RU

ÜMİDSİZLİK GİRDABINDA - TƏHLİL

İqtisadi cəhətdən geridə qalmış Ermənistan hansısa qurumda təmsil olunmaqla, hansısa təşkilata üzv olmaqla, birdən-birə sıçrayışla “çiçəklənmək” arzusuna düşməkdə yenə də xam xəyallara düşür. Çox acınacaqlı bir durumda olan bir ölkənin, yəni, Ermənistanın hansısa quruma qatılması həmin ölkənin dərhal vəziyyətdən çıxması demək deyil. İşğalçı ölkə öz siyasətində dönüş yaratmadığı halda heç bir irəliləyişə ümid edə bilməz və ümumiyyətlə, hansısa bir qurumun, beynəlxalq təşkilatın işğalçılığı dövlət siyasəti hesab edən ölkəyə işıqlı gələcək gətirəcəyi vədi belə inandırıcı ola bilməz.

Azərbaycana olan etimaddan, münasibətdən, ölkəmizlə əlaqələri daha da yaxşılaşdırmaq istəyindən haylar bərk qıcıqlanırlar

Rusiya ilə Azərbaycan arasında olan münasibətlərin getdikcə daha da yaxşılaşması məhz rəsmi İrəvan üçün heç də arzuolunan hesab edilmir. Bunu Ermənistana məxsus mətbuat səhifələrində də müşahidə etmək çətin deyil. Məsələn, Ermənistana məxsus mediada Azərbaycan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Rəhman Mustafayevlə görüşündə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, xarici işlər nazirnin keçmiş müavini Qriqori Karasinin dedikləri, xüsusən də, “Rusiya Azərbaycanı Avrasiya iqtisadi birlik məkanında görmək istəyir”, - deyə bildirməsi barədə işğalçı ölkənin mətbuat səhifələrində qeyd olunmasında bunu müşahidə edə bilirik. “Moskva ilə Bakı arasında münasibətlər yüksələn xətt üzrədir və əməkdaşlığımızda əsas məqam qarşılıqlı etimaddır”, - deyə Karasinin bildirməsi də ermənilərin diqqətindən yayınmayıb və hətta qıcıqlanmaları da səbəbsiz deyil. Səbəb isə odur ki, haylar heç də Azərbaycana olan yüksək səviyyəli etimaddan, münasibətlərdən, ölkəmizlə əlaqələri daha da yaxşılaşdırmaq istəyindən məmnun deyillər. Əksinə, narahatdırlar və narahatlıqlarını belə gizlətmirlər. Çünki bilirlər ki, istənilən bir beynəlxalq təşkilat, yaxud, hansısa qurum məhz Azərbaycanla münasibətlər qurmaqda maraqlıdır və bu münasibətlər də elə Ermənistan üçün deyil, Azərbaycan üçün daha çox faydalıdır. Hayları “narahat edən” Moskvanın məhz Azərbaycana daha yaxın dövlət, daha maraqlı tərəf kimi baxmasıdır. Hətta erməni mətbuatında qeyd olunursa ki, ölkələri maraqlı heç nə öyrənə də bilməz, deməli, qıcıqlanmaları göz önündədir. Məsələ burasındadır ki, bu qıcıq da təsadüfi deyil, ona görə ki, haylar öz ölkələrinin Rusiya əmək bazarında müəyyən fayda əldə etdiyini, pomidor, ərik, üzüm olmaqla, öz kənd təsərrüfatı məhsullarını da göndərdiyini yaxşı bilirlər və qonşu ölkə ilə münasibətlərinin yaxşı olmamasından heç də məmnun qala bilməzlər.

