RU

105 yaşlı Universitet

Bakı Dövlət Universitetinin təsis olunmasından 105 il keçir. Bu illərdə universitetin təşkili ilə bağlı çox tarixlər yazılıb. Min bir əziyyətə qatlaşıb bu ali məktəbi təsis edənlər ittiham da olunub, olmazın böhtanlara məruz qalanları da olub. Bu təhsil ocağının yaranma tarixini bir il qabağa atanlar da olub. Hətta onu 1917-ci il oktyabr çevrilişinin yetirməsi kimi qələmə verənlər də olub.

Sovet dönəmində Universitetin yubileyi ilə bağlı yazılan məqalələrin, nəşr edilən kitabların, keçirilən yubileylərin çoxu Azərbaycanın sovet Rusiyası tərəfindən işğalının ildönümünə təsadüf edirdi.

Ey böyük elm məbədi, sənin şərəfli tarixin vətən tarixçilərini sınağa çəkdi. Bəziləri göz görə-görə, faktları təhrif edə-edə sənin təsis olunmağında əməyi olan insanları gözdən salmağa cəhd etdi.

Heç on il olardı-olmazdı ki, yaranmışdın, səni sahə institutlarına böldülər, bir sözlə adını silməyə cəhd etdilər. Amma bacarmadılar. Yenidən əvvəlki adla bərpa olundun və qürurla yaşadın. Bu barədə çox yazmaq olar. Amma fikirləşəndə ki, bayramındır, 105 yaşın tamam olur, haqqında ancaq xoş sözlər söyləmək lazımdır, acı tarixdən yan keçmək lazımdır.Ancaq tarix də olduğu kimi yazılanda daha maraqlı olur, çoxlarına da ibrət olur. Bu cümlələr də ümummilli lider Heydər Əliyevə məxsusdur.

Uzun illər ərzində gözünün qarşısında sənə həyat verən ziyalılarımız nə qədər tənqid olunub, böhtanlara məruz qalıb, sən bunların hamısının şahidisən. Amma ümidini itirmədin. Bilirdin ki, sənə həyat verənlər bu xalqın gözünün işığı olublar. Bu gün uşaqdan böyüyə Fətəli xan Xoyskinin Universitetlə bağlı bu fikrini əzbər bilir: "Bəs niyə Tiflisdə? Bəlkə də universiteti Bakıda açmaq daha düzgün olardı".

Sənin 105 yaşın tamam oldu. Sən heç zaman bu qədər əzəmətli görünməmişdin. Sənin şıltaq və tənbəl tələbələrin də, kobud müəllimlərin də olub. Amma sənə şöhrət gətirənlərin sayı qat-qat çox olub. 44 günlük Vətən Müharibəsinin qəhrəman əsgəri dünən sənin tələbən idi.O, qələmini rahatca süngüyə çevirə bildi.Bəzən razı qalmadığın tələbən cəbhədə 100 balını aldı, Vətən yolunda şəhid olmaqdan belə çəkinmədi. Bu qəhrəmanlıq tarixində sənin də böyük payın var.

Indiyə qədər çoxlu tədris binaların olub, bəzilərinin şəraiti heç qənaətbəxş olmayıb. Bu əsas deyil, əsas olanı odur ki, sən elm və təhsil məbədi olaraq həmişə zirvədə dayanıbsan.

Sən yadigarsan! Sən elə bir dövlətin, elə bir hökumətin, elə bir parlamentin yadigarısan ki, bizim hamımız -uşaqdan-böyüyə onunla fəxr edirik. O dövlətin himni, bayrağı bu gün də başımız üstündə şərəflə dalğalanır.

Sən Cümhuriyyətin yadigarısan. Onun səndən böyük övladı olmayıb. Sən də böyük övlad adını şərəflə doğrultdun.

70 illik sovet dönəmində Cümhuriyyətin 23 ay dalğalanan bayrağını əydilər, ancaq endirə bilmədilər. Sən də onun ən əziz yadigarı kimi bu 70 il ərzində çox şeylərin şahidi oldun. Sənin müqəddəs tribunandan çoxları danışıb. Bəziləri tarixə çevrilib, bəziləri isə həmin gün yaddan çıxıb.

1969-cu ildə 50 yaşın indiki Şəhriyar adına mədəniyyət mərkəzində keçirilirdi.Azərbaycana rəhbərliyə başlayan Heydər Əliyevin tribunadan ilk sözü Yoldaşlar ifadəsi oldu.Zal donub qaldı.Sənin məzunun olan Heydər Əliyev də sənin milliliyinlə fəxr edirdi:”Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının mili sərvəti və milli iftixarıdır.”

