RU

16 noyabr-Beynəlxalq Tolerantlıq Günüdür

Heydər Əliyev irsində islami dəyərlər və tolerantlıq Hər bir xalqın azadlıq yolunu istiqamətləndirən və bu yol uğrunda mübarizə aparan dahi şəxsiyyətləri olmuşdur. Həmin şəxslər öz iradələri ilə bir xalqın müstəqilliyində, tərəqqisində böyük rol oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə şəxsiyyətlərdən biri olmuşdur.

“Heydər Əliyev irsində islami dəyərlər və tolerantlıq” mövzusu təsadüfi götürülmüş bir mövzu deyil. Cəmiyyətin milli-mənəvi dəyərlərinin, əxlaqi keyfiyyətlərinin möhkəmləndirilməsi, adət-ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində möhtərəm Prezidentimizin gördüyü işlərə nəzər salınması və bunları xalqa düzgün çatdırılması zərurətindən meydana gələn bir mövzudur.

Bu mövzuya dönə-dönə toxunulmuş və Heydər Əliyevin dinə, tolerantlığa aid fikirlərini əhatə edən kitablar nəşr etdirilmiş, onun dinimizə və müxtəlif millətlərin dininə münasibəti dəqiqliyi ilə izah edilmişdir. Bu kitablardan ən məşhuru “Heydər Əliyev, din və mənəvi dəyərlər”də (Bakı-1998) Ulu öndərin müxtəlif elmi konfranslarda dinə münasibətindən bəhs edilir. Heydər Əliyevin islamı dəyərlərlə bağlı fikirləri əsasən “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” (Bakı-1999) kitabında toplanmışdır. Bu kitab Azərbaycan, ingilis və rus dillərində nəşr edilmişdir.

Yetmiş il Sovet İmperiyasının təsirindən çıxmış bir millətin yenidən düzgün dini şüurunu formalaşdırmaq üçün təbii ki, hər şeydən əvvəl onların dini şüurunda köklü dəyişikliklər yaratmaq, bir sıra qanuni dəyişikliklər də etmək lazım idi. Ulu öndərimiz də ilk olaraq məhz belə bir addım atmışdır. Bu məqsədlə “Dini etiqad azadlığı haqqında” onun sərəncamı ilə Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildi, belə ki, bəzi maddələr əlavə olundu, dinlə bağlı bəziləri isə ləğv edildi. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır desək, yanılmarıq. Ümummilli lider 1993-cü ildə hakimiyyətə gəldikdən sonra nəinki siyasi həyatda, həmçinin xalqımızın mənəvi və dini həyatında da öz müsbət təsirini göstərmişdir. Onun sayəsində dini problemlər aradan qaldırılmış və Azərbaycan islami dəyərli və tolerant bir dövlət olaraq inkişaf etməyə başlamışdır.

Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr çox qarışıq siyasi bir dövr idi. Hakimiyyətin ilk illərində Dağlıq Qarabağ, iqtisadiyyatın tənəzzülə uğraması məsələləri, müxtəlif dini təşkilatların dövlətə öz cərəyanları ilə təsir etmək istəyi və illərlə öz adətənənəsindən uzaq qalan çaşqın bir xalq vardı. Bununla belə, Ulu öndərimiz yüksək dövlətçilik təcrübəsi nəticəsində bu məsələlərin öhdəsindən məharətlə gəldi. Bu dövrdə Prezident məscidlərə gedir, Azərbaycanda olan dini məbədlərdə çıxış edir, həmçinin din xadimləri ilə görüşərək din və dövlət arasındakı əlaqələri bərpa edib möhkəmləndirməyə çalışırdı.

İslam və başqa dinlərin mədəniyyətinə aid ziyarətgahların, tarixi memarlıq abidələrinin bərpası kimi tədbirlər onun milli-mənəvi dəyərlərin qorunmasına verdiyi dəyərin bariz nümunəsidir. Bununla əlaqədar olaraq atılan ilk addım dini bayramların, həmçinin Qurban və Ramazan bayramlarının rəsmi şəkildə keçirilməsi idi. Heydər Əliyev bu bayramların hər bir müsəlman üçün mənəvi dəyər kəsb etdiyindən bəhs edirdi. 1994-cü il avqust ayının 26-da Təzəpir məscidində keçirilən Məhəmməd Peyğəmbərin mövludu mərasimində demişdir: “Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”. Təbii ki, bu vədlər yalnız sözlərdə qalmadı və tezliklə həyata keçirildi.