Region ölkələrinin inkişafa, gələcək uğurlara fokuslanmasını müşahidə etdikcə, haylar özlərini, öz ölkələrini tamamilə ümidsiz vəziyyətdə görürlər

Haylar elə bil bir ağızdan eyni şəkildə deyirlər ki, indi Moskva Azərbaycanı özünə tərəfdaş kimi görmək istəyir və Ermənistan da tamamilə “çıxdaş” hesab olunur. Onların belə düşünmələri, daha doğrusu bu şəkildə qorxuya düşmələri təbiidir və heç səbəbsiz də deyil. Hər halda, rusların əleyhinə ermənilərin mövqeləri fonunda belə düşünmələri həm də anlaşılandır. Daha dəqiq desək, rusların əleyhində olmaları fonunda eyni şəkildə də münasibət gözləmələrində əslində, qeyri-adi heç nə yoxdur. Bir neçə həftə əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanı məhz Zəngəzur dəhlizinin açılmasına mane olmasına görə tənqid edən əsəbi bəyanatını dinləyən hayların kürkünə də səbəbsiz yerə birə düşməyib. İndi ermənilər aydın şəkildə görürlər ki, onlar artıq rusların səbr kəsalarını da doldurublar və hansısa mərhəmətə belə ümid etmələri axmaqlıqdır. Bu baxımdan da ümidsizliklərini başa düşmək çətin deyil.

Hər zaman Ermənistana dəstək nümayiş etdirməyə hazır olduğunu, bəzən də bu dəstəyi elə nümayişkəranə şəkildə edən İrana qarşı Rusiyanın xüsusən də kəskin mövqeyi, Moskvanın məhz Tehranla mübahisələrdən belə çəkinməməsi ermənilər üçün “baş ağrısı” sayılır. İndi haylar elə zənn edirlər ki, Kreml dəhlizə nəzarəti ələ keçirmək arzusundadır və ona görə də İrana çox aqressiv yanaşır. Hətta Gürcüstanda “Gürcü arzusu”nun rusiyayönlü hökumətinin mövqeyini də çox qeyri-müəyyən sayan haylar bu məqamdan da bərk qıcıqlanıblar və müşahidə edilən ümidsizliyin bir səbəbi də bununla izah oluna bilər. Çünki indi ermənilər üçün arzuolunmaz istənilən hal ümidsizlik doğurmağa kifayət edir. Axı bu işğalçı ölkənin məhz işğalçılıq siyasətini dövlət siyasəti olaraq qəbul etməsi ilə, eləcə də regionda heç bir ölkə ilə münasibətlərinin normal, qənaətbəxş olmaması fonunda gələcəklə bağlı hansısa bir ümidi yarana bilməz. Haylar da bütün bu məqamları artıq görməyə bilmirlər və indi region ölkələrinin inkişafa, gələcək uğurlara fokuslanmasını müşahidə etdikcə özlərini, öz ölkələrini tamamilə ümidsiz vəziyyətdə görürlər. Artıq başa düşmək məcburiyyətindədirlər ki, hansısa quruma, yaxud, hansısa təşkilata üzv olmaq, yaxud da kimlərinsə “ətəyindən yapışmaq” heç bir perspektiv vəd etmir.

Aİİ-nin məhz Bakı və Moskvanın səmərəli qarşılıqlı fəaliyyət göstərə biləcəyi platformaya çevrilə biləcəyindən də haylar bərk qorxurlar. Qorxurlar ki, həmin bu qurumda da küncə qısılmış vəziyyətdə qalarlar. Onları qorxudan təkcə bu da deyil. Haylar gördükcə ki, Aİİ indi Azərbaycana daha böyük, özü də hansısa ölkə ilə müqaisəyə gəlməyəcək dərəcədə maraq göstərir, daha da qıcıqlanırlar. Elə hesab edirlər ki, həmin qurum onların heç zaman milli maraqlarına uyğun gələ bilməz. Azərbaycana olan maraq, ölkəmizlə münasibətlərə üstünlük verilməsi fonunda ermənilər milli maraqlarının təmin ediləcəyinə qətiyyən inanmırlar. Buna hədsiz dərəcədə şübhə ilə yanaşırlar. Hayların indi beynində bir sual yaranıb ki, görəsən, milli maraqlarına uyğun gəlməyən bir təşkilat onların nəyinə lazımdır? Maraqlıdır ki, ümumiyyətlə, haylar özlərinin, onların ölkələrinin kimə isə lazım olub-olmadığı barədə heç düşünüblərmi? Düşünüblərmi və dərk ediblərmi ki, bu vəziyyətdə, bu şəkildə siyasət aparmaqla, özləri heç kimə lazım ola bilməzlər? Rəsmi İrəvan fərqindədirmi ki, Ermənistan bir ölkə olaraq hansı quruma daxil olmasından və hansı qurumda təmsil olunmasından asılı olmayaraq, elə eynən indiki vəziyyətdə mövcudluğunu davam etdirməli olacaq? Bəlkə də Paşinyan hakimiyyəti özünü görməməzliyə, bilməməzliyə vurur, amma haylar bunu get-gedə anlamalı olurlar və məhz buna görə də özlərini ümidsizlik girdabında hiss edirlər...

