RU

Strateji tərəfdaşlığın COP29 zirvəsi

Azərbaycanla Çin şirkətləri arasında “yaşıl enerji”yə dair müqavilələr imzalanıb

COP29 çərçivəsində Azərbaycan hökuməti ilə Çinin tanınmış enerji şirkətləri arasında “yaşıl enerji” sahəsinə dair bir neçə sənəd imzalanıb. Belə ki, Azərbaycanın Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında imzalanmış icra müqaviləsinə əsasən, Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi  həyata keçiriləcək. Həmçinin, Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd” arasında imzalanmış Anlaşma Memondumuna əsasən, ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq nəzərdə tutulur. Digər bir saziş “China Datang Co. Ltd” ilə Energetika Nazirliyi arasında imzalanıb ki, bu sənəd də adıçəkilən çinli investorun Azərbaycanda alternativ enerji sektorunda iştirakını təmin edəcək.  Ümumilikdə, hər 3 sənəd Çin şirkətlərinin ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə “yaşıl enerji”yə investisiya qoyuluşlarının texniki-iqtisadi əsaslandırmasını müəyyənləşdirməklə, yeni sərmayə proqramının gerçəkləşməsini təmin edəcək.

İki ölkə arasında bu sahədə əməkdaşlığı koordinasiya etmək məqsədilə bərpaolunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması da nəzərdə tutulur.

Azad ərazilərdə Çinin “ağıllı enerji” texnologiyaları

Qeyd edək ki, Çin şirkətlərinin ölkəmizdə rəqəmsal və “yaşıl layihələr”də iştirakının əsası hələ bir neçə il əvvəl qoyulub. 2023-cü il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 giqavatt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi istehsalı, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı enerji” sistemlərinin qurulması, “yaşıl hidrogen” istehsalına investisiya qoyuluşu nəzərdə tutulur. Bundan başqa, Zəngilan, Füzuli, Laçın və digər ərazilərdə qurulan infrastrukturlarda, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında istifadə edilən “ağıllı texnologiyalar”ın, habelə enerji sistemlərinin qurulmasında zəruri olan şəbəkə sistemlərinin bir qismi Çin şirkətlərinin payına düşür. Asiyanın iqtisadi nəhəngi azad edilmiş ərazilərdə rəqəmsal avadanlıqların, günəş panellərinin, digər ləvazimatların təminatında yer alıb.

2024-cü ildə yeni mərhələyə yüksələn “yaşıl əməkdaşlıq”

2024-cü ildə Azərbaycan-Çin münasibətlərinin inkişafında başlanan yeni mərhələ bərpaolunan enerji sektorunda da təmasları əhatə edib. Cari il ərzində Energetika Nazirliyinin və SOCAR-ın nümayəndə heyəti ilə Çinin “Guangdong Electric Power Design İnstitute Co., Ltd., CEEC”, “TBEA CO. Ltd.”, “China Datang Corporation Ltd.” “PowerChina” şirkətlərinin əməkdaşları ilə keçirilmiş görüşlərdə bərpaolunan enerji, enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, “yaşıl enerji”nin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabit cərəyan kabellərinin təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, ən yeni təcrübələrin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpa olunan enerji sahələrində iştirakının təmin olunması barədə razılıqlar əldə olunub.  “SOCAR Green” şirkəti ilə bu istiqamətdə ilkin yol xəritəsinin detalları razılaşdırılıb.

2024-cü ildə enerji sahəsində Çin şirkətləri ilə “yaşıl texnologiyalar” üzrə əməkdaşlığın intensivləşməsinin digər nümunəsi 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında və Mingəçevirdə müasirl texnologiyalar əsasında yenidən qurulan elektrik stansiyasının tikintisində Çinin “Dongfang” şirkətinin iştirakının rəsmiləşməsi olub. May ayında “China Energy Engineering Group Co.Ltd” və “China Energy International Group Co. Ltd” şirkətlərinin nümayəndələri Azərbaycana səfər edərək bərpaolunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrini müzakirə edib. Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumuna əsasən, günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Çin Qarabağ və Şərqi Zəngəzurda potensial sərmayəçiyə çevrilir

Ötən ay Pekində keçirilən Enerji Nazirlərinin 3-cü iclasında Çinin tanınmış texnologiya şirkətlərinin ölkəmizlə bağlı investisiya planları da diqqət mərkəzində olub. Çinin “yaşıl texnologiyalar” üzrə tanınmış korporosiyalarından biri olan “China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti Lin Siadon Azərbaycanın bərpa olunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, enerji avadanlıqlarının istehsalının təşkili və “yaşıl enerji” dəhlizləri üzrə əməkdaşlığın artırılmasına dəstəyini ifadə edib.

Cari il oktyabrın 17-də Azərbaycanın Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında imzalanmış Anlaşma Memorandumu da bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafını və enerji layihələrinə investisiyaların təşviqini nəzərdə tutur. Çin investorları ilə Azərbaycanın enerji mütəxəssislərini bir araya gətirmək üçün bir ay əvvəl təsis edilmiş İşçi Qrupu da əlaqələndirici rol oyanayacaq.

Beləliklə, 2024-cü ilin ötən ayları Azərbaycan və Çin arasında alternativ enerji əməkdaşlığı olduqca məhsuldar keçib və imzalanmış açar sazişlər daha nüfuzlu şirkətlərin də bu prosesə cəlb edilməsinə, iri sərmayə planlarının icrası ilə bağlı yekun qərarların verilməsinə səbəb olub.

COP29 sammiti çərçivəsində imzalanmış sazişlər isə “yaşıl enerji” sahəsində ən əlamətdar hadisə kimi xarakterizə oluna bilər. Ələlxüsus da “China Energy Overseas Investment Co. Ltd.” Kimi investisiya nəhənginin Füzuli rayonunda 160 MVt gücündə Günəş enerjisi layihəsinə start verməsi Çinin Qarabağ və Şərqi Zəngəzurda potensial sərmayəçiyə çevrilməsi deməkdir. Bu, həmin bölgədə “yaşıl güclərin” potensialının üzə çıxarılmasında və səfərbər edilməsində digər çinli investorların da gəlişi üçün motivasiya verəcək. Bununla yanaşı, “China Energy” və SOCAR azad ərazilərdə yeni layihələrdə əməkdaşlığı müzakirə edir ki, bu bölgədə “yaşıl hidrogen” istehsalı istisna olunmur.

E.CƏFƏRLİ

Избранный
65
50
yeniazerbaycan.com

10Источники