Sovet dövründə ölkədə məscid statuslu tikililərin sayı 17 idi. Müstəqillik dövründə, xüsusən də Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə əsaslı işlər sayəsində dini ibadət yerlərinin sayı artmışdır. Müsəlman təbəqə ilə yanaşı digər təbəqələrin də rahat şəkildə ibadəti üçün şərait yaradılmış, kilsələr, sinaqoqlar tikilmişdir. Bunu da qeyd etmək lazımdır ki, hal-hazırda ölkədə məscidlərin sayı 2258-ə çatmışdır.

Son zamanlarda dünyəvi dəyərlər dini dəyərlərlə qarışdırılır. Bəzi insanların fikrincə dünyəvi dəyərlər dini dəyərlərlə ziddiyyət təşkil edir. Bu da özlüyündə İslam dünyasında fikir ayrılığına səbəb olur. Heydər Əliyev bu iki anlayış arasındakı fərqin və heç də ziddiyyətlik təşkil etmədiyini sübut edən dahi şəxsiyyətdir. “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik” fikrini hakimiyyətin prinsiplərindən birinə çevirən Ümummilli lider bu fikri həm ölkə xarici, həm də ölkə daxili tədbirlərdə çıxışlarında dəfələrlə vurğulamışdır: “Bizim Konstitusiyamıza görə, ölkəmizdə dünyəvi dövlət qurulur. Din dövlətdən ayrıdır. Təbiidir ki, bütün dünyəvi ölkələrdə bu belədir. Bu, heç kəsdə təəccüb doğurmasın. Bu, bizim dinə münasibətdə başqa bir mövqe tutmağımızı göstərmir”.

İndi isə İslam insanları geriyə çəkmir, daha da irəli aparır-deyən Öndərimizin bir çox konfranslarda dövlət və din arasındakı əlaqəyə aid çıxışlarına nəzər salaq. Bu çıxışlarda o məlum siyasətin önəmindən və dövlətə təsirindən bəhs etmişdir.

Dini dəyərlərə önəm verən Heydər Əliyev 1994-cü ilin iyul ayında Ümrə səfəri zamanı müsəlman dünyası, dövlət başçıları və siyasi xadimlər qarşısında çıxış edərkən demişdir: “Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa dəvət edən tələblərdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.

Həmçinin Ulu öndərimizin digər çıxışlarını da sizə təqdim etməkdən qürur duyaram:

“Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır”.

(Heydər Əliyev, 5 sentyabr 1993-cü il, Təzəpir məscidindəki çıxışından).

“İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan mənəvi dəyərlərdir. Bu dəyərləri yaşatmaq, insanları bu uca, ülvi, yüksək mənəvi dəyərlər səviyyəsində tərbiyə etmək Allahın buyruğudur, Məhəmməd peyğəmbərin qoyduğu yoldur. Mən böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola bilməmişdir”.

(Heydər Əliyevin Bibiheybət məscidinin açılışındakı nitqindən)

“Qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il də hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıq faktdır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik olduğunu sübut edir”.

(Heydər Əliyev, 1998-ci ildə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” beynəlxalq konfransdakı çıxışından)

“İslam insanları geriyə çəkmir, əksinə, irəliyə doğru - inkişaf və yüksəlişə aparır. QuraniKərimdə də təkidlə vurğulanır ki, bu din insanları doğru yola yönəldən bir nurdur. İslam insanları daha da savadlanmağa, mədəniyyətə qovuşmağa, müasir həyatın bütün vasitələrindən öz həyatını, öz millətinin həyatını, xalqının həyatını daha da yaxşılaşdırmaq üçün, maddi və mənəvi vəziyyətini yüksəltmək üçün daha da səmərəli bəhrələnməyə yönəldir”.

