RU

Müstəmləkəçilik Fransanın tarixində silinməz ləkədir

Bakı şəhərində dünyanın ən böyük təşkilatı olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası işini uğurla davam etdirir. Bu tədbir çərçivəsində mötəbər platformadan istifadə edən Azərbaycan dünyanın diqqətini bir sıra ciddi məqamlara yönəldə bildi. Bunlardan biri də bəzi dövlətlərin müstəmləkəçilik siyasətinin qurbanı olan, eyni zamanda, müstəmləkəçilik siyasətini davam etdirən dövlətlərin yürütdükləri siyasət nəticəsində ekologiyasına böyük zərbələr vurulmuş kiçik ada dövlətləridir. Azərbaycan mümkün qədər dünyanın diqqətinə çatdırmağa çalışır ki, ekologiya, iqlim dəyişmələri bir dövlətin, bir xalqın və yaxud bir regionun problemi deyil, ümumilikdə qlobal dünyanın problemidir və bu problemin həlli məqsədilə bütün dünya birgə mübarizə aparmalıdır.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev  COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında bildirib: “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”. Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını xatırladan dövlət başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”. Prezident, həmçinin deyib ki, bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər. Onların iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövləti başçısı qeyd edib: “Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliten hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.

Müstəmləkəçilik, yaxud kolonializm onu həyata keçirən ölkələrin tarixində silinməz ləkədir. Fransa bu rüsvayçılıq siyahısında ilk yerdə qərarlaşıb. Rəsmi Paris bu gün də hər vəchlə müstəmləkə imperiyasını qorumağa, Fransız Polineziyası, Martinika, Mayot, həmçinin “sui generis” (xüsusi statuslu inzibati-ərazi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında yerli xalqları əsarətdə saxlamağa çalışır. Həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırılır, müstəmləkə ərazilərin istismarı davam etdirilir, oradakı milli azlıqların hüquqları tapdalanır.

Fransa, həmçinin başqa ölkələrin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışır, anti-Azərbaycan qətnamə və qərarların qəbuluna çalışır.

Yeri gəlmişkən, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu nəticələr əldə edib. Beynəlxalq səviyyədə tədbirlər keçirib, neokolonializmə qarşı ciddi təşəbbüslərlə çıxış edib. Məhz Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın neokolonializm siyasətini sərt tənqid edən hesabatla çıxış edib. Bildirilib ki, rəsmi Paris Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir. BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə çağırıb.

Fransa kimi müstəmləkəçi dövlətlərin ayrı-ayrı kiçik ada dövlətlərinin ekologiyasına vurduğu zərəri, törətdiyi cinayətləri dilə gətirəndə Azərbaycanı bu tədbiri siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edirlər. Əslində belə tədbirlərin keçirilməsi, real məqsədlərə çatmaq üçün addımların atılması bəşəriyyət üçün vacib amillərdir. Amma bundan fərqli məqsədlərlə istifadə edilməsi həqiqətən də göstərir ki, dünyada bir sıra güclü dövlətlər belə platformaları görünən məqsədlər üçün deyil, görünməyən məqsədlər üçün istifadə edirlər. Bu gün Azərbaycan bu sahədə də çox uğurlu bir nümunə ortaya qoydu. Tədbir hələ davam edir və iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli, o cümlədən də kiçik ada dövlətlərinə dəstək göstərilməsi istiqamətində addımlar atılacağı gözlənilir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Избранный
44
ikisahil.az

1Источники