RU

Patrik Andrade Misir millisinə qarşı bir hissə oynadı

Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde yığmasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Andradenin komandası Afrika Millətlər Kubokunun qrup mərhələsinin 5-ci turu çərçivəsində Misir yığması ilə qarşılaşıb.

Kabo-Verde yığması doğma meydanda Misirlə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Fasiləyə 0:1 hesablı məğlubiyyətlə yollanan Kabo-Verde millisinin heyətində Patrik 46-cı dəqiqədə meydana daxil olub. Bundan sonra hesabı bərabərləşdirən meydan sahibləri qrupda 2-ci yeri tutmaq şanslarını saxlayıblar. Andrade 88-ci dəqiqədə sarı vərəqə almaqla diqqət çəkib.

Qeyd edək ki, Kabo-Verde yığması növbəti oyununu sentyabrın 10-da evdə Mavritaniyaya qarşı keçirəcək. Sözügedən komanda hazırda 4 xalla yer aldığı C qrupunda üçüncü pillədə qərarlaşıb. İlk xal itkisi ilə üzləşən Misir yığması 13 xalla vahid liderdir. Botsvana 7 xalla ikinci, Mavritaniya isə 4 xalla sonuncudur.

Patrik Andrade 2023-cü ilin iyul ayından “Qarabağ”ın formasını geyinir. O, cari mövsümdə Ağdam klubunun heyətində 16 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Andrade 2020-ci ilin avqustundan 2022-ci ilin yayına qədər də “Qarabağ”da çıxış edib. Patrik “Qarabağ”da bütövlükdə 126 oyuna çıxıb, 15 qol vurub, 16 məhsuldar ötürmə verib.

Patrik bir müddət “Qarabağ”dan ayrılaraq Serbiyanın “Partizan” klubuna üz tutsa da, yenidən Ağdam təmsilçisinə qayıtmağa qərar verib. Yarımmüdafiəçi “Çerno More”, “Sportinq” (Praya), “Desportivo da Praya”, “Benfika da Praya”, “Ribeyrao”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros” kimi komandalarda da forma geyinib.

Andrade 2020-ci ilin oktyabr ayında debüt etdiyi Kabo Verde yığmasının heyətində 29 oyuna çıxıb, fərqlənə bilməyib.

Избранный
34
arena.az

1Источники