RU

Cəmiyyətin COP29-a baxışı necədir? - SORĞU

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

SİA COP29 tədbirinin ölkəmiz üçün əhəmiyyəti, vətəndaşların gözündən tədbirin necə görünməsi ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Salman Kərimov: "Respublikamızda keçirilən COP29 tədbiri dünyanın ən böyük, genişmiqyaslı tədbirlərindən biridir. Beynəlxalq əhəmiyyətlidir. Onun qarşıya qoyduğu ən böyük məqsədlərdən biri də ekologiyanı təmizləmək, çirklənməsinin qarşısını almaq, kimyəvi birləşmələrin havaya atılmasının qarşısını almaqdır. Bunun üçün də inkişaf etmiş ölkələrdən kifayət qədər pul toplanması qarşıya qoyulmuşdur. Hesab edirəm ki, Bakı şəhərində keçirilən bu böyük tədbir həmin tədbirlərin, bu işlərin aparılmasına təkan verəcəkdir. Mən bu tədbiri alqışlayıram, yaxşı tədbirdir. Çünki atmosferə çox böyük miqdarda çirkab tullanılır.

Xəzər dənizinin ətrafında olan bütün restoranların çirkab suları Xəzər dənizinə tökülür. Tədbir görən yoxdur. Yaxşı ki, bu tədbir Azərbaycanda keçirilir. Azərbaycanın nüfuzuna da müsbət təsir göstərəcək".

Şəhər sakini Gülbəniz Gülməmmədov: "Beynəlxalq tədbirdir. İqlim dəyişmələri ilə bağlıdır. Bütün bəşəriyyəti narahat edən məsələlərlə bağlı olduğu üçün tədbirin əhəmiyyəti böyükdür. Azərbaycanda keçirilməsinin mahiyyəti çoxdur. Gələcək nəsillərə fayda verməsini istəyərik".

Şəhər sakini Müşfiq Ələkbərov: "COP29 təkcə iqlimin dəyişməsi ilə bağlı olan problemin bu konfransda həlli deyil, həm də bütün dünyanın Azərbaycana diqqətidir. Ona görə də Azərbaycan vətəndaşı olaraq Bakımızın, Azərbaycanımızın dünyada təbliğ olunması, tanınmasında COP29-un böyük əhəmiyyəti vardır deyə düşünürəm, dəstəkləyirəm".

Şəhər sakini Tapdıq Abbasov: "Böyük dünyamiqyaslı tədbirin məqsədi kimi ekologiyanın yaxşılaşdırılması, karbon qazının havaya buraxılmasının qarşısının alınması bütün bəşəriyyətə xeyirdir. Dünya bunun üçün birləşməlidir. Tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana da çox fayda verəcək. Azərbaycan Respublikası dünyada tanınacaq, gələn qonaqlar Ermənistanla olan müharibəni əyani surətdə görəcəklər. Həmçinin qonaqlar Qarabağa gedib uçurumları, dağıntıları, erməni vəhşiliyini, onların vurduğu ziyanı görəcəklər. Bunun da ölkəmiz üçün əhəmiyyəti çox böyükdür".

Şəhər sakini Sürəyya Eyvalıyeva: "COP29 tədbirinin Azərbaycana hər sahədə faydası olacaq, deyə düşünürəm. İqlim dəyişmələri, suyun, havanın çirklənməsi bütün bəşəriyyəti narahat edən məsələlərdir. Azərbaycanda keçirilməsi isə bizim üçün xüsusilə faydalıdır. Bu beynəlxalq tədbirə görə dünya ölkələri Azərbaycana qonaq gəlib, bizim qonaqpərvərliyin də şahidi olacaqlar. Yeməklərimizlə tanış olacaqlar. Ümumiyyətlə, Azərbaycan mədəniyyətini görəcəklər".

Müəllif: Söylü Ağazadə
Избранный
46
sia.az

1Источники