(Heydər Əliyev, “Müasirlik və milli mənəvi dəyərlər” beynəlxalq konfransdakı çıxışından)
Bu çıxışlara nəzər salsaq Heydər Əliyevin nə qədər tolerant bir dövlət rəhbəri olduğunu görərik. Bunu o, hər bir əməlində sübut edirdi. Buna misal Azərbaycanda olan etnik azlıqlardır və onların dininə, adət-ənənəsinə heç bir məhdudiyyət qoyulmadan yaşadığını müşahidə edirik. Azərbaycanda tolerantlıq mühitinin dövlət və dinə uyğun istiqamətləndirilməsi Heydər Əliyev siyasətinin əsasını təşkil edirdi.

Azərbaycan dünya üçün millətlərin birgəyaşayış modelidir. Dini tolerantlıq və müxtəlif dinlərin nümayəndələri arasında dinc yanaşı yaşama haqqında düşünəndə ağlımıza adətən Kanada, Avstraliya və ya İsveç kimi zəngin və firavan ölkələr gəlir.

Ancaq reallıq bir qədər fərqlidir. Bu mövzuda aparılmış son tədqiqatlar və müxtəlif beynəlxalq sənədlər sübüt etmişdir ki, daha kiçik və gənc xalq olan Azərbaycan dini dözümlülük səviyyəsinə görə adı çəkilən ölkələri keçmişdir. Şərq və Qərb ölkələrinin bəzilərinin fikrincə, Azərbaycan dünyanın din baxımından ən tolerant beş ölkəsindən biridir. Azərbaycanın tolerant dövlət kimi formalaşması fərqli xalqların mədəniyyətlərinə dəyər verməsidir və bu sahədə aparılan uğurlu siyasət dünya dövlətləri tərəfindən təsdiqlənmişdir. Bu baxımdan digər dövlətlərdə baş verən dözümsüzlük (irqçilik, islamofobiya və s.) hallarına Azərbaycan modeli nümunə kimi göstərilə bilər.

Məhz Ümummilli lider Heydər Əliyevin tövsiyələri sayəsində bu gün Azərbaycanda müxtəlif etnik qruplara mənsub şəxslər rahat şəkildə yaşayır və çalışırlar. Ulu öndərimizin iradəsi və tətbiq etdiyi siyasət nəticəsində dövlət ideologiyası səviyyəsinə yüksələn azərbaycançılıq prinsiplərinin reallaşdırılması tarixən sahib olduğumuz tolerant və multikultural ənənələri hüquqi və siyasi səviyyədə bərpa edib. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında Azərbaycan dövlətinin siyasətini səciyyələndirərək, bu siyasətin prioritetlərini qeyd etdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənliyi ilə fəxr etməli, biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mədəni dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik”.

Azərbaycançılıq xalqımızın çoxlu çətinliklər və məhrumiyyətlər bahasına qazandığı tarixi irsdir. Bu, ilk növbədə, ümumi və bölünməz Azərbaycanın qorunub saxlanmasının və möhkəmlənməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın harmoniyasının, konvensiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnoslar arasında çoxəsrlik qardaşlıq və qarşılıqlı fəaliyyət ənənələrinin, onların ümumi taleyi və bütövlüyü uğrunda birgə mübarizənin, gələcək inkişafın ümumi tarixi təcrübəsi və müstəqil Azərbaycanın rifahıdır.

Azərbaycançılığın mahiyyəti müxtəlif xalqların və dinlərin mədəniyyət və adət-ənənələrinin üzvi vəhdətindən ibarətdir. Bu dəyərləri özündə cəmləşdirən dil, ərazi, milliyyət, adət-ənənələr, ideoloji birlik azərbaycançılıq ideologiyasını sərhədsiz sferaya çevirir. Azərbaycançılıq ideologiyasının daşıyıcıları təkcə Azərbaycandan kənarda yaşayan soydaşlarımız deyil, həm də milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini, hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər kəsdir. Azərbaycançılıq özündə “millət”, “vətənpərvərlik”, “sədaqət” kimi keyfiyyətləri, o cümlədən vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətini özündə birləşdirir.

Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə də konkret məqsədlər güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına, güclü dövlətin yaradılmasına xidmət edir. XX əsrin sonlarında sosialist düşüncənin süqutu ictimai qlobal və siyasi həyatda böyük dəyişikliklərə səbəb oldu. Siyasi, iqtisadi, ekoloji problemlərlə yanaşı dini və etnik problemlər nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Belə bir şəraitdə, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yaşamasının unikal nümunəsidir. Bu adətin kökləri ta qədim zamanlara gedib çıxır. Bunun haqqında da qısa məlumat versək, məncə, yaxşı olar. Belə ki, yəhudilərin Azərbaycana gəlişinə nəzər salsaq görərik ki, ilk dəfə Babil hökmdarı II Novuxodonosurun Yerusəlimi zəbt etməsi nəticəsində işğal edilmiş İudeya çarlığından qaçan yəhudilər Azərbaycanda məskən salmışlar. Mənbələrə əsasən demək olar ki, İudeya ərazisindən gələn yəhudilərin sayı 40 minə çatır. Xristianların ilk köçləri isə eramızın I əsrinə təsadüf edir. Bu xristianlar sonradan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişindən sonra isə bu dözümlülük ideyaları daha da yaxşılaşmışdır. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir.

Azərbaycanda etnik qruplar arasında bu qədər səmimi ab-havanın olmasının səbəbi məhz qədimi yanaşmalardan gəlir. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmışdır. Ölkədə yalnız müsəlmanlara qarşı deyil, digər dinlərin nümayəndələrinə qarşı da eyni yanaşma tərzi var idi.

1998-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Həmin dövr Azərbaycanda səfərdə olan Rusiya Patriarxı II Aleksiy 27 may 2001-ci ildə bu kilsəni müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış zamanı Heydər Əliyev, hökumət, dini və səfirlik nümayəndələri iştirak etmişlər. Bundan əlavə, 1999-2001-ci illərdə paytaxtda yerləşən Pravoslav Məbədi Müqəddəs Məryəmin Miladi kilsəsi bərpa edilmişdir.

Ölkənin 33.436 kvadrat-mil (86.600 kv.km) sahəsi və 10 milyon əhalisi var. Konkret dini qruplara üzvlüklə bağlı etibarlı statistika yox idi. Lakin rəsmi rəqəmlərə görə əhalinin təxminən 96 faizi müsəlmandır. Əhalinin qalan hissəsi əsasən rus pravoslavları, erməni apostol, yəhudilər və dinsizlərdən ibarətdir.

Müsəlmanların əksəriyyəti arasında dini ayinlər nisbətən aşağıdır və müsəlman kimliyi dindən daha çox mədəniyyət və etnik mənsubiyyətə əsaslanmağa meyillidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatına görə, müsəlman əhalisinin təqribən 65 faizi şiə və 35 faizi sünnidir, ənənəvi olaraq, fərqlər kəskin şəkildə müəyyən edilmir. 2016-cı il hesabatında ABŞ Dövlət Departamenti 2011-ci il üçün bu rəqəmin 65 faiz şiə və 35 faiz sünni olduğunu bildirir.

Xristianların əksəriyyəti rus pravoslavlarıdır. ABŞ Dövlət Departamentinin hesabatına görə, onlar müsəlmanlar kimi, din qədər mədəniyyət və etnik mənsubiyyətə də əsaslanmağa meyillidir. Xristianlar ölkənin paytaxtı Bakının və üçüncü böyük şəhəri Sumqayıtın şəhər yerlərində cəmləşmişlər. Ölkəmizdə hazırda 16 kilsə mövcuddur.

Təxminən 15 minlik ümumi bir yəhudi əhalisinin, əksəriyyəti Bakıda yaşayır. Qubada qırmızı qəsəbə adlı kənd və bələdiyyədə və başqa yerlərdə daha kiçik icmalar mövcuddur. Ölkədə altı ravvin,yeddi sinaqoq və səkkiz yəhudi icması fəaliyyət göstərir.

Şiə, sünni, rus pravoslav və yəhudilər ölkənin “ənənəvi” dini qrupları hesab olunur. Lüteranların, Roma Katoliklərinin, Baptistlərin, Molokanların (Köhnə Möminlərin), Yeddinci Gün Adventistlərinin və Bəhai Dininin davamçılarının kiçik icmaları 100 ildən artıqdır ki, mövcuddur.

