli olduqlarının nişanəsi olan üzüyü barmaqlarında gəzdirərək öz ailə vəziyyətlərini gizlətmirlər. Kişilərdə isə tamamilə əksinə olduğu üçün qınanılan bu məsələ qadınların qısqanclığı səbəbilə başlayan uzun-uzadı müzakirələrə və hətta ayrılığa qədər gedib çıxa bilir. 

Maraqlıdır, kişilər öz münasibətlərdən xəbər verən üzüklərini nə üçün barmaqlarında daşımaq istəmirlər?

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Redaktor.az-a açıqlamasında bildirib ki, insanların davranışları sosial normativlər və cinsiyyət rolları ilə əlaqəlidir:

"Kişilərin gündəlik həyatda üzük taxmaqdan çəkinməsi, əsasən, cəmiyyətin kişilərdən fərqli gözləntiləri ilə izah edilə bilər. Cəmiyyət kişi və qadınlardan müxtəlif rollar gözləyir. Qadınlardan münasibətlərini açıq şəkildə "göstərmələri" gözləndiyi halda, kişilər üçün bu, prioritet sayılmır. Qadının üzük taxması daha çox bağlılıq və sadiqlik simvolu kimi qəbul olunur və bu normanı pozduqda daha çox mühakiməyə səbəb olur".

Psixoloqun sözlərinə görə, bəzən kişilər üzük taxmağı bir məcburiyyət kimi görərək, öz rahatlıqlarını pozmaq istəmirlər:

"Bizim cəmiyyətdə qadınların üzük taxmamaları daha çox diqqət çəkir və bəzən münasibət statuslarına dair suallar doğurur. Cəmiyyətdə formalaşan cinsiyyət stereotipləri getdikcə dəyişsə də, kişi və qadınlardan fərqli gözləntilərin mövcud olması, hələ də bu kimi fərqlərin yaranmasına səbəb olur. Fərdi və azad yanaşma olmalıdır ki, insanlar fərqlərinə görə qınaq və qərəzlərə məruz qalmasınlar".

Sevinc İBRAHİMZADƏ

 

Избранный
47
redaktor.az

1Источники