RU

BDU-da ilk dərs günü

Hər il noyabrın 15-də sosial mediada “bu gün BDU-da ilk dərs günü olub” cümləsini kimsə yazır. Mütəmadi təkrarlanan bu ifadə, əminəm ki, mənim kimi BDU-nu bitirmiş əksər məzunlarda qəribə hisslər yaradır. Çünki ölkədə çoxlu universitetlər qurulsa da, müasir tipli ali məktəblər yaradılsa da, BDU-nun doğmalığı bir başqadır, həmişə də bu şəkildə qalacaqdır. Bəlkə də, Cümhuriyyətin yadigarı olduğuna görə, bəlkə də, ictimai-siyasi sferadakı tanınmış insanların oradan məzun olduqlarına görədir.

Bakıda universitetin yaradılması dövrün ən böyük hadisələrindən biri idi. Çünki yetərli professor heyətimiz yox idi, tədrisin türk dilində aparılması müşkül görünürdü. Təhsil rusca aparılacaqdısa, müstəqilliyini elan etmiş bir respublikanın imicinə zərbə olmayacaqdımı? Elə dövrün mətbuatında da müzakirələr bu səpkidə idi. Məsələn, gənc mühərrir Mirzəbala Məhəmmədzadə “Azərbaycan” qəzetində “Darülfünun haqqında” adlı məqaləsində ana dilində təhsilin vacibliyini vurğulayırdı, əks halda məzunların milli təfəkkürdən uzaq yad insanlar olacağını hesab edirdi. Amma Cümhuriyyətin qurulmasında iştirak edən şəxslərin də əksəriyyəti rus dilində təhsil alanlar olduğu üçün Məhəmmədəmin Rəsulzadə fərqli şəkildə düşünürdü. O, parlamentdə etdiyi çıxışda tədrisin rus dilində keçirilməsinin problem yaratmayacağını bildirir, Darülfünunun beynəlxalq elm anlayışını təmsil edəcəyini deyirdi. Onun sözlərinə görə, “rus elmi” deyil, “beynəlxalq elm” anlayışı mövcuddur və bu elmi rus professorlarından da öyrənmək mümkündür. O, Azərbaycan gənclərinin zamanla öz milli professor heyətini yetişdirəcəyini də bildirirdi.
Nəticə etibarilə, 1 sentyabr 1919-cu ildə qanun qəbul edilərək Bakıda dövlət universitetinin açılması qərara alındı və ilk universitetdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri təsis edildi. Bu qərardan sonra universitet rəhbərliyi və fakültə dekanları təyin olundu, operativ cərrahiyyə sahəsində tanınmış professor Vasili Razumovski rektor seçildi. Noyabrın 15-də universitetdə ilk dərs günü elan olundu; həmin gün tarix-filologiya fakültəsinin dekanı Dubrovski ilk mühazirəni oxudu. Azərbaycan dilində ilk dərsləri isə Məhəmməd ağa Şahtaxtinski, Məhəmmədəmin Rəsulzadə, Mirzə Rəhim və Rəşid xan Kaplanov kimi müəllimlər dedilər. Razimovski sonralar həmin günü belə xatırlayacaqdı: “Azərbaycan öz maarif ocağını yaratdı; bu, türk xalqının tarixi üçün parlaq bir səhifədir və Avropa ilə Asiyanın qovuşduğu yerdə yeni bir işıq yandı”.

Mənim BDU ilə tanışlığım 2003-cü ildən başlayır. Sosial Elmlər və Psixologiya Fakültəsinin politologiya ixtisasına qəbul olmuşdum. Müstəqilliyimizin cəmi 12 yaşı vardı, ona görə də bu günlə müqayisədə tədrisin keyfiyyəti, humanitar sahədəki hazırlıqlar zəif idi. Amma buna baxmayaraq BDU-nun ən böyük üstünlüyü daha azad ruhlu olması idi. O dövrdə cəmiyyətdəki aktiv kəsim, jurnalistlər daha çox BDU məzunları və ya tələbələri idilər. Müxtəlif ictimai müzakirələr keçirilir, elmi yarışlar təşkil olunurdu. O illərin tələbələrinin geniş imkanları, xariclə elmi əlaqələri çox olmurdu. Azərbaycan dilində dərsliklər də çox az idi, mövcudlar da daha çox Rusiyada çıxan kitabların yerli təcrübəyə uyğunlaşdırılması idi.

Bakalavr təhsilimlə müqayisədə BDU-dakı magistr təhsilimi daha parlaq hesab edirəm. Çünki o zamanlar fakültəmizdə açılan sosial iş ixtisasındakı mövzulardan dərs demək üçün layihə əsasında xaricdə təhsil almış gənc müəllimlər təyin olunmuşdular. Gənc müəllimlərdən Bəhicə Əliyevaya, Əhəd Kazımova, Kamil Əliyevə və digərlərinə həmişə minnətdar olacağam. O şəxslərin sayəsində biz sadəcə ixtisasdan təhsil almadıq, həm də dünyagörüşümüz zənginləşdi, dünyaya daha fərqli baxmağa başladıq.

Bu gün BDU-da ilk dərs günündən 105 il ötdü. Azərbaycan var olduqca BDU da yaşayacaqdır.


Müəllif: Dilqəm Əhməd
Избранный
85
teleqraf.com

1Источники