RU

Ukrayna bu ilin sonuna kimi növbəti IRIS-T HHM sistemini təhvil alacaq

Almaniya planlaşdırılan altıncı IRIS-T hava hücumundan müdafiə (HHM) sistemini bu ilin sonuna qədər Ukraynaya təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bunu telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə Almaniyanın kansleri Olaf Şolts deyib.

Xatırladaq ki, Almaniya beşinci IRIS-T SLM hava hücumundan müdafiə sistemini ötən ay Ukraynaya tədarük edib.

IRIS-T zenit-raket kompleksləri (ZRK) təyyarələri, helikopterləri və PUA-ları, həmçinin qanadlı raketləri məhv etmək üçün təyin edilib. “Diehl Defence” şirkəti IRIS-T ZRK-nin baş podratçısı və sistem inteqratorudur. O, buraxma qurğularının və zenit raketlərinin tədarükünə cavabdehdir.

Bu ZRK müxtəlif növ raketlərlə təchiz edilmiş modifikasiyalara malikdir. IRIS-T-nin IRIS-T SLX versiyası hava hədəflərini 80 km-ə qədər, IRIS-T SLM 40 km-ə qədər, IRIS-T SLS isə 12 km-ə qədər məsafədə vurmağa imkan verir.

Buraxma qurğuları MAN 8×8 təkərli və ya iki bölməli yüksək keçidlikli BvS10 tırtıllı maşınının şassisinə malik ola bilər və şaquli buraxılış üçün raketləri olan 4 istiqamətləndirici və ya 8 konteynerdən ibarət ola bilər.

IRIS-T (Infra Red Imaging System Tail/Thrust Vector-Controlled) həm “hava-hava”, həm də “yer-hava” modifikasiyalarında istehsal edilən soyudulan infraqırmızı özütuşlama başlıqlı qısa və orta mənzilli raketdir.

Raket 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində o zaman bəzi NATO ölkələri tərəfindən istifadə edilən AIM-9 “Sidewinder” aviasiya raketini əvəz etmək üçün infraqırmızı özütuşlama başlıqlı qısa və orta mənzilli “hava-hava” sinif aviasiya raketinin inkişafı üçün Almaniyanın rəhbərlik etdiyi proqram çərçivəsində hazırlanıb. Proqramın məqsədi AIM-9 “Sidewinder” raketini buraxa bilən istənilən təyyarənin IRIS-T raketini də buraxa bilməsidir.

Raketin “hava-hava” modifikasiyası silahlanmaya 2005-ci ildə qəbul edilib. Raketin “yer-hava” modifikasiyası isə daha sonra yaradılıb: qısa mənzilli IRIS-T SLS sistemi 2015-ci ildə, orta mənzilli IRIS-T SLM sistemi isə 2022-ci ildə silahlanmaya qəbul edilib.

Qeyd edək ki, Almaniya tərəfindən Ukraynaya verilən bir IRIS-T SLM batareyası yük maşınına quraşdırılmış səkkiz raket daşıyan (40 km mənzilli) üç buraxma qurğusundan və 20 km-ə qədər məsafədə yerləşə bilən ayrıca komanda maşınından ibarətdir.

Komanda maşını özündə çoxsaylı radiolikasiya şüalanma mənbələrini birləşdirir və eyni vaxtda 24 raketin hamısını buraxmaq və izləmək qabiliyyətinə malikdir. IRIS-T SLM “hava-yer” sinif raketlərə və qanadlı raketlərə, o cümlədən “Kalibr” kimi alçaqdan uçan, gizli raketlərə qarşı dura bilir.

Raketin əsas taktiki-texniki xassələri:

– uzunluğu – 2936 mm;

– diametri – 127 mm;

– qanad açıqlığı – 350 mm;

– start kütləsi – 87,4 kq;

– həm ön, həm də arxa yarımkürədə buraxılış məsafəsi – ~25 km;

– tavanı – 20 km-ə qədər;

– uçuş sürəti: 3 Mach-a qədər (1020 m/s və ya 3672 km/saat);

– döyüş başlığı – qəlpəli-fuqas;

– döyüş başlığının kütləsi – 11,4 kq;

– partladıcının növü – aktiv radiolokasiya;

– mühərrik qurğusu – bərk yanacaqlı raket mühərriki.

Избранный
37
poliqon.az

1Источники