RU

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modelinin işlənməsi” mövzusunda məruzə dinlənilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Məruzəni təqdim edən institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova qeyd edib ki, XX əsrin sonlarında informasiya texnologiyalarının inkişafı vətəndaşların dövlətlə yeni ünsiyyət forması olan elektron dövlətin (e-dövlət) yaranmasına səbəb olub. O, e-dövlət çərçivəsində istənilən sahə haqqında tam təsəvvür yaratmağa, eləcə də düzgün qərarlar qəbul olunmasını təmin etməyə imkan verən səmərəli idarəetmə sisteminin işlənilməsi zərurətinin yarandığını diqqətə çatdırıb.

Məruzəçi bu sistemin OLAP texnologiyaları əsasında qurulmuş informasiya-analitik sistemi olduğunu bildirib.

Böyük həcmli verilənlər və məlumat mənbələrinin müxtəlifliyi səbəbindən OLAP-da yaranan problemlərdən danışan tədqiqatçı bu zaman məlumat mənbələrinin müxtəlifliyinə görə kibertəhlükələrin artması, ənənəvi OLAP-da verilənlərin böyük həcminə görə onların intellektual analizi, təsnifatı, klasterləşdirmə, proqnozlaşdırma və digər proseslərin mürəkkəbləşməsi, eləcə də məlumatların böyük həcminə görə nəticələrin əldə edilməsi sürətinin azalmasına rast gəlindiyini diqqətə çatdırıb.

Məruzəçi dövlət orqanlarında informasiya axınlarının hərəkəti prosesinin sxemini təqdim edib, OLAP-ın intellektuallaşdırılmasını təmin edən texnologiyaları diqqətə çatdırıb.

Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məruzənin müasir dövrdə böyük aktuallıq kəsb edən elmi problemlərə həsr olunduğunu qeyd edərək, tədqiqat işində elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin tətbiqi istiqamətində beynəlxalq səviyyədə aparılmış tədqiqatlar, əldə olunmuş elmi-nəzəri nəticələr, keçirilmiş elmi-praktik konfranslara dair məlumatların da öz əksini tapmasının vacibliyinə toxunub.

Alim qlobal çağırışlar, eləcə də süni intellektin gətirdiyi reallıqlar kontekstində ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiyalar nəticəsində elektron dövlətin də sürətlə inkişaf etdiyini bildirib. Akademik R.Əliquliyev dünyanın inkişaf etmiş ölkələrində elektron dövlət mühitində OLAP sistemlərinin intellektuallaşdırılması məqsədilə bu infrastrukturlarda qabaqcıl süni intellekt texnologiyalarının tətbiq olunduğunu deyib, bu istiqamətdə tədqiqatların genişləndirilməsinə dair tövsiyələrini səsləndirib.

Избранный
37
tehsil.biz

1Источники