RU

Mühasib seçərkən diqqət etməli olduğumuz əsas məqamlar hansılardır? - ÖZƏL

Mühasib seçərkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Mühasib, biznesin maliyyə və vergi işlərinin düzgün idarə olunmasında çox önəmli rol oynayır. Bu səbəbdən, mühasibin seçilməsi zamanı diqqət yetirilməli olan xüsusiyyətlər həm işin hüquqi və vergi tərəflərini, həm də maliyyə hesabatlarını düzgün tərtib etmə bacarığını əhatə edir.

İşdə mühasib seçərkən diqqət etməli olduğumuz əsas məqamlar hansılardır? 

Bu kimi suallara cavab tapmaq üçün Milli.Az olaraq mühasibatlıq və vergi məsələləri üzrə ekspert Finadə Əliyeva ilə həmsöhbət olduq.

Mütəxəsis mühasibin təcrübəsinin olmasının çox önəmli olduğunu vurğuladı.

"Əvvəlki işlərində nə qədər illik təcrübəsi olduğunu və hansı sahələrdə işlədiyini soruşub öyrənmək mütləqdir. Məsələn, əgər kiçik və orta ölçülü bir şirkətiniz varsa, mühasibin bu tip müəssisələrdə işləməsi faydalı ola bilər. Peşəkar sertifikatlar və diplomlar da əhəmiyyətlidir. Bu, mühasibin peşə sahəsində nə qədər bilik və təcrübəyə sahib olduğunu göstərir. Misal olaraq, CFA (Certified Financial Analyst) və ya CPA (Certified Public Accountant) kimi beynəlxalq səviyyədə tanınan sertifikatlar əlavə üstünlük sayılır. Maliyyə və vergi qanunvericiliyini yaxşı bilməlidir. Mühasib, ölkənin maliyyə və vergi qanunvericiliyini dərindən bilməlidir ki, şirkətinizin vergi məsələlərində problem yaşamasın. Burada işlədiyi proqramlar da çox önəm daşıyır. Müasir mühasibat proqramlarını və maliyyə idarəetmə alətlərini istifadə etmə bacarığı vacibdir. Xüsusən 1C, SAP, Excel kimi proqramlarla təcrübəsi olan mühasiblər işinizi asanlaşdırar. Çox həssas maliyyə məlumatlarına çıxış əldə edəcək, buna görə də etibarlılıq və dürüstlük çox vacibdir. İş etikası və məxfilik prinsipinə riayət etməsi vacibdir. Əgər mümkündürsə, referanslar ilə əlaqə saxlayıb əvvəlki iş yerlərindəki rəhbərlərlə danışmaq lazımdır. Dəqiqlik və detallara diqqət mühasibatlıq sahəsində kritikdir. Hətta kiçik səhvlər belə maliyyə hesabatlarını və vergi ödənişlərini səhv edə bilər. Mühasibin işi düzgün və səhvsiz yerinə yetirməsi çox önəmlidir", o, bildirib.

F.Əliyeva mühasiblərin tək işləməsi məsələsinə də aydınlıq gətirdi. Onun fikrincə, bu sahədə işlər birlikdə aparılmalıdır:

"Mühasib tək işləməməli, həm də şirkət daxilində digər bölmələrlə sıx əməkdaşlıq etməlidir. Buna görə də kommunikasiya bacarıqları mühüm rol oynayır. Yaxşı bir mühasib, sadə dillə şirkət rəhbərliyinə və digər əməkdaşlara maliyyə və vergi məsələlərini izah edə bilməlidir. Mühasibatlıq sahəsi çox vaxt stresli və vaxtla bağlı işlər tələb edir. Təzyiq altında düzgün işləməsi vacibdir, xüsusən vergi dövriyyələri, il sonu hesabatları və maliyyə auditləri zamanı. Yeni trendlər və texnologiyaları izləmək də mühasibin müsbət xüsusiyyətlərindəndir. bu sahə daim dəyişir, yeni vergi qanunları və iqtisadiyyatla bağlı məlumatlar ortaya çıxır, buna görə mühasibin öz biliklərini mütəmadi olaraq yeniləməsi vacibdir. Şirkətinizin tələblərinə uyğun olaraq onun xüsusi sahələrdə təcrübəsi olmasına diqqət yetirin. Məsələn, vergi mühasibatlığı, hesabatlıq, auditorluq, kredit və maliyyə analizi kimi sahələrdə təcrübəsi olan mühasib sizin üçün daha faydalı ola bilər. Mühasibin qiyməti də seçiminizə təsir edə bilər. Xüsusilə kiçik və orta bizneslər üçün, mühasibin qiymət siyasəti çox vacibdir. Həmçinin mühasibin təqdim etdiyi xidmətlər və qiymət arasında balansı düzgün qurmaq lazımdır", deyə mütəxəsis sözlərini yekunlaşdırdı.

Xəyal Abdullayev
Milli.Az

Избранный
21
milli.az

1Источники