Son onillikdə xarici və ya "qeyri-ənənəvi" hesab edilən bir sıra dini qruplar, o cümlədən vəhhabi və sələfi müsəlmanlar, Pentekostal və yevangelist xristianlar, Yehova Şahidləri və Hare krişnalarda bura daxil olmuşlar.

Bakıda xaricdən gələn xeyli xristian və müsəlman icmaları var idi. Hakimiyyətlər ümumiyyətlə bu qruplara sərbəst ibadət etməyə icazə verirdilər.

Azərbaycan hökuməti dinlərarası tədbirlər təşkil etməklə, bu məsələ ilə bağlı seminarlara maliyyə dəstəyi göstərməklə dini tolerantlığı təşviq edir. Dini dözümlülüyü stimullaşdırmaq və dini radikalizmlə mübarizə məqsədilə hökumət tərəfindən bir sıra regional konfranslar təşkil edilmişdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.

Xristianlarla yanaşı yəhudilərə də Azərbaycanda xüsusi qayğı göstərilməkdədir. 2001-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilmişdir. 2000-ci ildə isə yəhudi dini icmasının sədri Semyon İxiilov “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Azərbaycanda Sovet hakimiyyəti qurulmasına qədər 11 sinaqoq var idi. Sovet hakimiyyəti dövründə bunlardan birinin fəaliyyətinə icazə verilmişdir. 2001-ci ildə isə Azərbaycanın nümayəndə heyəti və digər ölkələrin nümayəndələri ilə bərabər ikimərtəbəli, altıgünbəzli sinaqoqun bərpasına həsr olunmuş tədbir keçirildi. Ölkəmizdəki dağ yəhudilərinin tarixindən danışarkən Quba rayonundakı Qırmızı Qəsəbəni qeyd etmək lazımdır. Çünki bu qəsəbə postsovet məkanında dağ yəhudilərinin sıx məskunlaşdığı yer hesab olunur. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbənin əsası XVIII əsrdə Quba xanlığı dövründə qoyulmuşdur. Əvvəllər “yəhudi qəsəbəsi” adlandırılan məkan bir vaxtlar, hətta “Qafqazın Qüdsü” kimi də məşhur idi.

Digər multikultural dövlətlərdən fərqli olaraq Azərbaycanda antisemitizmə yer verilməyib. Antisemitizm milli dözümsüzlüyün bir formasıdır və yəhudilərə etnik və ya dini qrup kimi düşmən münasibəti ifadə edir. Azərbaycanda antisemitizm müşahidə olunmur. Əsrlər boyu Azərbaycan ərazisində yəhudilərin müxtəlif etnik və dil qrupları yaşamışdır: dağ yəhudiləri, aşkenazi yəhudiləri, krımçaklar, kürd yəhudiləri və gürcü yəhudiləri. 19-cu əsrdə Azərbaycanın yəhudi əhalisinin əksəriyyəti dağ yəhudiləri, 20-ci əsrdə isə aşkenazilər çoxluq təşkil edirdi.

Ölkənin yəhudi icmasının qədim ənənələrə malik olan mədəni irsinə Azərbaycan hökuməti də böyük diqqət yetirir. Azərbaycanda 1990-cı ildən Azərbaycan - İsrail əlaqələri təşkilatı və “Soxnut” cəmiyyəti fəaliyyət göstərir.

Müasir Azərbaycandakı yəhudilərin vəziyyətinə gəlincə, qeyd etmək lazımdır ki, onlar əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində, Quba və Oğuz rayonlarında yaşayırlar. Ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoqun tikintisi buna bariz nümunədir. 2010-cu ildə təməli qoyulan sinaqoq 2011-ci ilin aprelində dindarların istifadəsinə verilib. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti hər il Yəhudilərin Yeni ili, yəni Roş-Ha-Şana münasibətilə ölkəmizin yəhudi icmasını təbrik edir.

Heydər Əliyev Fondu və Ohr Avner Fondu “Azərbaycan: Tolerantlığın ünvanı” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün “Çabad Ohr Avner” Təhsil Mərkəzini inşa edib. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatdırılmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və Ohr Avner Fondunun prezidenti Lev Leviyev Təhsil Mərkəzinin təntənəli açılışında iştirak ediblər.

