RU

Aydın Hüseynov: “Azərbaycan sülhün bərqərar olması naminə beynəlxalq təşəbbüsləri dəstəkləyir”

“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel hər zaman ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə fərqlənib”.

Bunu  Milli Məclsin deputatı  Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, onun son dövrlərə dünyada ayrı-seçkilik və nifaq təşviq edən açıqlamaları, xüsusilə də, Ermənistanı Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırmaq cəhdləri intensiv xarakter alıb:

“Azərbaycan sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır. Jozep Borrel isə sülh əvəzinə erməni sevgisini açıq-aşkar nümayiş etdirərək primitiv fikirlər ortaya atır. Qarabağda keçirilən antiterror tədbirləri zamanı da Borrel erməni separaçılarına açıq dəstək göstərmişdi. Bu, onu göstərir ki, Aİ-nin nümayəndəsi üçün ədalət meyarları çoxdan itib”.

Deputat vurğulayıb ki, Borrel COP29-u gözdən salmağa çalışan və lampaniya aparan qüvvələrin də müdafiəçisi kimi diqqəti cəlb edir:

“Azərbaycanın yaşıl enerji siyasətçi çərçivəsində ada dövlətlərinə yardım göstərməsi də onu narahat edir. Özünü idarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və yaşıl enerji və iqlim maliyyəsinə çıxışları məhdudur. Ona görə də, Azərbaycan onların haqq səsini dünyaya çatdırır. Bu isə Aİ-nin xoşuna gəlmir və Borrelin bu ayrı-seçkilik yanaşması da kökündən səhvdir”.

A.Hüseynovun sözlərinə görə, COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir:

“Aİ-yə üzvlük neo-müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var. Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün ən yaxşı təşəbbüslərlə dünyanı iqlim həmrəyliyinə birləşdirməkdə israrlıdır”.

Избранный
83
xalq.az

1Источники