RU

BİZİM TƏQVİM:16 noyabrda baş vermiş tarixi hadisələri

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. BMT-nin nizamnaməsində tolerantlığın tərifi belə verilib: “Hamı bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi birlikdə dinc yaşamalıdır”.

Bəs, noyabrın 16-da dünyada daha nələr olub?

1. İspan sərkərdəsi Fransisko Pizarro 168 nəfərdən ibarət hərbi birliyi ilə 80 min nəfərlik orduya komandanlıq edən İnka imperatoru Atahualpanı 1532-ci ilin 16 noyabrında məğlub edərək onu əsir götürdü.

2. 1849-ci ilin 16 noyabrında çar Rusiyası məhkəməsi "Cinayət və cəza" romanının müəllifi, yazıcı Fyodor Dostoyevskiyə “Hökumət əleyhinə hərəkətlərinə görə” maddəsilə ölüm cəzası kəsdi. Sonradan ölüm cəzasını “kürək cəzası” ilə əvəz etdilər.

3. Dövrünün ən böyük tikililərindən biri olan Süveyş kanalının çəkilişi 1869-cu ilin 16 noyabrında başa çatdırılıb. Vaxtilə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən iri dövlətləri tərəfindən bu kanalın inşasına külli miqdarda vəsait sərf olunub. Hazırda Misir Ərəb Respublikası büdcəsinin xeyli hissəsini Süveyş kanalından gələn gəlir təşkil edir. 

4. Bu gün Macarıstan xalqının milli bayramı – Müstəqillik Günüdür. Şərqi Avropanın bu ölkəsi 1918-ci ildə Avstriya-Macarıstan imperiyası dağıldıqdan sonra 16 noyabrda müstəqilliyini elan edib.

5. 1918-ci ilin bu günündə Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Tobçubaşov İstanbulda Qacarlar dövlətinin səfiri Mirzə Mahmud xanla görüşüb.

6. 1920-ci ilin bu günündə Azərbaycan Neft və Kimya İnstitutu təsis olunub. Bu ali təhsil ocağı hazırda Azərbaycan Neft Akademiyası adlanır.

7. İşğalçı orduların baş komandanı, general Harrinqtona 1922-ci ilin 16 noyabrında rəsmən müraciət edən son Osmanlı sultanı Vəhdətdin İstanbulda həyatının təhlükədə olduğunu və İngiltərəyə sığınmaq istəyini bildirib.

8. 16 noyabr 1938-ci ildə həmin ilin 10 noyabrında həyata gözlərini yuman Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün cansız bədəni İstanbulun Dolmabahçe Sarayında tabuta qoyuldu.

9. 1945-ci il noyabrın 16-da İngiltrənin paytaxtı Londonda 44 ölkənin hökumət nümayəndələri BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölməsini – UNESCO-nu təsis etdilər.

10. 16 noyabr 1967-ci ildə mərkəzi Amerika Birləşmiş Ştatlarında olan Beynəlxalq Şeir Forumu Fazil Hüsnü Dağlarcanı “Yaşayan ən böyük türk şairi” seçib.

11. 1988-ci ilin bu günündə Benazir Bhutto (1953-2007) Pakistanın Baş naziri seçilib. Bununla da o, müsəlman dünyasında hökumət başçısı vəzifəsinə seçilən ilk qadın kimi tarixə düşüb. 2007-ci ilin dekabrında terror aktı nəticəsində həlak olub.

16 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Azərbaycanın əfsanəvi qəhrəmanı, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirə günüdür. İkinci Dünya Müharibəsi zamanı - 1942-ci ildə Stalininqrad ətrafında döyüşlərdə iştirak edib, ağır yaralanaraq əsir düşüb. Faşistlərin Ukrayna, Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir düşərgələrində olub. Yuqoslaviyada əsirlərin hərbi düşərgədən qaçmasında mühüm rol oynayıb (1918-1944).

2. 16 noyabr 1906-cı ildə dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası Lətif Kərimov (1906-1991) anadan olub.

3. 16 noyabr 1938-ci ildə məşhur aktyor, rejissor Abbas Mirzə Şərifzadə (12.12.1893 - 1938) dünyasını dəyişib. Sənətkar Stalin repressiyalarının qurbanı olub, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.

4. 16 noyabr 1995-ci ildə Xalq artisti Zemfira Əliyeva (1941- 1995) vəfat edib. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında çalışıb.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
132
17
bizim.media

10Источники