Bundan başqa, Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasında, eləcə də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin rus bölməsində yəhudi əsilli uşaqlardan ibarət siniflərdə ivrit dili tədris olunur.

Onu da qeyd edək ki, bu gün Azərbaycanda yəhudi icmaları - Azərbaycan-İsrail Dostluq Cəmiyyəti, “Soxnut” yəhudi agentliyi, Joint və Vaad-I-Hetzola əsas yəhudi xeyriyyə təşkilatları, Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyası, Yəhudi dini məktəbləri (yeşivalar), Azərbaycan-İsrail Mədəni Əlaqələr Cəmiyyəti, Eva qadın cəmiyyəti və ölkədə fəaliyyət göstərən digər yəhudi QHT-ləri mövcuddur.

Beləliklə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant bir mühitdə yaşayırlar ki, bu da təsadüfi deyil, çünki yəhudilər bütün tarixi dövrlərdə və hətta tüğyan edən dövrlərdə də ölkəmizdə özlərini böyük ailənin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Azərbaycan xalqı onlara yadplanetli kimi yanaşmamış, əksinə, yəhudi əsilli soydaşlarımız dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Azərbaycanda formalaşmış tarixi tolerantlıq və səbr Azərbaycan cəmiyyətinə xas olan xüsusiyyətlərdən birinə çevrilmişdir. Qeyd edək ki, milli hökumət dini icmaların rəhbərləri ilə daim görüşür, onların problem və ehtiyacları ilə maraqlanır. Prezident İlham Əliyev xristianların və yəhudilərin əsas dini bayramları münasibətilə həmişə təbrik nitqləri söyləyir.

Multikulturalizm müxtəlif mədəniyyətlərin vahid və ya üstün şəkildə deyil, bərabər hüquqlarla birlikdə birləşməsi kimi müəyyən edilə bilər. Bu baxımdan müxtəlif dinlərin, etnik qrupların, mədəniyyətlərin hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Bu hüquqlar Azərbaycanda daha üstündür və Konstitusiya ilə təmin edilir. Konstitusiyamızın müvafiq müddəalarına nəzər salsaq, Azərbaycanda hökumətin “fikirliliyin qorunması” siyasətini aydın şəkildə görə bilərik.

Ölkədə xalqımıza xas olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün güclü hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı birbaşa Konstitusiyada təsbit olunub və “Dini etiqad azadlığı haqqında” qanunda daha geniş əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər bir vətəndaşın vicdan azadlığı, dinə münasibətini sərbəst formalaşdırmaq, istənilən dinlə bağlı fikirlərini ifadə etmək və yaymaq, dini ayinləri yerinə yetirmək hüququ vardır. Bundan başqa, ölkədə dini tolerantlığın gücləndirilməsi məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Dövlət-din münasibətlərinin tənzimlənməsi, o cümlədən dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət məqsədi ilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 16 noyabr Azərbaycanda və bütün regionda Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 995 dini icma dövlət qeydiyyatına alınmışdır. Onlardan 957-sı İslam, 27-si Xristian, 8-i Yəhudi, 2-si Bəhai, 1-i Krişna şüuruna malik dini icmalardır.

Azərbaycan Respublikasının din sahəsində həyata keçirdiyi siyasət cəmiyyətdə dinin mövcudluğunun müxtəlif formaları nəzərə alınmaqla fikir, söz və vicdan azadlığı prinsipləri əsasında qurulur. Eyni zamanda, Azərbaycan dövlətinin din sahəsində siyasəti beynəlxalq hüququn prinsip və qaydalarına, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır, hərəkət edir. Azərbaycan hökuməti müxtəlif tərəflərin iştirakı ilə tolerantlığın, multikulturalizmin, konfessiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı üçün bir sıra tədbirlər həyata keçirir. Son on ildə Azərbaycan bu məsələlərə həsr olunmuş onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumun keçirildiyi ölkəyə çevrilmişdir. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez istifadə olunur: Mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və mədəniyyətlərarası dialoqun və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bundan başqa, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsinin yayılması və təbliği, bu dəyərlərin beynəlxalq aləmdə təbliği məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, YUNESKO, İSESKO və digər strukturlarla əməkdaşlıq edir.

