RU

Azərbaycanın bu rayonunda aeroport tikilməsi təklif edildi - Ekspert: "O istiqamətə turistlərin böyük marağı var"

"Bu gün aviakompaniyaların istiqamət xətti həm ölkəyə gələn turistə, həm də ölkədən gedən turistə xidmət göstərməlidir. Bu, xalqlar arasında inteqrasiyanı stimullaşdırır, daha da genişləndirir və Azərbaycana turist axınını mütəmadiləşdirir. Eyni zamanda ölkələr arasında iqtisadi əlaqəni daha da möhkəmləndirir".

Bu sözləri turizm eksperti Rəhman Quliyev Redaktor.az-a açıqlamasında bildirdi.

O, Azərbaycandan birbaşa hansı ölkələrə aviarelslərə ehtiyac olduğu barədə danışdı:

"Belə ki, hazırda Azərbaycan Hava Yollarının birbaşa istiqaməti üzrə Avropa ölkələrindən Çexiya, İtaliya, Almaniya, Avstriya, Fransa və digər ölkələrə, Türkiyənin İstanbul, İzmir, Ankara, Trabzon, yay mövsümü dövründə Bodrum və Antalya şəhərlərinə mütəmadi uçuşlar həyata keçirilir. Eyni zamanda Orta Asiya ölkələri istiqamətində Özbəkistanın paytaxtı Daşkəndə, Rusiyanın Moskva şəhərinin Vnukovo və Domodedovo aeroportlarına, Sankt-Peterburqa, Kazana, Mineralnıye Vodı və Ufaya birbaşa aviareyslər təşkil olunur. Bu, hədəfli uçuş xəttidir. Çünki Rusiyada yaşayan həmvətənlərimizin rahat şəkildə gedib-gəlmələrini təmin edir, eyni zamanda turistlər üçün də münbit şərait yaradır".

Ekspertin sözlərinə görə, artıq Bakıdan deyil, daha çox Qarabağdan uçuşlara maraq göstərilməlidir:

"Füzuli Beynəlxalq Hava limanından, Zəngilan Beynəlxalq Hava Limanından və yaxınlarda istifadəyə veriləcək Xocalı aeroportundan birbaşa xarici ölkələrə aviareyslərin təşkil olunması həm regionda böyük iqtisadi dividendlər verəcək, həm də bu bizim ən böyük siyasi uğurumuz olacaq. Əslində, biz buna turizm gözüylə baxsaq, regiona böyük sayda turist axını da olacaq və həmin bölgədə yaşayan vətəndaşlar da rahat şəkildə Azərbaycan hüdudlarından kənara gedib gələcəklər. Hesab edirəm ki, gələcəkdə də istər Şərqi Zəngəzur, istər Qarabağ iqtisadi rayonunda tikilib istifadəyə verilən hava limanları və digər şəhərlərimizdə olan, Zaqatala Beynəlxalq Hava limanı, Qəbələ hava limanı ilə müntəzəm uçuşlar həyata keçirilsə, daha yaxşı olar. Həmçinin daha öncə, SSRİ zamanı Qubada da kiçik bir aeroport var idi və həmin aeroportun da yenidən orada tikilib istifadəyə verilməsini, bu istiqamətdə uçuşların bərpa olunmasını mən zəruri hesab edirəm. Çünki şimal bölgəmizdə hava limanı yoxdur, ancaq o istiqamətə turistlərin böyük marağı var. Şahdağ istiqamətinə, Quba istiqamətinə turistlərin dayanıqlı gediş-gəlişinin mütəmadiləşdirilməsi üçün bu vasitələrdən istifadə etməliyik".

R.Quliyev qeyd etdi ki, bəzi ölkələrə birbaşa aviareyslərin açılması zəruridir, bu, əlbəttə ki, mövsümlə əlaqədar ola bilər:

"Məsələn, Avropa ölkələrindən, Romadan birbaşa Bakıya gediş-dönüş olmalıdır. Çünki Romanın əhalisinin sayı, turist potensialı daha güclüdür. Yəni oradan Azərbaycana gələn turist sayı daha çox ola bilər. Eyni zamanda Azərbaycan hüdudlarından kənara gedən həm tələbələr, həm iş adamları, həm səyahətçilər bu istiqamətdən yararlana bilərlər. Bu da Azərbaycan Hava Yollarına maliyyə cəhətdən dəstək olar. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə birbaşa uçuşların həyata keçirilməsini zəruri hesab edirəm. Çünki zamanında pandemiyadan öncəki tarixlərdə Azərbaycan Hava Yolları birbaşa Nyu-Yorka uçuşlar həyata keçirirdi və adətən təyyarənin doluluq səviyyəsi 80 faizin üzərinə olurdu".

Sevinc İBRAHİMZADƏ

Избранный
73
redaktor.az

1Источники