RU

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı olduqca vacibdir – TƏHLİL

Hər bir sağlam cəmiyyət uşaq və gənclərin fiziki və mənəvi inkişafında maraqlıdır. Çünki cəmiyyətin gələcəyinin, məhz gənclərdən asılı olduğu təkzibedilməz reallıqdır. Məhz bu baxımdan da uşaq və gənclərin fiziki, həmçinin mənəvi inkişafı daim diqqət mərkəzində olmalıdır və biz bu diqqəti ölkəmizdə hər zaman hiss edirik.

Savadlı, bilikli, fiziki və mənəvi cəhətdən sağlam olan uşaq və gənclərin yetişməsi gələcəyin etibarlı əllərdə olması deməkdir. Çünki məhz bu şəkildə sağlam yetişən uşaq və gənclər cəmiyyətin gələcəyinin etibarlı əllərdə olmasına zəmin yaradır və hətta təminat da verir. İstənilən bir sağlam cəmiyyətin məhz uşaq və gənclərin həm fiziki, həm də mənəvi tərbiyəsinə, sağlam ruhda inkişafına xüsusi diqqət və qayğı ilə yanaşması vacibdir, başadüşüləndir, həm də məntiqidir. Ona görə ki, gələcəyi məhz uşaq və gənclər müəyyən edirlər, cəmiyyətin gələcəyi məhz uşaq və gənclərdən asılıdır, hansı ki, bunu təkzib etmək mümkün də deyil və bu baxımdan da ölkəmizdə bu diqqət, bu qayığı hər zaman olduqca vacib hesab olunur.

Uşaq və gənclərin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı dedikdə onların sağlam şəkildə yetişməsi nəzərdə tutulur. Məhz elə onların sağlam yetişmələri üçün də ölkəmizdə müvafiq işlər görülür. Həmin işləri sadalamaqla bitən deyil, amma hər halda, respublikamızda tikilən, təmir və bərpa edilən, uşaq və gənclərin istifadəsinə verilən bağçaları, məktəbləri, fərqli təyinatlı idman komplekslərini, ilk növbədə diqqətə çatdırmaq yerinə düşərdi. Təkcə respublikamızın paytaxtında deyil, ayrı-ayrı bölgələrdə, Azərbaycanın şəhər və rayonlarında, ən ucqar kəndlərində belə ən müasir standarlara cavab verən təhsil və tərbiyə ocaqlarının, idman meydançalarının, müxtəlif komplekslərin inşa edilməsi heç də əbəs yerə deyil, məhz uşaq və gənclərin fiziki və mənəvi baxımdan sağlam yetişməsi, böyüməsi üçündür.

Dünyamızın sürətlə inkişaf etdiyi bir vaxtda elmdən, təhsildən, ümumiyyətlə, inkişafdan qalmaq birmənalı şəkildə geriləmək deməkdir və bu, qətiyyən qəbul edilən, yolverilən deyil. İnkişafla ayaqlaşmaq, müasir tələblərə cavab verən təhsilə, elmi biliklərə, təcrübələrə sahib olmaq, yiyələnmək olduqca vacibdir. Əvvəla ona görə ki, cəmiyyətimiz inkişafdan qalmamalı, geriləməməli, dövrün tələblərinə cavab verən göstəricilərlə öndə olmalıdır ki, ölkəmiz daim uğurlara, müvəffəqiyyətlərə, qələbələrə imza atmaqda davam etsin. İnkişafdan geri qalmamaq, elmi nailiyyətlər qazanmaq, müasir texnologiyalara, təcrübələrə yiyələnmək xalqımızın qələbə qazanmasında hansı rol oynadığını gördük və inkişafın nə dərəcədə önəmli, nə dərəcədə vacib olduğuna bir daha əmin olduq. Ona da əmin olduq ki, hər bir cəmiyyətdə uşaq və gənclərin elmli, bilikli, savadlı, təcrübəli yetişməsi həmin cəmiyyətin özünün inkişaf etmiş cəmiyyət olaraq bütün dünyada tanınması deməkdir. Daha dəqiq desək, istənilən bir cəmiyyətin inkişafının həmin cəmiyyətin uşaq və gənclərinin inkişafından asılı olduğu və bütövlükdə inkişaf etmiş cəmiyyət olaraq bütün dünyada qəbul edilməsi günümüzün reallığıdır. Bu baxımdan, uşaq və gənclərin ilk növbədə təhsilli olmasına, ən yeni təcrübələrə yiyələnmələrinə xüsusi diqqət yetirmək ən vacib hesab olunur. Məhz elə təhsil ocaqlarının da sayının ölkəmizdə günü-gündən artması bu baxımdan heç də təsadüfi deyil və ilk növbədə elmə, təhsilə, bilik və təcrübəyə, uşaq və gənclərin dövrün tələblərinə cavab verəcək səviyyədə yetişməsinə xüsusi önəm verilməsinin təzahürüdür.