Azərbaycanın dini sahədə dövlət siyasətinin beynəlxalq aləmdə tanıdılması və Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa dəstəklənməsi, eləcə də dinlərarası və mədəniyyətlərarası dialoqa dəstək, o cümlədən dinlərarası dialoq sahəsində təcrübəsinin yayılması baxımından mühüm tədbirlərdən biri 2010-cu il aprelin 26 - 27-də keçirilmiş dünya dini liderlərinin Bakı Sammiti olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə təşkil olunmuş bu Sammitin maliyyələşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürmüşdür. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav və Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriarxlığının və İslam dünyasının nüfuzlu din xadimləri iştirak ediblər.

Azərbaycanın təşkilatçılığı ilə və ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, şübhəsiz ki, bu sahədə ən mötəbər tədbirlərdən biri idi. Bakı indiyədək beş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib və hər dəfə uğurlu, layiqli nailiyyətlərlə yadda qalıb. Beynəlxalq aləmdə “Bakı Prosesi” kimi tanınan bu Forum mütəmadi olaraq həyata keçirilən mötəbər dünya aksiyalarından biri hesab olunur.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən biri də “Dövlət və Din: Dəyişən Dünyada Tolerantlığın Gücləndirilməsi” mövzusunda I Bakı Beynəlxalq Forumu olub. Tədbir iştirakçıları sözügedən sahədə ümumi prinsipləri özündə əks etdirən “Bakı Platforması” adlı sənəd qəbul ediblər. Dünyanın 30-dan çox ölkəsinin iştirakı ilə keçirilən Forum zamanı bu forumun mütəmadi olaraq keçirilməsi qərara alınıb. 1 dekabr 2016-cı ildə Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” adlı konfrans keçirilmişdir. Konfransda Ali Dini Şuranın üzvləri, dövlət və din xadimləri, Rus Pravoslav və Gürcü Pravoslav Kilsəsinin nümayəndələri, müxtəlif ölkələrin səfirləri iştirak ediblər. Konfransın məqsəd və vəzifələrindən aydın oldu ki, Azərbaycanın tolerantlıq modeli hazırda dünyanın 28 universitetində öyrənilir. Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir. Azərbaycan xalqının ənənəsində də tolerantlıq güclüdür. Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb.

2 oktyabr 2016-cı ildə Roma Papası Fransisk Azərbaycan Respublikasına səfər edib. Prezident İlham Əliyev Fransisklə görüşündə həmin ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. "Multikulturalizm bizim üçün həm həyat tərzidir, həm də hökumətimizin siyasətidir. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği baxımından həlledici rol oynayır. Təəssüflər olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər səsləndirirlər və multikulturalizmin iflasa uğradığını və gələcəyi olmadığını iddia edirlər. Bu fikirlər yanlış və çox təhlükəlidir. Lakin biz sübut etdik ki, multikulturalizm Azərbaycanda yaşayır və inkişaf edir və ölkəmizi irəli aparır. Azərbaycan multikulturalizmin ünvanlarından biridir. Biz fəxr edirik multikultural, çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayır”.

21-22 dekabr 2017-ci il tarixlərində Bakıda “İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “İslam Həmrəyliyi İli”-nə yekun vurulub. 40-a yaxın ölkədən dövlət, din xadimləri, elm xadimləri, 150-yə yaxın nümayəndə, səkkiz beynəlxalq təşkilatın rəhbərləri və nümayəndələri, bir sıra ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini icmaların rəhbərləri, hökumət və parlament üzvləri, diplomatik korpus konfransda iştirak edirdi.