Bu illər ərzində sənə çoxları rəhbərlik edib, ədalətlisi də olub, xeyirxahı da olub, sənə görə özünü tanıtdıranı da olub, şəxsi marağına üstünlük verəni də olub, səni tanıtdırmaq üçün hər şeydən keçəni də olub, nəfsinə sahib olanı da olub, nəfsinin əsiri olanı da olub. Dediklərim mübahisə predmeti deyil. Ən əsası odur ki, sən elm və təhsil məbədisən. Doğrudur, bəzi müəllimlərinlə bağlı dodaqaltı nə isə demək olar. Amma bir məbəd olaraq sənin haqqında ancaq xoş sözlər deməliyik.

Sənin yolun millət yoludur, sənin yolun haqq yoludur. Sən bütün dövrlərdə xalqımızın taleyi ilə bağlı məsələlərin həllində öndə durursan. Xalqımızın, ölkəmizin həyatı ilə bağlı hansı uğurlarımıza imza atılırsa, o xoş xəbəri sənin çoxsaylı auditoriyalarından eşitmək olur. "Vətəni sevmək imandandır" deyən də sən olubsan, Vətən üçün ilk şəhidləri verən də sən olmusan. Buna ən böyük nümunə şəhidlərin şərəfinə öz qucağında ucaltdığın abidədir.

Sən 30 ildən çoxdur ki, rahat addımlar atırsan. Son yubileylərin çox şirin keçir. Yubileylərin hər yerdə, hər evdə bayram edilir. Çünki sənin verdiyin diplomla halal zəhmətlə yaşayan insanların sayı lap çoxdur. Ona görə də sənin yubileyini hamı bayram edir.

Bu illər ərzində sənin nüfuzun heç vaxt indiki qədər möhtəşəm olmayıb. İndi yuxarıdan sənə qayğı və diqqət göstərənlər və sənə bacarıqla rəhbərlik edənlər buna nail olublar. Ən əsası sən müstəqil dövlətimizin ən böyük ali təhsil ocağı adını böyük fəxrlə daşıyırsan.

Səninlə bağlı xoş söz deyənlərin sayı çoxdur. Bu sənin əzəmətindən xəbər verir. 105 ildir ki, sən gəncləri ağuşuna alıb, sonra da xeyir-dua verib yola salırsan, sənin yolunda daha çox can qoyanlara yubileylər keçirirsən, təltiflərin olur. Bunların hamısı sənin adınla bağlıdır.

Sənin 100 illik yubileyin Parisdə UNESCO-nun Baş qərargahında, Vyanada, Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində,Azərbaycan Mədəniyyət Mərkəzində, sənin şinelindən çıxan milli Universitetlərimizdə, Milli Kitabxanada və bir çox qurumlarda yüksək səviyyədə qeyd olundu.

Bu 105 il ərzində dəfələrlə yubileyin qeyd olunub.Yubileylərin dördü-50, 60, 75, 80 illiyi ulu öndər Heydər Əliyevin sərəncamları ilə qeyd olunmuşdur.

50, 60, 75 illik yubileylərində ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdir.

90 illik və 100 illik yubileylərin Azərbaycanın dövlət başçısı,Ali Baş Komandan İlham Əliyev cənablarının sərəncamları ilə keçirilmişdir. Sənin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi tarixi nitqini oxuduqca oxumaq istəyirsən.

Sənin 100 illik yubileyinə ən böyük töhfələrdən biri də “Məzun günü”nün möhtəşəm Bakı Kristial Zalında 5 min məzunun iştirakı ilə yeni formatda qeyd olunması oldu.

Əziz və doğma Universitet, 105 yaşın mübarək! Bizim sənə bir borcumuz da var: Bu gün bu dövləti qalib dövlətlər sırasına çıxaran, bu xalqı qalib xalq edən, bu torpaqların bütövlüyünü və süverenliyini təmin edən, separatçı yuvasına son qoyan Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının taleyində və tarixində oynadığı cahanşümül rolunu tələbələrə böyük məhəbbətlə çatdırmaq.Sən bu missiyanı həyata keçirməyə hazırsan.

Yaşa, min yaşa! Yubileyin mübarək, əziz və doğma Universitetimiz!

Anar İsgəndər, professor

visiontv.az

 



Избранный
56
visiontv.az

1Источники