RU

Azərbaycan da “xarici agentlər” qanununu qəbul etsinmi? – RƏY

Çingiz Qənizadə: "Əsas prinsip vətəni sevmək, onun imicini qorumaq və hər zaman dövlətin yanında olmaqdır, amma..."

COP 29 zamanı ölkəmizdə Qərbin anti-Azərbaycan və  açıq şəkildə erməni lobbisinin yönəltdiyi dairələrinin əlaltıları olan adamlar özlərini növbəti dəfə ifşa etdilər.

Dünyanın gözü Bakıda olduğu bir zamanda indiyədək də müxtəlif antimilli projelərdə yer alan Vəfa Nağı Gürcüstanda Azərbaycana qarşı iyrənc, təxribatçı aksiyada (“etnik təmizləmə” iddiası) iştirak etdi, şüar qaldırdı, onun dostlarından olan Kamran Məmmədli adlı birisi isə  COP29 keçirilən məkanda “Azərbaycan hökumətinin guya küçə itlərin kütləvi güllələməsi” şüarını qaldıraraq, pozuculuq törətdi. 

Faktiki olaraq görünən budur ki, hansısa maddi maraqlar qarşılığında  antidövlət fəaliyyətinə baş vuranlar hələ də var. 

Məlum olduğu kimi, Rusiyada və Gürcüstanda “xarici agentlər” haqqında qanun parlamentdə qəbul edilib.

Bəs bənzər problemlər yaşayan Azərbaycanda necə, bu istiqamətdə hər hansısa bir qanun layihəsi hazırlanırmı?

Doğrudur, hələ 2011-2012-ci illərdə Azərbaycan xaricdən maliyyələşmə ilə bağlı qaydaları sərtləşdirib. Ancaq indi görünən odur ki, agentlər heç də QHT-lər vasitəsilə maliyyələşmir, başqa üsullar tapıblar. Ona görə də xüsusi qanuna zərurət duyulurmu? 

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a danışıb.

CİNGİZ

Hüquqşünasın fikrincə, COP29-un keçirilməsi ilə bağlı dünyada müəyyən  qütbləşmə müşahidə olunur:

“Bəzi dövlətlər və təşkilatlar bu tədbirin Azərbaycanda keçirilməsinə qarşı çıxaraq, müxtəlif yollarla antitəbliğat aparırlar. Bu cür fəaliyyətlərə media resurslarının istifadəsi, müxtəlif bəhanələrlə tədbirdə iştirakdan imtina və hətta daha ciddi səviyyələrdə təzyiq vasitələrinin tətbiqi daxildir. Lakin digər tərəfdən, bir çox dövlətlər və təşkilatlar Azərbaycanın COP29-u təşkil etmək səylərini yüksək qiymətləndirir, tədbirdə fəal iştirak edir və ölkəmizin bu istiqamətdə gördüyü işləri müsbət dəyərləndirirlər. Belə bir vəziyyət Azərbaycan üçün bir tərəfdən özünü sübut etmək və müsbət beynəlxalq imic formalaşdırmaq imkanı yaradırsa, digər tərəfdən, ölkəmizə qarşı qərəzli yanaşmaların qarşısını almaq üçün diqqətli və hərtərəfli hazırlıqların aparılmasını zəruri edir.

Təəssüf ki, bəzi şəxslər, məsələn, Vəfa Nağı və Kamran Məmmədli kimilər  Azərbaycan dövlətinin imicinə zərbə vurmaq məqsədilə müəyyən addımlar atırlar. Onların bu fəaliyyətləri isə əslində özlərinə   zərbə vurur. Xüsusilə, Vəfa Nağının Gürcüstanda keçirilən aksiyalarda iştirakı və Azərbaycan əleyhinə "etnik təmizləmə" kimi əsassız iddialar irəli sürməsi indi öz çevrəsi tərəfindən də qınanır.  Digər tərəfdən, Kamran Məmmədlinin COP29 çərçivəsində "küçə itlərini sevirik" kimi şüarlarla aksiya keçirmək cəhdi bu cür fəaliyyətlərin nə qədər cılız və məntiqsiz olduğunu bir daha göstərir. Bu hərəkətlər yalnız diqqət cəlb etmək məqsədi daşıyır və onların nə qədər təsirsiz olduğunu həmin şəxslər də yaxşı bilirlər.

Bu cür fəaliyyətlərin qarşısını almaq üçün onların maliyyə mənbələrinin araşdırılması və məsuliyyətə cəlb edilməsi vacibdir. Anti-Azərbaycan fəaliyyətlərini maliyyələşdirən qüvvələrin ifşa edilməsi həm dövlətin təhlükəsizliyini qoruyar, həm də bu cür destruktiv cəhdlərin qarşısını ala bilər. 2011-2012-ci illərdə Azərbaycan parlamenti xaricdən maliyyələşmə ilə bağlı qanunlar qəbul edib. Bu qanunlar çərçivəsində qeyri-hökumət təşkilatları (QHT) və siyasi partiyaların xarici mənbələrdən maliyyələşməsi ciddi şəkildə nəzarət altına alınıb. Lakin "xarici agentlər" haqqında daha dəqiq və genişmiqyaslı qanunvericilik tənzimləmələrinə ehtiyac ola bilər. Belə bir addım ölkəmizə qarşı aparılan anti-təbliğatın arxasında duran xarici maraqları daha effektiv şəkildə neytrallaşdırmağa kömək edə bilər".

Çingiz Qənizadə qeyd edib ki, gələcəkdə fərdi şəxslərin də xaricdən maliyyələşməsinə nəzarət mexanizmlərinin tətbiqi mümkündür:

"Belə şəxslər bəzən QHT və ya təşkilat adı altında deyil, fərdi şəkildə fəaliyyət göstərərək, xarici təsir dairəsinə daxil ola bilirlər. Bu kimi halların qarşısını almaq üçün daha güclü qanunvericilik və nəzarət mexanizmləri yaradılmalıdır. Əsas prinsip isə vətəni sevmək, onun imicini qorumaq və hər zaman dövlətin yanında olmaqdır. Bəzi şəxslər bu hisslərdən uzaq olsa da, ölkəmiz onların çirkin fəaliyyətlərini və destruktiv cəhdlərini neytrallaşdırmağa qadirdir. Anti-Azərbaycan mövqeyi tutaraq xarici maliyyələşmədən yararlanmaq cəhdi yalnız həmin şəxslərin öz mənəvi zəifliyini nümayiş etdirir.

Azərbaycan xalqı və dövləti bu cür cəhdlərə qarşı birgə dayanaraq, öz imicini qorumağı və beynəlxalq arenada daha güclü mövqe əldə etməyi davam etdirəcək. COP29-un yüksək səviyyədə təşkil olunması isə Azərbaycanın həm regionda, həm də dünyada əhəmiyyətli aktor olduğunu bir daha sübut edəcək".

Xalidə GƏRAY
Musavat.com

Избранный
25
1
musavat.com

2Источники