RU

Məmurlar şəhid ailəsinin torpağını Adil Əliyevin göstərişi ilə dağıtdıqlarını deyirlər

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrini, yerli bələdiyyənin əlbir olub şəhidin ailəsinə məxsus torpaq sahəsini yağmaladığı bildirilir. 

Bu barədə şəhid ailəsinin üzvü olan Şahmurov İlqar Əlihəsən oğlu özü başına gələnləri danışıb. 

Dərdini sosial mediada açıqlayan vətəndaşın sözlərinə görə, rayonun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, döngə 2 ünvanında ona aid 6 sot torpaq sahəsi var.

O bildirir ki, hələ 2016-cı ildə həmin 6 sot torpağa görə 18 min manat verib. 

Şahmurov danışır ki, geridə qalan bu 8 il ərzində torpaq sahəsinin hasarını çəkdirib, su xətti qoyulub, müəyyən işlər görülüb, amma tikinti aparılmayıb. 

Dediyinə görə, 7 min daş istifadə olunub. Lakin günün birində Suraxanı rayon icra nümayəndəsi Qurbanəli İslamov və bələdiyyə sədri Elbrus Xəlilov əraziyə gələrək torpağın ona aid olmadığını iddia edərək daşı daş üstə qoymayıblar. Belə ki, ərazi traktora verilərək  şumlanıb, daşı daş üstə qalmayıb, bu da azmış kimi, həmin 7 min daş aparılıb ki, guya  qəbiristanlığın əmlakıdır. 

Şəhid ailəsi olan şikayətçi bildirir ki, öz cibindən xərc çəkib, 7 min daş alıb, torpaq sahəsini hasarlayıb, indisə məmurlar onun torpağını əlindən alıblar, əmlakını darmadağın ediblər. 

Şahmurov baş verənlərdən sonra Suraxanı rayon icra başçısı Adil Əliyevin qəbuluna gedib. Ancaq görüş keçirilən gün saatlarla gözləsələr də, qəbula düşə bilməyiblər. Bunun ardınca icra nümayəndəsi Qurbanəli İslamov yenidən şəhid ailəsinin üzərinə gəlib və onu təhdid edib. 

Şahmurovun sözlərinə görə, İslamov onu  hədələyərək deyib ki, Ermənistana casusluq və İran narkotacirləri ilə əlaqə ittihamları ilə səni tutduraram. Bütün bu hədə-qorxu, təzyiq və əmlakın dağıdılmasından sonra vətəndaş Suraxanı rayonu, 30-cu polis bölməsinə gedərək ərizə yazıb. 

Vətəndaş bildirir ki, ona məxsus torpaq sahəsinin icra başçısı Adil Əliyevin dayısına verildiyi haqda iddialar var: "Göründüyü kimi, icra başçısı Adil Əliyevin adından istifadə olunmaqla məmurlar şəhid ailəsinin torpağını əlindən alıblar, əmlakını şumlayıblar, başçının dayısının adına çıxarıblar. Bunun nə dərəcədə real olduğunu söyləmək çətindir, lakin həqiqət deyilsə, o zaman Suraxanı İH və başçısı Adil Əliyev ittihamlara münasibət bildirməlidir. Çünki faktiki olaraq, icra başçısının adı şəhid ailəsinin torpağını dağıtmaqda hallanır"(anaxeber.info). 
Избранный
25
arqument.az

1Источники