RU

Vərəmin Diaqnostikasında Süni İntellekt və Təmiz Enerji Həlləri - mövzusudna təqdimat keçirilib

Noyabrın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İsveçrənin Stop TB Tərəfdaşlığının (STBP), Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının və Milli QHT Forumunun təşkilatçılığı ilə "Süni intellektdən istifadə edərək günəş enerjisini, Vərəm molekulyar laboratoriya testlərini və portativ rentgen müayinələrini birləşdirən inteqrə olunmuş sistem: vərəmin diaqnostikası üçün yeni konsepsiya" mövzusunda təqdimat keçirilib.
 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov vərəmin erkən diaqnostikasının vacibliyinə diqqət çəkdi. O qeyd etdi ki, vərəmə qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları mühüm rol oynayır. “Vətəndaş cəmiyyəti və diaqnostika cihazlarının birgə fəaliyyəti insanların erkən mərhələdə diaqnostika və müalicəyə cəlb edilməsinə töhfə verə bilər,” - deyə nazir müavini bildirdi.
Nadir Zeynalov vərəmə yoluxmuş şəxslərin diaqnoz qoyulmasından çəkinməsinin əsas səbəblərindən birinin cəmiyyətin stiqma və diskriminasiya ilə bağlı yanlış düşüncələri olduğunu vurğuladı. "Bu məsələdə QHT-lərin vətəndaşları məlumatlandırması və onları tibbi yardıma yönləndirməsi vacibdir," - deyən Zeynalov, QHT-lərin bu prosesdə həm vasitəçi, həm də dəstəkçi rolunu yerinə yetirə biləcəyini qeyd etdi. O, tədbiri təşkil edən tərəfdaşlara və bu sahədə yeni texnologiyaları ölkəmizə gətirən şirkətlərə təşəkkür etdi.

 

Tədbirdə iştirak edən Stop TB Tərəfdaşlığının İcraçı Direktorunun müavini Suvanand Sahu vərəmlə mübarizədə yeni texnologiyaların, xüsusilə süni intellektin əhəmiyyətindən danışdı. O, texnologiyaların, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm vasitə olduğunu bildirdi. “Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında vərəmə yoluxma hallarının azalmadığı və bu sahəyə ayrılan büdcənin kifayət etmədiyi göstərilir. O, Vərəmlə mübarizədə maliyyə çatışmazlığının qlobal bir problem olduğunu qeyd etdi. Bununla belə, diaqnostika və müalicəyə cəlb edilən insanların sayında irəliləyişlər əldə olunub,” - deyə Sahu qeyd etdi.
Beynəlxalq Təşkilatın nümayəndəsi həmçinin, Azərbaycanda vərəmlə mübarizə mövzusunun COP29 gündəliyinə daxil edilməsini yüksək qiymətləndirərək, Azərbaycan hökumətinə və Səhiyyə Nazirliyinə təşəkkürünü bildirdi. O vurğuladı ki, maliyyə resurslarının artırılması, yeni texnologiyaların tətbiqi və maarifləndirmə tədbirləri bu mübarizədə mühüm irəliləyişlərə səbəb ola bilər.

 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında iqlim dəyişikliyinin sağlamlığa təsirindən danışaraq bildirdi ki, qlobal istiləşmə, ekstremal hava şəraiti və daşqınlar bir sıra xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin artmasına səbəb olur. "İqlim dəyişikliyi vərəm kimi infeksion xəstəliklərin yayılmasını sürətləndirir. Ona görə də bu məsələyə hərtərəfli yanaşma tələb olunur," - deyə millət vəkili qeyd etdi.
 

Deputat Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadəsini genişləndirdiyini və bu istiqamətdə böyük transformasiya həyata keçirdiyini vurğuladı. Portativ rentgen cihazlarının istifadəsinin ucqar ərazilərdə diaqnostikanı daha əlçatan edəcəyini bildirdi. O əlavə etdi ki, sağlamlıq sahəsində qanunvericilik təşəbbüsləri də vacibdir və "Vərəmlə mübarizə haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.
 

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı vərəm əleyhinə mübarizədə süni intellekt və qabaqcıl texnologiyaların rolunu vurğuladı. O qeyd etdi ki, koalisiya üzvləri Azərbaycanın ucqar kəndlərində səhiyyə xidmətlərini artırmaq üçün səylə çalışır. Muxtarlı, FUJIFILM tərəfindən təqdim edilən süni intellektə malik RENGİN cihazının vərəm diaqnostikasında istifadəsinin önəmini vurğuladı.
Muxtarlı əlavə etdi ki, texnologiyalarla yanaşı, insanların maarifləndirilməsi, müalicənin əlçatanlığının artırılması və maliyyə dəstəyinin təmin edilməsi də mübarizənin mühüm hissəsidir. “Bu cihazlar ucqar ərazilərdə daha çox insana çatmağa və onların vaxtında müalicəyə cəlb edilməsinə imkan verir,” - deyə QHT rəhbəri bildirdi.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova  İnstitutun fəaliyyəti və bu prosesdə yeni yanaşmalara diqqəti çəkdi.
 

Tədbirdə günəş enerjisi ilə işləyən təmiz enerji həllərinin molekulyar laboratoriya testləri, portativ rentgen müayinələri və süni intellekt (AI) kimi qabaqcıl texnologiyalarla inteqrasiya edildiyi innovativ diaqnostika sistemləri təqdim olundu.
Tədbir panel müzakirələrlə davam edib.
Sonda Stop TB Tərəfdaşlığı tərəfindən günəş enerjisi ilə işləyən  Diagnostics aparat Səhiyyə Nazirliyinə hədiyyə olundu.

 

Избранный
64
qht.az

1Источники