Fəlakətlərin, problemlərin, ümidsizliklərin kökündə dayanan səbəblər...

Bir çox erməni siyasətçilər, politoloqlar açıq şəkildə etiraf edirlər ki, onların fəlakətlərinin, problemlərinin, ümidsizliklərinin kökündə strateji primitivlikləri dayanır. Şəxsən bu barədə “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan açıq şəkildə qeyd edib. O, erməni baş nazir Nikol Paşinyanı da ələ salaraq qeyd edib ki, velosiped sürməklə, xaşlama bişirməklə, poeziya festivalı keçirməklə ölkəsinin hakimiyyəti heç nəyə nail ola bilməyəcək. Xüsusən də Ermənistanı mənasız ölkə adlandırması diqqəti cəlb edir. Əslində, Ovannisyanın məhz öz ölkəsini Cənubi Qafqazın mənasız və ümidsiz ölkəsi adlandırması ən doğru ifadə olaraq qəbul edilməlidir. Özü də birbaşa hayların özləri tərəfindən qəbul edilməlidir, çünki ən böyük həqiqət elə budur. Gərək haylar özləri indiyə qədər etiraf etməli idilər ki, onların ölkə hesab etdikləri və heç də suveren, heç də müstəqil olmayan, xüsusən hansısa ölkənin, hansısa qüvvələrin “əlaltısı” kimi mövcud olan Ermənistanın regionda, Cənubi Qafqazda həqiqətən də mənasız bir dövlət olduğunu hamının qəbul etməsinə öyrəşiblər və ümidsizliyə də alışqandırlar.

“Azərbaycan BRİCS-ə qoşulmaq ərəfəsində olduğu halda, biz şeirlər oxuyuruq, yaxud da oxucunu ələ salırıq”, deyən Ovannisyan bununla ölkəsini də, Ermənistan cəmiyyətini də aydın şəkildə təsvir edib. Bəli, hələ də bütün “dünyanın qulağına” nə isə pıçıldamaq həvəsində olan və hələ də işğaldan azad etdiyimiz torpaqlarla bağlı “nəyə isə” axmaqcasına inanmaq arzusunda olanlar çox gülünc bir “mənzərəni” formalaşdırmış olublar. Hələ də xəyallar aləmində olan revanşistlər başa düşə bilmirlər ki, bu uydurma, mənasız, əsassız və fəlakət vəd edən xəyallarla uçuruma doğru addımlayırlar. Dərk edə bilmirlər ki, erməni cəmiyyəti elə məhz bu uçurumun astanasında olduğunu hiss etdiyi üçün çaşqın vəziyyətdədir. Məhz buna görə böhran yaşandığı da təkzibedilməzdir. Doğrudan da ermənilər bax elə bu səbəbdən özlərini ümidsizlik girdabında görürlər. Əgər belə davam edəcəksə, bundan sonra da elə ümidsizlik girdabında görməli olacaqlar...

Müəllif: İnam Hacıyev
Избранный
33
sia.az

1Источники