RU

Bıçaqlanan məktəb direktoru və katibə arasındakı məhkəmə çəkişməsi ilə bağlı QƏRAR

Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktorunun katibəsi Validə Məmmədovanın barəsindəki hökmdən yenidən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktor Ülviyyə Bayramovanın etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.

 

Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib.

 

Ü.Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə V.Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib.

 

Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi V.Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub. V.Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.

 

Direktor Ü.Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib. V.Məmmədova isə özünü təqsirli bilməyib.

 

Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib. Ali Məhkəmə isə qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Xatırlatma: Bu ilin sentyabr ayında məktəb direktoru Ü.Bayramova Validə Məmmədovanın həyat yoldaşı, həmin elm ocağında gözətçisi işləyən Halik Nəcəfov tərəfindən bıçaqlanıb.

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2024, 08:12   
Избранный
58
pravda.az

1Источники