Əlbəttə ki, uşaq və gənclərin təkcə savadlı, bilikli və təcrübəli olmaları cəmiyyətimiz üçün kifayət deyil. Uşaq və gənclərimizin fiziki baxımdan da sağlam yetişməsi olduqca vacib, olduqca önəmlidir. “Sağlam bədəndə sağlam ruh olar”, zərb məsəlində deyildiyi kimi, həqiqətən də uşaq və gənclərin sağlam ruhda olmaları üçün onların fiziki baxımdan da sağlam yetişməsinin vacibliyini gündəmə gətirir. Əlbəttə ki, vətən torpaqlarını müdafiə edə bilən fiziki baxımdan sağlam gəncliyə hər zaman ehtiyac var. Xüsusən də bizim coğrafiyamızda, daha dəqiq desək, ərazilərimizə göz dikən qonşu Ermənistanın olduğu bir şəraitdə fiziki baxımdan sağlam gənclərin yetişməsi hər zaman öz aktuallığını qoruyur. Biz məhz 44 günlük müharibə dönəmində gənclərimizin fiziki baxımdan necə sağlam olduğunun şahidi olduq. Şahidi olduq ki, gənclərimiz məhz fiziki baxımdan sağlam idilər deyə, yalçın qayalara qartallar kimi qalxaraq, düşməni diz çökdürdülər. Hətta düşmənin məhz bizim gənclərimizin fiziki baxımdan müqaisəyə gəlməyəcək dərəcədə güclü, qüvvətli, eləcə də hazırlıqlı olduğunu etiraf etdiklərinin də şahidi olduq. Məhz fiziki baxımdan güclü, qüvvətli, hazırlıqlı həmin gənclərin olması ilə necə ki, qürür duyuruq, bundan sonra da qürur duymaq istəyirik. Deməli, elə bundan sonra da uşaq və gənclərimizin fiziki baxımdan yetişməsinin, inkişaf etməsinin nə dərəcədə vacib olduğunu da başa düşürük və onlar üçün müvafiq şəraitin yaradılması da anlaşılandır. Qeyd edildiyi kimi, indi ölkəmizin təkcə paytaxt ərazilərində deyil, bütün bölgələrində müxtəlif idman komplekslərinin inşası, təmiri, istifadəyə verilməsi də uşaq və gənclərimizin fiziki baxımdan inkişafına diqqət və qayğının olduğunu bir daha təsdiq edir.

Sözsüz ki, gələcəyimizin təminatçısı olan uşaq və gənclərin həm də mənəvi baxımdan yetişməsi də ən önəmli məsələlərdən, ən vacib məqamlardandır. Hər bir cəmiyyət öz gələcəyinin təminatçısı olan uşaq və gənclərin milli ruhda yetişməsində, milli mənsubiyyətinə hörmətlə yanaşan, ali dəyərlərinə sayqı göstərən nəslin formalaşmasında maraqlıdır. Bizə məxsus olan dəyərləri qorumaq ən vacib şərtdir və bunun üçün çalışmağımız müqəddəs amal uğrunda çalışmaq deməkdir. Hər halda, 44 günlük müharibə dönəmində biz öz gənclərimizin canlarından, qanlarından keçməyə necə hazır olduqlarını gördük. Təkcə bir yox, bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycan gəncləri, ölkəmizin vətəndaşları vətən uğrunda, hər qarış torpaq uğrunda canlarını, qanlarını qurban verməkdən çəkinmədilər. Şəhidlərimizin, qazilərimizin öz qanları ilə necə tarix yazdıqlarının şahidi oldular. Şahidi oldular ki, Azərbaycan vətəndaşları milli ruhda, mənəvi cəhətdən yüksək səviyyədə inkişaf etmiş vətəndaşlardırlar və qələbələrimizin də əldə edilməsində onların əməyi, fədakarlığı danılmazdır. Deməli, bundan sonra da milli ruhda, yüksək səviyyədə mənəvi yetişkən olan gəncliyin olması ən vacib şərt olaraq qəbul edilir. Uşaq və gənclərimiz ilk növbədə doğulub boya-başa çatdığı ailədə, sonra tərbiyə və təhsil ocaqlarında, ələlxüsus da cəmiyyətimizdə milli ruhda tərbiyələndirilir. Öz milli dəyərlərinə sahib olan Azərbaycan ailəsi məhz milli mənsubiyyətinə hörmət və ehtiram bəsləyən, ana vətən deyərək, vətən torpağını hər şeydən uca tutan vətəndaşlar yetişdirir. Bunun ardınca da, uşaq bağçaları, orta məktəblər, ali təhsil ocaqları, sonra da cəmiyyətimiz gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda, mənəvi baxımdan inkişaf etmiş gənclər olaraq yetişməsində böyük rol oynayır. Əlbəttə ki, bütün bu məqamlarda ölkəmizin, dövlətimizin, dövlət başçımızın diqqəti, qayğısı özünü göstərir. Azərbaycanda məhz uşaq və gənclərin inkişafına olduqca böyük diqqət var. Ona görə ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı olduqca vacibdir.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Избранный
23
sia.az

1Источники