RU

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir ŞƏRH

Məlum olduğu kimi, noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Qeyd etmək lazımdır ki, hər bir ölkə özünəməxsus yerləşmə xüsusiyyətinə malikdir. Ölkələrin dünyanın siyasi xəritəsində mövqeyi başqa dövlətlərlə əlaqəsi kimi qiymətləndirilir. İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu mühüm müzakirə dünya ictimaiyyətinin diqqət mərkəzində idi. Çünki iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin problemləri məhz bu ali tirbunadan səsləndi. Burada bir məqama diqqət yetirmək lazımdır ki, 1946-cı ildə yaradılmış Millətlər Birliyinin 56 üzvündən 25-i inkişaf etməkdə olan ada dövlətidir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Kiçik ada dövlətlərinin sammitində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”. Bu o deməkdir ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir. Həmçinin president deyib: “Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır”. Bütün bunlar Azərbaycanın dünyada baş verən proseslərə laqeyid qalmadığını, dünyanın həssas bölgələrində yaşayan insanların üzləşdiyi problemlərin həllinə yardımçı olmağa töhfə verməyə hazır olduğunun göstəricisidir. Azərbaycan kiçik ada dövlətləri ilə diplomatik əlaqələrini gücləndirmək, onlara beynəlxalq səhnədə dəstək vermək və birgə maraqları müdafiə etmək istiqamətində fəaliyyət göstərir. Prezident İlham Əliyev çıxışında Fransanın 1966-1996-cı illər ərzində Fransa Polineziyası apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşdiyini vurğulayıb. “Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”. Qeyd etməliyik ki, ekosistemə vurulan ziyan müxtəlif yollarla təbiətin tarazlığını poza bilər və bu da həm təbiətə, həm də insanlar üçün ciddi fəsadlara səbəb ola bilər. Ekosistemdəki dəyişikliklər həm canlı varlıqlar, həm canlı olmayan varlıqların qarşılıqlı əlaqəsinin pozulmasına səbəb olur. Ekosistemlərdə baş verən dəyişikliklər təbiətin özünütəmizləmə və tarazlıq yaratma qabiliyyətini azaldır və ətraf mühitin qlobal olaraq dəyişməsinə gətirib çıxarır. Bu səbəbdən ekosistemlərin qorunması, insan fəaliyyətlərinin təbiətə verdiyi ziyanın azaldılması həyati əhəmiyyət kəsb edir.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Избранный
59
2
sesqazeti.az

10Источники