RU

Sülhlə bağlı yeni mərhələ...

2025-ci il üçün gözlənilən perspektivlər

Optimist mühiti formalaşdıran şərtlər - qlobal yanaşmalar dəyişir...

Qarşıdan gələn 2025-ci il istər qlobal siyasətdə, istərsə də qlobal iqtisadiyyatda mühüm yeniliklər vəd etməkdədir. Bu perspektivin ən mühüm detalı isə arxada qalan son 2-3 il ərzində qabaran-çəkilən tsikllə davam etdirilmiş münaqişələrə yeni baxışın, yeni yanaşmanın sərgilənməsidir. Bu mənada, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesi də istisna deyil. Bəzi antisülh kampaniyası aparan qüvvələrin və ya “iqtidarların” müdaxiləsi, təsiri və təhriki ilə uzanan prosesin yaxın dövr üçün nizamlanması gözlənilir. Hər halda verilən açıqlamalar da bunu təsdiqləyir.

Sülh prosesində optimist komponentlər...

Təsadüfi deyil ki, sülh məsələsi artıq aylardır yenidən aktiv müzakirə predmetinə çevrilib. Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdi. Qərara alınmışdı ki, iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilsin. Əslində, sülhlə bağlı bütün detallar kifayət qədər açıqdır - xüsusilə, Kazan görüşünün ardından yaranan pozitiv situasiya müəyyən ümidlər yaradır. Təbii ki, proses davam etdirilir və sülh sazişinin mətni üzərindjə işlər görülür. COP29 qlobal iqlim sammitinin ardınca prosesin yenidən sürətlənəcəyi proqnozlaşdırılır.

Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da sülh sazişi mətninin yekun razılaşması ilə bağlı optimist danışıb - hətta sülh müqaviləsi mətninin yekun razılaşmasına çox yaxın olduqlarını deyib.

Yeni beynəlxalq şərtlər, yeni yanaşmalar...

Əslində yaranan bu optimist mühit təsadüfi deyil - yaranan yeni siyasi reallıqlar İrəvanın da əvvəlkinə nisbətən daha “ilıq münasibət” sərgiləməsinə səbəb kimi göstərilir. Düzdür, az zaman öncəyə qədər Ermənistan sülhlə bağlı “tələsir” və kimlər tərəfindən də “tələsdirilir”di - amma artıq situasiya dəyişib. Yeni beynəlxalq şərtlər İrəvan üçün “qaçmağa yer qoymayacaq” kimi görünür. Sülh Ermənistanın sox çıxış yoluna çevrilir.

Sülhlə bağlı proqnozların bu ilin sonuna və daha real olaraq gələn ilin əvvəlinə təsadüf edəcəyinin vurğulanması da boş yerə deyil - artıq gələn ilin yanvarından bir sıra mühüm beynəlxalq şərtlərdə yeni yanaşmalar müşahidə oluna bilər. Dünənə qədər Ermənistanı manipulyasiyaya yönləndirən “tərəflər” artıq yan-yana deyil, qarşı-qarşıya dayana bilər - məsələn, İrəvanı fəal şəkildə silahlandıran Fransa üçün Qərbdə yeni siyasi mənzərə yaranır. Artıq kollektiv Qərbin özünün şərtləri dəyişir. Sülhlə bağlı Ermənistandan spekulyativ mövqe deyil, dürüst yanaşma tələb edilə bilər - Azərbaycanın bu mənada heç bir problemi yoxdur. Ortadakı sülh şərtləri və zəmin bütün detalları ilə aydındır. Yeni siyasi şərtlərdə isə münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyacağı gözlənilir...

Sülh yolunun detalları bəllidir...

Vurğulandığı kimi, Ermənistan üçün sülh yolunun kriteriyaları bəyan edilib - sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərtdən biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. Bu mənada, qarşıdakı ay və ya il üçün müsbət nəticələr əldə edilməsi üçün ilk növbədə Ermənistan özünün əsassız iddialarını bir kənara qoymalıdır. Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkilməlidir. Bunun üçün isə Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilməlidir. Məhz bundan sonra uğurlu nəticə vəd edəcək sülh danışıqları və ya sülh masası haqda danışmaq olar.

Digər məqam isə, vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll oluna bir məsələdir  - nəticə etibarı ilə, ATƏT-in Minsk Qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.

İtirilmiş fürsət...

Bir daha qeyd edək ki, Azərbaycanın sülhpərvər, humanist mövqeyi bütün istiqamətlər üzrə özünü biruzə verir. Hətta Azərbaycanın COP29-da iştirak üçün Ermənistana dəvət göndərməsi də bu amilin göstəricisidir. Amma Ermənistan bu tədbirə qatılmamaqla yeni sülh imkanlarını əldən vermiş olur - bu məqam, İrəvanın elan etdiyi prinsiplərlə, “sülh açıqlamaları” ilə səsləşmir. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da açıqlamasında COP29-un inklüzivliyini təmin etmək üçün Azərbaycanın konvensiyaya üzv bütün tərəflərə olduğu kimi, Ermənistana da dəvət göndərdiyini bildirib. “Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların konfransda iştirakını müşahidə etməmişik. Ümumilikdə isə hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir”, -deyə XİN başçısı deyib.

Nəticə etibarı ilə İrəvan yeni yaranan siyasi nizamdan maksimum istifadə etməli, 2025-ci ildən sonra yaranacaq aktiv iqtisadi münasibətlər sisteminin tərəfinə çevrilməlidir. Bunun üçün isə yalnız bir şərt  var - sülhə imza atmaq, gələcək üçün və bölgə üçün təhdidə çevrilməmək...

P.İSMAYILOV

Избранный
53
45
yeniazerbaycan.com

10Источники