Heydər Əliyev Fondu təbii və mənəvi dəyərlərin qorunmasında, tarixi və dini abidələrin bərpasında fəal iştirak edir. “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu ölkəmizdə çoxsaylı layihələr həyata keçirir. Müasir dünyada Heydər Əliyev Fondu təkcə Azərbaycanın deyil, həm də dünya mədəni irsinin qorunub saxlanmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa öz töhfəsini verir. Heydər Əliyev Fondu “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrini və kafedraların vitrajlarını bərpa edib. Bu, Azərbaycanın tolerantlığa və dünya mədəniyyətlərinin müxtəlifliyinə verdiyi töhfəni və Azərbaycanın güclü, qədim tolerantlıq köklərinə malik olduğunu göstərir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma şəhəri ətrafında 60 katakombanın bərpası ilə bağlı mühüm işlərə imza atıb. Müqəddəs Marchellino və Pietro katakombaları xristian dünyasının mühüm və füsunkar abidələrindən biridir və bu abidələrin bərpası dinlərarası və mədəni dialoqun daha bir parlaq nümunəsi kimi tarixə yazılıb. Heydər Əliyev Fondu belə mötəbər arxeoloji abidələrin bərpasında öz töhfəsi ilə tarixi missiyanı həyata keçirmişdir. Fransanın Orne Departamentinin Santya, Fresnay o Sovaj, San İler la Gerard, Tanvil, Kurjust, Revoyne və Mal qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına Heydər Əliyev Fondunun yardımı olmuşdur.

Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə dini abidələrin və məscidlərin bərpası layihəsi üzərində işləməyə başlayıb. Yerli və xarici mütəxəssislərin iştirakı ilə Qarabağ bölgəsində ziyarətgahlarımızın bərpası, konservasiyası, yenidən qurulması işləri aparılır. Bu dini abidələr və məscidlər Azərbaycan əhalisinin milli sərvətidir. Bütün dövr ərzində Azərbaycanda da indiki kimi müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar ictimai-siyasi quruluşundan asılı olmayaraq, bir ailə kimi sülh, əmin-amanlıq, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Müasir dünyamızda Azərbaycanın böyük sərvətlərindən biri də çoxkonfessiyalı və çoxmillətli ənənələrə sadiq qalmasıdır.

Sonda bildirmək istəyirəm ki, Azərbaycanda etnik qrupların bu qədər tolerant halda yaşamasının əsas səbəbi məncə azərbaycançılıqdır. Bu ideya sayəsində dünya bizi tanıyır və biz də öz növbəmizdə azərbaycançılığı mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) birləşdirən ideologiya kimi təbliğ edirik. Bu gün Azərbaycanın prioritet istiqamətlərindən biri milli adət və ənənələrimizin təmin olunması baxımından dünya birliyinə inteqrasiya etməkdir. Azərbaycanın eyni zamanda milli kimliyini qoruyaraq bu inteqrasiyada öz yerini tapması son dərəcə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusunda olub. Biz müxtəlif dövrlərdə müxtəlif dövlətlərin tərkibində olmuşuq, lakin öz milli xüsusiyyətlərimizi itirməmişik. Ana dilimizi saxlaya bildiyimiz üçün mədəniyyətimiz, ədəbiyyatımız inkişaf etdi, milli adət-ənənələrimiz qorunub saxlandı. Bunlar hər bir xalqın milli kimliyini müəyyən edən əsas məsələlərdir”.

Qloballaşma şəraitində azərbaycançılıq ideyası ümumbəşəri dəyərlərin qorunmasını vacib sayır və ölkənin milli modernləşməsinin yolunu bu dəyərlərin bərqərar olduğu Avropa məkanına inteqrasiyada görür. Azərbaycançılıq ideyası qloballaşmanın müasir sahəsi sayılır və bunun da əsasında Ulu öndərimiz dinimizə və başqa dinlərə, millətlərə verdiyi dəyərlə formalaşdıraraq təbii inkişafı sürətləndirb, insan hüquqları kimi ümumbəşəri dəyərləri qoruyub, Avropa məkanında beynəlxalq təhlükəsizliyi təmin edib, ölkələrin ərazi bütövlüyü prinsipini və digər mühüm dəyərləri nəzərdə tutmuşdur.

Ulu öndərin qoyduğu siyasi xətti indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Hər xalqın öz adət-ənənəsi, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi, dini dəyərlərimizlə, adət-ənənələrimizlə, tolerantlığımızla fəxr edirik.


Ayiq Səmədov




Xəbər 7 dəfə oxunub.
Избранный
80
xezernews.az

1Источники